Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2045/2021 12.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(039)-376/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2,676 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 10 avqust 2021-ci il tarixli, 2(039)- 376/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2,675.74 manat maddi ziyan, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,705 (iki min yeddi yüz beş) manat 74 (yetmiş dörd) qəpik İddiaçı MMC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiyaşikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 14.11.2018-ci il tarixli 506-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 22.07.2019-cu il tarixdə Oba Yevlax 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4,474 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1,798 manat güzəşt edilmiş, qalıq borc 2,676 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiyaşikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin qətnamə ilə razı deyil. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(039)-376/2021 saylı qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, o, 10 oktyabr 2018-ci il tarixdə "xxxx" MMC-nin Satış Departamentinin satış şöbəsinə işə qəbul edilmişdir. Mağazada işə qəbul edildikdən sonra öz vəzifələrini lazımınca yerinə yetirmiş və hər hansı nöqsana yol verməmişdir. O, işdən çıxarılarkən əsassız yoxlama aparılmış və aparılmış təhvil-təslim nəticələrinə dair "xxxx" MMC-yə 4,474 manat məbləğində zərər vurmağı barədə akt tərtib edilmiş və o imzalamaqdan imtina etmişdir. Məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən bütün bunlar nəzərə alınmamışdır. Ona görə də Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(039)-376/2021 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən də apellyasiya şikayəti ilə məhkəmə kollegiyasına müraciət etməli olmuşdur. Məhkəmə işə birtərəfli və əsassız baxaraq iddiaçı "xxxx" MMC-nin mənafeyini üstün tutmuşdur. Hesab edir ki, apellyasiya şikayəti qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(039)-376/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, işin faktiki hallarının daha dəqiq və ətraflı araşdırılaraq iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, oğlu həqiqətən də İddiaçı MMC-də işləmişdir. Bütün alış və satış əməliyyatlarını vaxtında sistemə yerləşdirmişdir. Birinci yoxlama zamanı iddiaçı tərəf oğlunun 5000 manat kəsirinin olduğunu bildirsə də, sonradan oğlu Tahir həmin çatışmazlığın 2500 manat hissəsinin yanlış olduğunu sübut etmiş, qalan 2500 manat kəsiri isə heç cür təsdiq edə bilməmişdir. Hesab edir ki, həmin 2500 manat da oğluna yanlış olaraq hesablanıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfin nümayəndəsi məhkəmənin iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(039)-376/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən; Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh 10 oktyabr 2018-ci il tarixdə “X7” MMC-nin Satış Departamentinin Satış 3 şöbəsinə işə qəbul edilmişdir. 10 oktyabr 2018-ci il tarixli X5 haqqında müqavilənin surətin ilə müəyyən olunur ki, Cavabdeh işə qəbul edilərkən X5 barədə xəbərdar olunmuş və məsuliyyəti üzərinə götürməyə razılı vermişdir. “X7” MMC-nin 10 oktyabr 2018-ci il tarixli 453-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh “X7” MMC-nin Satış Departamentinin Satış 3 şöbəsində 10 oktyabr 2018-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə baş-satıcı vəzifəsinə işə qəbul edilmişdir. “X7” MMC-nin 14 noyabr 2018-ci il tarixli 506-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 14 noyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. 22 iyul 2019-cu il, 26 avqust 2019-cu il tarixli aktlarda müəyyən olunur ki, Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələin (-4,873.29 manat) yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, “X7” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh ziyanın ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/3953 nömrəli rəyində qeyd edilir ki, “X7” MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 22 iyul 2019cu il tarixli Oba Yevlax 5 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmamazlığın 2,675.74 (4,471.74 – 1,798) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiyainstansiyası məhkəməsi hesab edir ki, apellyasiyaşikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh 10 oktyabr 2018-ci il tarixdən “X7” MMC-nin Satış Departamenti Satış 3 Şöbəsində ilk olaraq baş-satıcı, 14 noyabr 2018-ci il tairxdən isə administrator vəzifəsində işləmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları ilə tanış edilmiş və X5 haqqında müqavilə imzalamışdır. Cavabdeh orada işlədiyi zaman mağazaya gələn malları qəbul etmiş və həmin mallar üzərində sərəncam vermişdir. Cavabdehla əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə Cavabdeh tərəfindən vəzifə təlimatlarının düzgün icra edilməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulduğu aşkar edilmişdir. İddiaçı MMC Cavabdeh tərəfindən ümumilikdə 4,474 manat ziyan vurulduğunu bildirməklə, bundan 1,798 manat güzəşt edib cavabdehdən 2,676 manat tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməsə də, iddiaçının əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticələrinin, o cümlədən 22 iyul 2019-cu il tarixli Oba Yevlax 5 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh “X7” MMC-də satıcı vəzifəsinə təyin edilərək X5 barədə üzərinə öhdəlik götürmüşdür. Kollegiya qeyd edir ki, hazırki münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız əmək müqaviləsi, həmçinin “X5 haqqında” müqavilədən irəli gələn, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları müqavilə üzrə öhdəlik daşıdığı pulun qaytarılması tələbidir. Çünki tərəflər arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli X5 haqqında müqaviləyə əsasən Cavabdeh işə qəbul edilərkən X5 barədə xəbərdar olunmuş və məsuliyyəti üzərinə götürməyə razılıq vermişdir. Cavabdeh orada işlədiyi zaman mağazaya gələn malları qəbul etmiş və həmin mallar üzərində sərəncam vermişdir. Cavabdehla əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə Cavabdeh tərəfindən vəzifə təlimatlarının düzgün icra edilməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulduğu aşkar edilmişdir. Cavabdeh apellaysiya şikayətində mağazada işə qəbul edildikdən sonra öz vəzifələrini lazımınca yerinə yetirdiyini və hər hansı nöqsana yol vermədiyini, işdən çıxarılarkən əsassız yoxlama aparıldığını bildirsə də işdən azad edilərkən öz hesabını tam olaraq bağladığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün “X5” müqaviləsi adı altında müqavilə bağlamışlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etmişlər. Bu cür vəziyyətlərdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəfin məsuliyyətdən yayınması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən kifayət qədər inandırıcı və ağlabatan görünmür. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu səbəbdən də kollegiya qeyd edir ki, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir göründüyü kimi iddia tələbi beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(039)-376/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2045/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2045/2021
12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver