Məhkəmə qərarları › İş №2(107)-2058/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2058/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2058/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh2 Məmmədəli oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədəli oğlu və maraqlı şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(016)-505/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən onu daşınmaz əmlakından istifadə hüququndan məhrum etməklə vurduqları maddi ziyana görə müştərək qaydada 15.000 manat pul vəsaitinin onun xeyrinə tutulmasını, ünvan 1i ərazisində yerləşən torpaq sahəsinin ictimai yol və su təchizatı xətti ilə təmin edilməsi məqsədilə zəruri keçidin ayrılması məqsədilə işə baxılmasını və işə baxılarkən cavabdehin və digər şəxslərin hərəkətlərində cinayət əməlləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (A.Əsgərov) 16 iyun 2021-ci il tarixli, 2(016)-505/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. işin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 yanvar 2021-ci il tarixli, AN- 1№0900845 saylı “Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi”nə əsasən vətəndaş X2 mülkiyyət hüququ əsasında məxsus olan, Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən 4.64 ha torpaq sahəsi almışdır. Aldığı torpağın sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş **********46 nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə satıcıya məxsus olmuş, 13.01.2021-ci il tarixli arayışa istinadən alqı-satqı müqaviləsi bağlananadək ipoteka ilə yüklü olmamış, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Bundan sonra, o, mülki qanunvericiliklə nəzərdə tutulan bütün sənədləri toplayaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim etmişdir. Həmin qurun tərəfindən onun adına Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı, 4.64 ha ölçülü torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair 14.01.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və aldığı torpaq sahəsinin planı və ölçüsünə dair AA№588746 saylı sənəd verilmişdir. O, 06.03.2021-ci il tarixdə aldığı torpaq sahəsinin əlində olan rəsmi sənədə müvafiq hüdudlarını GPS vasitəsilə müəyyənləşdirmək üçün Şamaxı Regional İdarəsinin Ağsu şöbəsinin əməkaşı Elnur Nuriyevlə aldığı torpaq sahəsinə gəlmişdir. Bu zaman bir nəfər telefonla danışa-danışa ona yaxınlaşmış və telefonu ona verərək “danışın” demişdir. O “alo” deyən kimi telefon xəttində olan şəxs özünü təqdim etmədən onu hədələmiş, torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsindən çıxmalarını tələb etmişdir. O, həmin şəxsə bildirmişdir ki, əgər torpaq sahəsi sizə məxsusdursa, rəsmi sənəd göstərin. Bundan sonra insident yaranmasın deyə o, torpaq sahəsindən çıxmış və Ağsu Rayon Polis Şöbəsinə gələrək ərizə yazmışdır. Qeyd etdiyi məsələ ilə əlaqədar polis şöbəsinə çağırılan Cavabdeh2 dəfələrlə tələb olunmasına baxmayaraq, torpağa dair heç bir sənəd təqdim edə bilməmişdir. O cümlədən məlum olmuşdur ki, Cavabdeh2 mülkiyyət hüququ üzrə heç bir torpaq sahəsi məxsus deyildir. O, sadəcə Cavabdeh1 məxsus olan və onun torpaq sahəsinə yaxın ərazidə yerləşən fermada işləyir. O, bundan sonra özünə məxsus torpaq sahəsində torpağın təyinatı üzrə yonca, taxıl və s. əkmək istəsə də Cavabdeh2 ona imkan verməmişdir. Ona məxsus torpaq sahəsində özünün dediyinə görə buğda əkmiş, o cümlədən, torpağın müəyyən hissəsində mal otarmışdır. Dəfələrlə xahiş etməyinə baxmayaraq qanuna zidd hərəkətlərinə son qoymamış, onun və Cavabdeh1 günahı səbəbindən baha qiymətə aldığı toxumu torpaq sahəsinə səpdirə bilməmişdir. Artıq toxum istifadəyə yararsız hala düşmüşdür. Bu səbəbdən o, belə hesab edir ki, torpaq sahəsinin yaxınlığında yerləşən fermanın sahibi Cavabdeh1 və onun işçisi Cavabdeh2 Məmmədəli oğlunun qanuna zidd əməlləri nəticəsində o əmlakından məhrum olmuş, torpaq sahəsindən istifadə hüququ əldən çıxdığına görə cavabdehlərin birbaşa təqsirləri üzündən ona ən azı 15.000 manat zərər vurulmuşdur. Buna görə də o, belə hesab edir ki, göstərdiyi pul məbləğində zərəri cavabdehlər tərəfin müştərək qaydada onun xeyrinə ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Eləcə də cavabdehlər həm onun, həm də su təchizatı xəttinin torpaq sahəsinə daxil olmasına qəsdən mane olmuşlar. İddiaçı qeyd etdiyi məsələnin həllini tapmasını və maneçiliyin aradan qaldırılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsaslandırım hissəsində iddia tələbinin rədd edilməsi, yalnız hamıya bəlli olan Avropa məhkəməsinin müxtəlif vaxtlarda müxtəlif işlərlə bağlı qəbul etdiyi qərarı sadalamaqla kifayətlənilir, onun tələbi nəzərə alınmır. O, isə məhkəmədə verdiyi ifadə zamanı xahiş etmişdir ki, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyanı dəyərləndirmək üçün torpaq sahəsinə mütəxəssis cəlb etməklə baxış keçirilsin. Yerində torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilməsi iddia tələbinin haqlı olmasını sübut edərdi. Onun iddia tələbində qeyd etdiyi faktların 1-ci instansiya məhkəməsi tərəfindən qətnamə çıxararkən nəzərə alınmaması və işin digər faktiki hallarına iştirak edilməməsi onu göstərir ki, məhkəmə çıxardığı qətnaməni AR MPM-nin 217.3-cü maddəsinin tələbləri baxımından iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmır. Göstərdiyi səbəblərə əsasən belə hesab edir ki, 1-ci instansiya məhkəməsi işin qeyd edilən hallarına istinad etmədiyindən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən 1-ci instansiya məhkəməsinin çıxardığı qətnamə apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən Ağsu rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(016)- 505/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o cavabdehləri tanımır. Mübahisəsi gedən torpaq sahəsini notarial qaydada müqavilə rəsmiləşdirməklə aldıqdan sonra, tanımadığı şəxs telefon vasitəsilə zəng edərək həmin torpağın ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən də o torpaqda əkin əkə bilməmişdir. Ola bilsin dəymiş ziyanı düzgün hesablamayıb, lakin cavabdehlərin qanunazidd hərəkəti nəticəsində ona xeyli məbləğdə maddi ziyan vurulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Məmmədəli oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o Şuşa şəhərindən məcburi köçkün olmaqla Ağsu rayonunda məskunlaşmışdır. O, iddiaçını tanımır, sonuncuya qarşı hər hansı qanunazidd hərəkəti olmamışdır. Daim öz istifadəsində olan torpağı əkib-becərmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(016)-505/2021 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Belə ki, İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; X1 ilə alıcı İddiaçı arasında 13.01.2021-ci il tarixdə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 4.64 ha olan torpaq sahəsinə dair AN-İ-0900845 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. 14.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 4.64 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına qeydə alınmışdır. Ağsu rayon Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, şöbəyə və rayon prokurorluğuna etdiyi müraciətlər mülki xarakterli olduğundan, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfi ümumiyyətlə tanımır, onların üzünü görməmiş, lakin sonunculardan dəymiş ziyanı tələb edir. Araşdırma zamanı həmçinin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı dəymiş ziyanın məbləği, həmin ziyanın məhz cavabdehlər tərəfindən vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(016)-505/2021 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar