Məhkəmə qərarları › İş №2(107)-2048/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2048/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2048/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Abdurəhman oğlunun cavabdeh X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Abdurəhman oğlu Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus 3 (üç) baş iribuynuzlu heyvanın ölməsi nəticəsində dəymiş 3100 (üç min bir yüz) manat maddi zərər məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərərk, Cavabdeh 850 manat maddi zərər məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu - cəmi 880 (səkkiz yüz səksən) manat tutularaq İddiaçı Abdurəhman oğluna ödənilməsi, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli əlavə qətnaməsi ilə isə İddiaçı Abdurəhman oğlunun Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosesual hüquq normativlərinin tələbləri kobud şəkildə pozulmuş , işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş , işə birtərəfli qeyri obyektiv ona qarşı qərəzli baxılmış, maddi hüquq normaları səhv təsvir edilmiş nəticədə də əsassız qətnamə çıxarılmışdır . Bu səbəblərdən də şikayət edilən məhkəmə qətnaməsi ləğv edilməlidir. Belə ki , iddiaçı iddiasını belə asaslandırmışdır ki, nümayəndəsi olduğu Cavabdeh xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində idarə etdiyi “Oda-Furqin” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu Sarıca kəndinin ərazisindən asfalt örtüklü yol ilə yağış olmayan hava şəraitində yüksək sürətlə keçərkən ona məxsus üç baş iribuynuzlu inək malını vurub öldürmüşdür, ona cəmi 3100 (üç min bir yüz ) manat miqdarında maddi zərər dəymişdir. Həmin zərəri iddiaçı məhkəməyə müraciət etdikdən sonra “Oda Furqon” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası ”xxxx” ASC tərəfindən verilmiş , sığorta aktı ilə 3(üç) baş inəyin ölməsinə görə iddiaçının əmlakına dəymiş maddi zərər məbləğinin 2250( iki min iki yüz əlli ) manatdan ibarət hissəsi icbari sığortalar haqqında AR Qanununun 58.3.2-ci maddəsinə əsasən həmin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Bildirmək istəyir ki, iddiaçı məhkəmə prosesində düzgün ifadə verməmişdir . Belə ki, xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində cavabdeh tərəfindən idarə edilən “Oda -Furqon” markalı ** BX ***dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu Sarıca kəndinin ərazisində asfalt örtüklü yolla yağış olmayan hava şəraitində saatda 40-50 km hərəkətdə olarkən İddiaçı məxsus 3 (üç) baş inək qəflətən avtomobilin qarşısına çıxdığından avtomobili saxlamaq mümkün olmamış və nəticədə inəklər vurulmuşdur. İddiaçı məhkəmə iclasında düzgün izahat verməmiş və ona məxsus olan 3(üç) baş inəyin hansı vəziyyətdə vurulmasını məhkəməyə düzgün izah etməmişdir. Birincisi iddaçıya məxsus üç baş inək nə səbəbdən gecə saat 21-22 radələrində sahibsiz mal kimi sahələrdə və avtomobil yollarında gəzir. Hansı ki ,mövcud qanunvericiliyə görə mal-qaranın avtomobil yolları ilə hətta sahibi tərəfindən sürülüb aparılması qadağan edilmişdir. İkincisi, iddaçı niyə mal-qarasını vaxtında həyətinə gətirmir, gecikəndə niyə axtarmır . İşin mahiyyətindən məlum olur ki , cavabdeh 3 baş malın sahibidir. O, mallarını vaxtında evinə gətirsəydi bu hadisə də baş verməzdi. İşin hallarını araşdıranda məlum olur ki , cavabdeh X2 heç bir günahı yoxdur. O, idarə etdiyi avtomobili yol hərəkət qaydalarına uyğun şəkildə sürməyinə baxmayaraq inəklərin qəflətən qarşısına çıxması yol nəqliyyat hadisəsini qaçılmaz etmişdir. Qətiyyətlə bildirir ki, əsas təqsirkar şəxs 3 baş malın sahibi X1r. Məhkəmə müki işə baxarkən bu hallara düzgün qiymət verməmişdir. Digər tərəfdən cavabdeh Sərvan Əliyevin idarə etdiyi “Oda- Furqon”markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə küllü miqdarda ziyan dəymişdir. Dəfələrlə İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq o, avtomobilin təmiri üçün heç bir yardım etməmişdir. Əksinə 3 inəyin pulunu cavabdehdən tələb etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Onun qaldırdığı iddianı əsassız hesab edir. Göründüyü kimi məhkəmə tərəfindən işə səthi yanaşılmış bütün bu hallar araşdırılmamış, həqiqətin üzə çıxması üçün məhkəmə tərəfindən sorğu verilməmişdir. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)- 8/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/749 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Oda-Furqon” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəydə, həmçinin, qeyd edilmişdir ki, yol-nəqliyyat ekspertizası vasitəsilə avtomobilin hərəkət sürəti yalnız tormoz izinə görə müəyyən edilir. Lakin hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi qalmadığından “Oda- Furqon” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəlki hərəkət sürətini yol-nəqliyyat ekspertizası yolu ilə müəyyən etmək mümkün olmamışdır. Beynəlxalq normalara görə texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitəsinin yaxın fara işıqları ən azı 45-50 metr məsafədə, uzaq fara işıqları isə ən azı 90-100 metr məsafədə görünüşü təmin etməlidir. Lakin sutkanın qaranlıq vaxtı, dumanlı, olmayan hava şəraitində yaxın vuran və uzaq vuran işıqlardan istifadə zamanı avtomobilin görüntü məsafəsinin yuxarıda göstərilən məsafədən artıq olması mümkündür. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). -İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, Şəki rayonu Sarıca kəndində yaşayır. xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində mağazadan siqaret alıb çıxarkən yol ilə iribuynuzlu heyvanların keçdiklərini və həmin vaxt yoldan keçən “Oda-Furqon” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gələrək 3 (üç) baş iribuynuzlu inək malını vurduğunu görmüşdür. İnəklər elə hadisə yerində ölmüşlər. Hadisə zamanı avtomobilin sürəti, təxminən, 80-90 km/saat həddində olmuş, inəklər yola çıxan anda inəklərin olduğu yerlə avtomobilin arasındakı məsafə 55-60 metr olmuşdur. -İş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, cavabdeh onun oğludur. xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ona məlumat verilən kimi o, dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda polis əməkdaşlarının artıq həmin yerdə olduqlarını və müvafiq sənədləşmə işləri apardıqlarını görmüşdür. 3 (üç) baş iribuynuzlu heyvanın cəsədi asfaltın üzərində olmuş, oğlu Sarvanın avtomobili də əzilərək yararsız vəziyyətə düşmüşdür. O, hadisə yerinə qəssab çağırmış və 3 (üç) baş heyvanı cəmi 130 (bir yüz otuz) manata qəssaba satmışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, xx xxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hazırki iş üzrə cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinin DYP Bölməsinə göndərilmişdir. Həmin qərarda 3 (üç) baş inəyin dəyərinin “xxxx” ASC tərəfindən cəmi 3100 (üç min bir yüz) manat miqdarında qiymətləndirildiyi qeyd edilmişdir. xx xxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Cavabdeh iddiaçıya dəymiş maddi zərəri ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı məhkəməyə müraciət edəndən sonra “Oda-Furqon” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı “xxxx” ASC tərəfindən verilmiş sığorta aktı ilə 3 (üç) baş inəyin ölməsinə görə iddiaçının əmlakına dəymiş maddi zərər məbləğinin 2250 (iki min iki yüz əlli) manatdan ibarət hissəsi “İcbari sığortalar haqqında” AR Qanununun 58.3.2-ci maddəsinə əsasən həmin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq edərək müəyyən etmişdir ki, iddiaçıya məxsus 3 (üç) baş inək yaşayış məntəqələrinin yerləşdiyi, avtomobillər üçün maksimum icazə verilən hərəkət sürəti 60 km/saat olan ərazidə yolu keçərkən cavabdehin idarə etdiyi avtomobillə vurulmuşdur. Hətta 3 (üç) baş inək yolda nəzarətsiz qalmış olsaydı belə, cavabdeh avtomobili idarə edərkən inəklər onun qarşısına qəfildən çıxdığı halda da, avtomobilin sürəti, onun özünün iddia etdiyi kimi 50 km/saat olsaydı, o, avtomobili saxlamaq imkanına malik olaraq hadisənin qarşısını ala bilərdi. Ekspert rəyində də qeyd edildiyi kimi, cavabdehin hadisənin qarşısını almaq üçün texniki imkanı da olmuş, lakin o, hadisənin qarşısını almaq üçün zəruri tədbirlər görməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi hava şəraitində, yəni sutkanın qaranlıq vaxtı, lakin dumanlı, yağışlı olmayan hava şəraitində cavabdehin avtomobilin yaxın fara işıqlarla ən azı 45-50 metr məsafədə, uzaq fara işıqlarla isə ən azı 90-100 metr məsafədə qarşı tərəfi görmək imkanı olmuşdur. Belə olan halda, cavabdeh baş verə biləcək istənilən hadisənin qarşısını almaq üçün avtomobili saxlamalı, maneədən yayınmaq üçün digər bütün zəruri tədbirlər görməli idi. Cavabdeh isə bunların heç birinə riayət etməyərək yolnəqliyyat hadisəsinin baş vermə təhlükəsi real olduğu halda, səhlənkarcasına özünə güvənərək yol-nəqliyyat hadisəsinin baş verməsinə bilavasitə şərait yaratmış və səbəb olmuş, bununla da 3 (üç) baş inəyin ölməsi nəticəsində cavabdehlərə maddi zərər dəymişdir. Belə olan halda,cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qənaətini formalaşdıran halları təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim etmədiyindən, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-8/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar