Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2060/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit müqaviləsi üzrə borc, prosessual pozuntu, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən 8.846,57 manat əsas, 1.264,31 manat faiz, cəmi 10.110,88 manat məbləğində borcun, Cavabdeh1 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit kart müqaviləsinə əsasən 4.000 manat əsas, 1.153,18 manat faiz, cəmi 5.153,18 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 arasında bağlanmış 01.05.2018ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Bu zaman iddiaçı ilə Cavabdeh2 arasında 01.05.2018-ci il tarixli, Z-154CLM********** saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit müqaviləsinə əsasən, 59 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. Nəticədə cavabdehin 22.04.2021-ci il tarixə banka 01.05.2018-ci il tarixli, 54CLM********** saylı kredit müqaviləsinə əsasən, 8.846,57 manat əsas, 1.264,31 manat faiz olmaqla, cəmi 10.110,88 manat borcu və 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit müqaviləsinə əsasən 4.000 manat əsas, 1.153,18 manat faiz olmaqla, cəmi 5.153,18 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən 8.846,57 (səkkiz min səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 1.264,31 (min iki yüz altmış dörd manat otuz bir qəpik) manat faiz, cəmi 10.110,88 (on min yüz on manat səksən səkkiz qəpik) manat borc; Cavabdeh1 01.05.2018-ci il tarixli, **********01944112 saylı kredit kart müqaviləsinə əsasən 4.000 (dörd min) manat əsas, 1.153,18 (min yüz əlli üç manat on səkkiz qəpik) manat faiz, cəmi 5.153,18 (beş min yüz əlli üç manat on səkkiz qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsi ilə iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, 25 faizlə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.05.2018-ci il tarixli, Z-154CLM********** saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh X2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit kartına dair müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə, 31 faizlə 4.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 22.04.2021-ci il tarixə 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən 8.846,57 manat əsas, 1.264,31 manat faiz, cəmi 10.110,88 manat məbləğində borcu, 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit xətti müqaviləsinə əsasən 4.000 manat əsas, 1.153,18 manat faiz, cəmi 5.153.18 manat məbləğində borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi məqsədilə 23.09.2020-ci il tarixli, 16/27527 saylı bildiriş göndərmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci, 470.1, 472.2-ci, 739-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını, pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən onun hüquqları pozulmuşdur. Onlar ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01 mav 2018-ci il tarixli 154CLM********** savlı kredit müqaviləsinə əsasən, bankdan 48 ay müddətinə illik 25 faiz olmaqla 15000 manat kredit ayrılmışdır. Bu kredit müqaviləsindən əvvəl 04 avqust 2017-ci il tarixdə da 4000 manat pulu isə 59 ay müddətinə illik 31 faiz olmaqla verilmişdir. Onlar normal olaraq hər ay kredit müqaviləsi üzrə ödənişlərini vaxtı vaxtında ödəmişlər. Ailələrində və dünyada yaranmış müəyyən problemlər üzündən (Covid 19 xəstələrinin olması) son vaxtlarda ödəmələrdə müəyyən gecikmələr olsada yenədə imkanları daxilində həmin kreditləri gecikmələr olsa belə ödəmişlər. Bundan başqa hər ay onun maaşından kredit pulları tutularaq əsassız yerə faizlərə hesablanmışdır. Sonradan tərəf onları məhkəməyə vermiş və onların heç bir məlumatı olmadan məhkəmə 17 avqust 2021-ci il tarixində hec bir araşdırma aparmadan, ödənişlərini nəzərə almadan, ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. İddiaçı 2017-ci ilin avqust ayında 4000 manat vermiş bundan sonra 8 ay keçdikdən sonra yenidən onlara 15000 manat verdiyini göstərmişdir. Sonradan guya onun ilkin götürmüş olduğu kreditdən heç bir ödəniş etmədiyini və 8 ay sonra guya yenidən ona bundan 3-4 dəfə artıq kredit ayrıldığını göstərmiş, bu absurd hallara birinci instansiya məhkəməsinin hakimi tərəfindən hec bir hüquqi qiymət verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq apellyasiva şikayətinin təmin olunmasını, mühasibatlıq ekspertizasının təyin edilməsini, hesablanmış əsas məbləğin azaldılaraq 04.08.2017-ci il tarixli kredit müqaviləsində 2000 manata, faiz borcunun 100 manata, 01.05.2018-ci il kredit müqaviləsində isə əsas borcun 4500 manat həddinə salınmasını və faiz borcunun isə 300 manata salınmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə İddiaçı ASC tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Avropa Məhkəməsinin qərarları: “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bununla belə birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə iclası 17 avqust saat 10:20-ə təyin edilmiş, ancaq cavabdehlər məhkəmə iclası barədə məlumatlandırlmamışlar. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı apelyasiya şikayəti isə qismən, qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Bu zaman iddiaçı ilə Cavabdeh2 arasında 01.05.2018-ci il tarixli, Z- 154CLM********** saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit müqaviləsinə əsasən, 59 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. Nəticədə cavabdehin 22.04.2021-ci il tarixə banka 01.05.2018-ci il tarixli, 54CLM********** saylı kredit müqaviləsinə əsasən, 8.846,57 manat əsas, 1.264,31 manat faiz olmaqla, cəmi 10.110,88 manat borcu və 04.08.2017-ci il tarixli, **********01944112 saylı kredit müqaviləsinə əsasən 4.000 manat əsas, 1.153,18 manat faiz olmaqla, cəmi 5.153,18 manat borcu vardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olsa da iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, Ailələrində və dünyada yaranmış müəyyən problemlər bank qarşısında olan öhdəliyin yerinə yetirilməməsi üçün əsas deyildir. Bundan başqa kollegiya şikayətin digər dəlili olan ödənilən pulun faizə silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, Mülki qanunvericiliyə əsasən (norma yuxarıda qeyd edilib) əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Kollegiya Ekspertizanın təyin edilməməsi barədə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, apelyatorlar ekspertizanın təyin edilməsinin zəruriliyini əsaslandırmamış, eyni zamanda buna zərurətin olması barədə sübutları (məsələn ödəniş çeklərini) apelyasiya şikayətlərinə əlavə etməmişlər. Daha sonra kollegiya şikayətin məbləğin azaldılaraq 04.08.2017-ci il tarixli kredit müqaviləsində 2000 manata, faiz borcunun 100 manata, 01.05.2018-ci il kredit müqaviləsində isə əsas borcun 4500 manat həddinə salınmasını və faiz borcunun isə 300 manata salınması hissəsinə münasibət bildirərək qeyd edir ki, apelyatorlar qeyd edilən məbləğləri hansı hesablama qaydası ilə aparıldığını, niyə məhz əsas və faiz borcunun həmin məbləğdə olmasını əsaslandıra bilməmişlər. Yəni kollegiya apelyatorların şikayətdə qeyd etdiklərini sübut kimi qəbul edib, apelyasiya şikayətini təmin edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri iddianın qismən təmin edilməsi üçün əsas ola bilməz. Ona görə də cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən 8.846,57 (səkkiz min səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 1.264,31 (min iki yüz altmış dörd manat otuz bir qəpik) manat faiz, cəmi 10.110,88 (on min yüz on manat səksən səkkiz qəpik) manat borc; Cavabdeh1 01.05.2018-ci il tarixli, **********01944112 saylı kredit kart müqaviləsinə əsasən 4.000 (dörd min) manat əsas, 1.153,18 (min yüz əlli üç manat on səkkiz qəpik) manat faiz, cəmi 5.153,18 (beş min yüz əlli üç manat on səkkiz qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tаrixli, 2(016)-666/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 01.05.2018-ci il tarixli, 154CLM********** saylı kredit müqaviləsinə əsasən 8.846,57 (səkkiz min səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 1.264,31 (min iki yüz altmış dörd manat otuz bir qəpik) manat faiz, cəmi 10.110,88 (on min yüz on manat səksən səkkiz qəpik) manat borc; Cavabdeh1 01.05.2018-ci il tarixli, **********01944112 saylı kredit kart müqaviləsinə əsasən 4.000 (dörd min) manat əsas, 1.153,18 (min yüz əlli üç manat on səkkiz qəpik) manat faiz, cəmi 5.153,18 (beş min yüz əlli üç manat on səkkiz qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2060/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2060/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver