Məhkəmə qərarları › İş №2(107)-205/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-205/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-205/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ** EN *** nömrəli “VAZ 2108 minik” markalı avtomobil və ** KS *** nömrəli “Mercedes Benz E2500 minik” markalı avtomobil 2021-ci ildə Cavabdeh1 adına reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunan avtomobillərin nisyə alğı-satqısı barədə iddiaçı ilə Cavabdeh1 arasında şifahi razılıq əldə olunmuş və avtomobillər 2021-ci ildə iddiaçının sahibliyinə verilmişdir. ** EN *** nömrəli “VAZ 2108 minik” markalı avtomobilə görə iddiaçı Cavabdeh1 2.720 manat, ** KS *** nömrəli “Mercedes Benz E2500 minik” markalı avtomobilə görə 5.550 manat olmaqla, cəmi 8.270 manat pul ödəmişdir. İddiaçı razılaşmaya uyğun olaraq avtomobillərin dəyərini tam ödəmədiyinə görə Cavabdeh1 avtomobillərini iddiaçının sahibliyindən geri almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 Nadir oğlu, Cavabdeh1 və Cavabdeh2 11.670 manatın və 127 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh3 Nadir oğlunun vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşdur. İstifadə etməsi üçün pulunu hissə-hissə ödəməklə Cavabdeh3 müxtəlif vaxtlarda iki avtomobil almışdır. Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən öhdəliklərini vaxtında icra edə bilməmişdir. Buna görə də cavabdehlər tərəfindən avtomobil əlindən geri alınmışdır. Halbuki o, həmin avtomobillərlə bağlı ümumilikdə cavabdehlərə 11.670 manat pul ödəmişdir. Avtomobillər ondan geri alınsa da, onun ödədiyi 11.670 manat pul ona geri qaytarılmamışdır. O, bununla bağlı Şəki rayon Polis Şöbəsinə müraciət etmiş, lakin tələbinin mülki xarakterli olması əsası ilə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər onun hesabına əsassız varlanmışlar və göstərilən məbləği könüllü olaraq ona qaytarmaq istəmirlər. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)- 1390/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğlundan və Cavabdeh2 8.270 manat məbləğində pul və dövlət rüsumunun 90 manatının alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alğı-satqı müqavilsindən irəli gələn münasibətlər olmuşdur. İddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 8.270 manat məbləğində pul onlar arasında bağlanmış şifahi razılıq əsasında məhz iddiaçıya verilmiş nəqliyyat vasitələri üçün ödənilmiş məbləğdir. 8.270 manat vəsaitin iddiaçı tərəfindən cavabdehlərə ödənilməsi məhkəmə araşdırması, tərəflərin izahatları və ən əsası cavadehlərin etirafı ilə tam sübuta yetirilmişdir. Nəqliyyat vasitələri cavabdehlər tərəfindən iddiaçıdan hər hansı səbəbdən geri alınmışdırsa, həmin nəqliyyat vasitələri üçün iddiaçı tərəfindən cavabdehlərə ödənilən məbləğlər də geri qaytarılmalıdır. Belə ki, cavabdehlər avtomobilləri iddiaçıdan aldıqları üçün iddiaçının həmin avtomobillərə görə onlara ödədiyi pulların qaytarılmaması cavabdehlərin iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçı həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin qalan 2.880 manat hissəsinə münasibətdə iddiaçının qeyd etdikləri ilə razılaşmır. Belə ki, iddiaçı nəqliyyat vasitələrinin təmirinə müəyyən məbləğdə xərc çəkdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi flaşkartda avtomobillərin fotoşəkilləri olsa da, təmir olunması, təmirə çəkilən xərclərin məbləğləri ilə bağlı əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iddiaçının cavabdehlərə ödədiyi 400 manat aldığı borc müqabilində olmuş, digər 400 manat isə onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı ödənilən cərimənin məbləği olmuşdur. Ona görə də, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu birlikdə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə tərəflərin arasındakı münasibətlərə nisyə alğı-satqı normalarını tətbiq etməkdə səhvə yol vermiş və nəticədə iş üzrə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatlarından da aydın olur ki, onların arasında avtomobillərin nisyə alğı-satqısı deyil, lizinq şərtləri ilə alğı-satqı olmuşdur. Yəni avtomobilin qabaqcadan alıcıya verilməsi, alıcının dəyəri aylarla, hissə-hissə ödəməsi və tam ödənildikdən sonra avtomobilə olan mülkiyyət hüququnun əldə etməsi nəzərdə tutulmuşdur. Nisyə alğı-satqıda isə satıcı avtomobili qabaqcadan alıcıya verməmək hüququ da var ki, bu da işin sözü gedən hallarına uyğun deyil. İşin hallarından da görünür ki, cavabdeh avtomobiləri qabaqcadan iddiaçıya məhz lizinq şərtləri ilə vermişdir. Tərəflərin razılığına əsasən avtomobillərin dəyərini ödəyə bilməsə iddiaçı avtomobilləri qaytarmalı və alıcının ödədiyi pullar həmin tarixədək istifadə etdiyi ilə əvəzləşdirilməklə silinməlidir (kirayə müqaviləsinin qaydalarında oluduğu kimi). İşin hallarından da aydın olur ki, iddiaçı ardıcıl iki il avtomobilləri idarə etdikdən sonra yeddi ay ardıcıl heç bir ödəniş etməmiş, həmçinin avtomobilləri də qaytarmaqdan imtina etmişdir. Yalnız bundan sonra Cavabdeh1 öz mülkiyyət hüquqlarından istifadə edərək avtomobilləri geri almışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı hər hansı məbləğ tələb edə bilməzdi. Əks halda bu iddiaçının əsassız varlanmasına səbəb ola bilərdi. Nəzərə alınmalıdır ki, avtomobillər 3 il ərizində iddiaçının istifadəsində olmaqla hər il ən azı 20 faiz amortizasiyaya uğramış və bazar qiymətini demək olar ki, iki dəfə itirmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bu hüquqi faktları nəzərə almamamışdır. Necə ola bilər ki, iddiaçı avtomobilləri üç il özündə saxlayaraq istifadə edir, sonda da yeddi ay heç bir ödəniş etməyərək verdiyi pulu da geri alır, bu absurd və əsassız olmaqla yanaşı mülkiyyətçinin hüquqlarının kobud pozulması və tərəflərin bağladığı əqdin şərtlərinə ziddir. Bu həmçinin iddiaçının əsassız varlanması deməkdir. Məhkəmə iddiaçının cavabdehlərə vurduğu maddi zərəri nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Bundan başqa məhkəmə iddiaçının qeyd olunanlardan əlavə cavabeh Cavabdeh1 1.300 manat pulu da alaraq geri qaytarmadığına da düzgün hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının əlavə olaraq 1.300 manat pul alaraq, qaytarmadığı işin mübahisəsiz halıdır. İddiaçının verdiyi 400 manat isə cərimənin pulu olmuşdur. Məhkəmə 1.300 manat əlavə borc pulu da nəzərə almayaraq, iddiaçının əsassız varlanmasına şərait yaratmışdır. Göründüyü kimi tərəflərin arasında şifahi bağlanmış müqavilə avtomobilin lizinqi şərtlərinə uyğun gəlməklə tərəflərin münasibətlərinin əsasını təşkil etmişdir. Həmin müqavilə məhz iddiaçının təqsirindən pozulması məhkəmədə sübuta yetmişdir. Bu faktın özü də onu təsdiq edir ki, cavabdehlərin hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır. Həmçinin məhkəmə 8.270 manat məbləğində pulu və dövlət rüsumunun 90 manatını əsl olmayan cavabdehlər Cavabdeh3 Nadir oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutarkən də səhvə yol vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu birgə apellyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişlər. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının tələbi qismən təmin edilməldiir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, “Mercedes” markalı ** KS *** dövlət qeydiyyat nişanlı və “Vaz 2108” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh1 məxsusdur. Avtomobillərin mülkiyyətçisi Cavabdeh1 razılığı və məlumatı ilə onun adından çıxış edən yeznəsi, iş üzrə digər Cavabdeh3 və iddiaçı arasında “Mercedes” markalı avtomobilin 11.000 manata, “Vaz 2108” markalı avtomobilin isə 3.940 manata iddiaçının mülkiyyətinə verilməsi barədə razılığa gəlinmişdir. İddiaçı “Mercedes” markalı avtomobilə görə cəmi 5.550 manat, “Vaz 2108” markalı avtomobilə görə isə 2.720 manat ödəniş etmişdir. İddiaçı razılaşdırılmış məbləği tam ödəyə bilmədiyinə görə avtomobillərin mülkiyyətçisi Cavabdeh1 polis şöbəsinə şikayət etmiş və hər iki avtomobili iddiaçıdan almışdır. Bu səbəbdən iddiaçı avtomobillərə görə ödədiyi 8.720 manat məbləğində pulun, habelə avtomobillərin təmirinə və sair görə çəkdiyi xərclərin qaytarılması barədə cavabdehlərə qarşı hazırki iddianı irəli sürmüşdür. İşə baxan Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında avtomobillərin nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Avtomobillər iddiaçıdan geri alındığına görə, avtomobillərə görə iddiaçının ödədiyi pul vəsaitləri ona qaytarılmalıdır. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayəti verən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bildirirlər ki, hər iki avtomobil iddiaçıya lizinqə verilmişdir. Müqavilə şərtləri iddiaçı tərəfindən pozulduğuna görə, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmamalıdır. Qeyd olunanlarla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının siyahısı”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrində və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə görə, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Mülki Məcəllənin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, “Mercedes” markalı və “Vaz 2108” markalı avtomobillər DİN-də daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əmlakdır. Bu səbəbdən avtomobillərə dair alğı-satqı, lizinq müqaviləsi notariat qaydasında təsdiqlənməli idi. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, avtomobillərin mülkiyyətçisi olan Cavabdeh1 ilə iddiaçı arasında avtomobillərə dair alğısatqı və ya lizinq haqqında müqavilə bağlanmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin mövqeyi və cavabdehlərin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçının “Mercedes” markalı avtomobilə görə cəmi 5.550 manat, “Vaz 2108” markalı avtomobilə görə isə cəmi 2.720 manat məbləğində pulu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vasitəsilə Cavabdeh1 ödəməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Məhkəmə hesab edir ki, hazırda avtomobillərin mülkiyyətçisi Cavabdeh1 avtomobilləri iddiaçıdan aldığına görə, sonuncunun avtomobillərə görə ödədiyi cəmi 8.270 manat məbləğində pulu Cavabdeh1 özündə saxlamaqla iddiaçının hesabına əsassız varlanmış olur. Bu baxımdan iddiaçı ödədiyi vəsaiti Cavabdeh1 tələb etməkdə haqlıdır. İddia tələbi Cavabdeh1 münasibətdə əsaslıdır. Məhkəmə hesab edir ki, 8.270 manat məbləğində pulun iddiaçıya qaytarılmalı olması barədə Rayon Məhkəməsinin mövqeyi düz olsa da, həmin vəsaitin avtomobillərin mülkiyyətçisi Cavabdeh1 ilə yanaşı, iş üzrə digər Cavabdeh3 və Cavabdeh2 da tutulması barədə mövqeyi səhvdir. Çünki yuxarıda qeyd olunduğu kimi, avtomobillərlə bağlı tərəflər arasında yaranmış münasibətlərdə Cavabdeh3 və Cavabdeh2 yalnız vasitəçi olmuş, avtomobillərə görə iddiaçının onlara ödədiyi pul vəsaitini onlar, son nəticədə mülkiyyətçi Cavabdeh1 vermişlər ki, sonuncu tərəfindən bu hal mübahisələndirilmir. Bunlardan əlavə Məhkəmə qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində avtomobillərə görə iddiaçının ödədiyi pul vəsaitlərinin qaytarılmamasının əsasını avtomobilin iddiaçıda qaldığı müddət ərzində onun amortizasiyaya uğraması, iddiaçıdan geri alındıqdan sonra avtomobillərin təmir edilməsi, habelə iddiaçının cavadehlərə borcunun olması ilə əlaqələndirirlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Həmin şəxslərin məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1.). Hüquq, azadlıqların, habelə maraqların qorunmasını və təmin edilməsini özündə əks etdirən müraciət müvafiq iddia ərizəsində ifadə edilməlidir (maddə 149.1.). Məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.). Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4.). Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdehlərə dəymiş maddi zərərlə və iddiaçının cavabdehlərə olan borcla əvəzləşdirilməli olmasını qeyd edən cavabdehlər, bu barədə hazırki iş üzrə iddiaçıya qarşılıqlı tələb irəli sürməmiş, habelə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Bu vəziyyətdə Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan hissəsi, bu dəlillərin əsaslılığı hazırki məhkəmə baxışı çərçivəsində araşdırılmadan, rədd edilməlidir. Bunlardan başqa, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı qalan hissədə, yəni avtomobillərə görə iddiaçının çəkdiyi təmir və sair xərclərin ona ödənilməsi hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddiaçı, irəli sürdüyü həmin tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır. Buna baxmayaraq, Rayon Məhkəməsi iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinin tələbinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 127 manat dövlət rüsumunun 102 manatı Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Nadir oğlu tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nadir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 8.270 manat məbləğində pul və 102 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar