Məhkəmə qərarları › İş №2(107)-204/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-204/2023

06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-204/2023 06.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyanın ödənilməsi tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cаvаbdеh Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-1532/2022 saylı, 1 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 63,40 manat dövlət rüsumunun iş üzrə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 05 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində özünə məxsus mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürdüyündən Şəki-Qax yolunun 18-ci km-liyindən keçən hissəsində hərəkətdə olan və X2 idarə etdiyi İddiaçı mülkiyyətində olan “X5” markalı, EM864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş, nəticədə avtomobilin sahibinə 4340 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim P.Hacıyev) xx xxxxxx 1962-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)- 30/2022 nömrəli qərarından iş üzrə Cavabdeh şikayət vermiş, lakin Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(107)-41/2022 iş nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, iş üzrə Cavabdeh mülkiyyətində olan “X5” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanı tələb etsə də sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Nəticədə İddiaçı, iş üzrə Cavabdeh qarşı mülkiyyətində olan “X5” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 1 noyabr 2022-ci il tarixli, 2(075)- 1532/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan “X5” markalı avtomobilə dəymiş 4340 (dörd min üç yüz qırx) manat məbləğində maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 63,40 (altmış üç manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh 5 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində özünə məxsus malqaranı Şəki-Qax yolunun 18-ci kilometrliyindən keçən hissəsində asfalt və sement-beton örtüklü yolla ötürdüyündən X2 idarə etdiyi, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş və nəticədə iddiaçıya 4430 manat məbləğində maddi zərər dəymişdir. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmiş və həmin qərar X3 15 fevral 2022ci il tarixli, 3(107)-41/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu həmin zərəri ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh 5 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində özünə məxsus malqaranı Şəki-Qax yolunun 18-ci kilometrliyindən keçən hissəsində asfalt və sement-beton örtüklü yolla ötürdüyündən X2 idarə etdiyi, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş və nəticədə iddiaçıya 4430 manat məbləğində maddi zərər dəymişdir. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmiş və həmin qərar X3 15 fevral 2022ci il tarixli, 3(107)-41/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu həmin zərəri ödəməkdən boyun qaçırmışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4340 manat məbləğində maddi ziyan alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 72, 60-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1532/2022 saylı, 1 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilmişdir. Həmin qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. Bildirmişdir ki, o, Şəki Rayon Məhkəməsinin 3(075)-30/2022 saylı, 24 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-30/2022 saylı, 24 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə tanış olduqda məhkəmənin hakiminin yalnız iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun özünü sübut növü kimi götürərək, onun təqsirli olduğunu, yəni Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməyi qənaətinə gəlmişdir. Əslində isə o heç bir xəta törətməmişdir. Belə bir hal baş verməmişdir. Heç bir təqsiri olmadığı halda inzibati qaydada tənbeh edilmişdir. Bir daha qeyd etmişdir ki, həmin hadisə üzrə müvafiq ekspertiza keçirilməmişdir. Həmin hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. Hesab etmişdir ki, hadisədə iştirak etmiş və İddiaçı mülkiyətində olan avtomobili idarə edən avtomobilin sürücüsü X2 hadisənin baş verməsinin qarşısının alınması üçün texniki imkanının olub-olmamasının, X2 hərəkətləri (hərəkətsizliyi) ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin mövcudluğunun araşdırılması məqsədi ilə hazırki iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir. Hadisədə iştirak etmiş avtomobilin sürücüsünün X2 əməlində inzibati xəta tərkibinin olması ehtimalı daha çox olmuşdur və o hazırki işin nəticəsi ilə bağlı mühüm əhəmiyyət kəsb etmişdir. Qeyd olunan halların araşdırılması üçün xüsusi bilik və bacarıq tələb olunduğuna görə həmin məsələlər (iş üzrə məhkəmədə müəyyən edilmiş hallar nəzərə alınmaqla) ekspertiza vasitəsilə müəyyən edilməlidir. İddiaçı iddia tələbi əsassız olmaqla yanaşı, o, iddia tələbini də şişirdilmiş şəkildə göstərmişdir. İddiaçı avtomobilinə qeyd edilən məbləğdə zərər dəyməmişdir. Bununla bağlı müvafiq fotoşəkillər olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyi özözülüyündə şübhəlidir və həmin rəyi mübahisələndirməyinə baxmayaraq məhkəmə onunla bağlı müvafiq qiymətləndirmə, ekspertiza təyin etməmişdir. Əslində, İddiaçı mülkiyyətində olan həmin avtomobillə həmin hadisəni törədilməsi nətəcəsində ona 4000 manat maddi ziyan dəymişdir. İddiaçı tərəfindən professional sürücü təyin etməməsi nəticəsində hüquqları kobud surətdə pozulmuş və ona maddi ziyan dəymişdir. İddiaçı idarə etməyə verdiyi avtomobili artıq bir təhlükə mənbəyinə çevrilmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha qeyd etmişdir ki, iş üzrə müvafiq ekspertizanın keçirilməsi ilə hadisədə İddiaçı mülkiyyətində olan avtomobili idarə edən sürücünün təqsirkar olduğu öz təsdiqini tapacaqdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2 (075)-1532/2022 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(075)-1532/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2 (075)-1532/2022 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(075)-1532/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(075)-1532/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 05 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində özünə məxsus mal-qaranı Şəki-Qax yolunun 18-ci kilometrliyindən keçən hissəsində asfalt və sement-beton örtüklü yolla ötürdüyündən X2 idarə etdiyi, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş və nəticədə iddiaçıya 4340 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Şikayətin dəlili ondan ibarətdir ki, hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur. Hesab edir ki, hadisədə iştirak etmiş və İddiaçı mülkiyətində olan avtomobili idarə edən avtomobilin sürücüsü X2 hadisənin baş verməsinin qarşısının alınması üçün texniki imkanının olub-olmamasının, X2 hərəkətləri (hərəkətsizliyi) ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin mövcudluğunun araşdırılması məqsədi ilə hazırki iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 22 sentyabr 2022ci il tarixli, uni/s 21-652/22 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği 4430 manat təşkil edir. Məhkəmə kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 12 may 2023-cü il tarixli 9/1412 saylı rəyinədə qeyd edilmişdir ki, "xxxx" konsulting tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli mütəxəssis rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X6” markalı, EM-864-İL dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4430,0 manat müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Cavabdeh özünü Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilməməsi barədə şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, apelyator həmin inzibati aktı mübahisələndirməmiş qüvvədədir. Ona görə də kollegiya hesab edir ki, təqsirli olmamasına dair şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(075)- 1532/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli, 2(075)-1532/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat pul Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar