Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2062/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(063)-275/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 38140 manat məbləğində borcun və 30 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 26 may 2021-ci il tarixli, 2(063)- 275/2021 nömrəli qətnaməsi ilə iddi tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Ucar Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(063)-275/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsindən göründüyü kimi cavabdeh 01 avqust 2013-cü il tarixdə ondan 39000 manat borc pul almış və həmin pulu 1 noyabra kimi ona qaytarmağa söz vermişdir. Lakin ötən müddət ərzində cavabdeh ona 03 fevral 2018-ci il tarixdə 100 manat o, həbsdə olduğundan qızı Gülnar Fərzəlibəylinin adına, 03 fevral 2018-ci il tarixdə 100 manat (o, həbsdə olduğundan qızı Gülnar Fərzəlibəylinin adına), 14 iyun 2018-ci il tarixdə 100 manat, 16 noyabr 2020-ci il tarixdə 10 manat, 07 iyul 2020-ci il tarixdə 10 manat, 10 yanvar 2020-ci il tarixdə 30 manat və 25 yanvar 2021-ci il tarixdə 10 manat olmaqla, cəmi 360 manat pulu poçt və bank vasitəsi ilə ödəmiş, bundan başqa, təxminən 1 il yarım bundan əvvəl Akif adlı şəxs vasitəsi ilə 500 manat göndərmişdir. Beləliklə, cavabdeh borcundan ona cəmi 860 manat pul ödəmiş, hal-hazırda cavabdehin ona 38140 manat borcu qalmışdır. Cavabdeh pulun qaytarılması ilə bağlı onun dəfələrlə etdiyi tələblərə heç bir əhəmiyyət vermədiyindən o, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli 2(063)-275/2021 saylı qətnaməsi iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, həmçinin qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli, iddia ərizəsinin təmin edilməsi barədə qərar çıxarılmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2013-cü il tarixdə cavabdehə borc olaraq vermiş olduğu pulu geri ala bilmir. Müddətin gecikməsinə də əsas səbəb iddiaçının cəzaçəkmə müəssisəsində cəza çəkməsi olmuşdur. Lakin iddiaçı 2018-ci il tarixdə cəzadan tam azad olunandan sonra cavabdehdən pulunu tələb etsə də, sonuncu bir neçə dəfə xırda ödənişlər etmiş, sonda isə 10 manat ödəniş edildikdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli 2(063)-275/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birincisi cavabdeh iddiaçıya olan borcunu tam olaraq qaytarmışdır. İkincisi, əgər borc olsa da belə həmin borcun qaytarılma tarixindən 8 il müddət keçib. Necə olur ki, iddiaçı bu illər ərzində pulunu tələb etmədi. Hansı ki, iddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə bu kimi hüquqlarından məhrum olmayıb. Hətta cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da 3 ilə yaxın müddət keçib. Cavabdeh tərəfindən göndərilmiş xırda məbləğlərin ümumiiyyətlə borca heç bir aidiyyəti yoxdur. Tərəflərin münasibəti olduğuna görə iddiaçı xahiş edib. Hesab edir ki, apellyasiya şikayəti tam əsasızdır, ona görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(063)-275/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 01 avqust 2013-cü il tarixli sadə yazılı formada yazılmış borc əqd müqaviləsində göstərilmişdir ki, Mülki Məcəllənin 385.1, 406, 739, 740-cı maddələrinə uyğun olaraq cavabdeh iddiaçıdan 01 avqust 2013-cü il tarixdə 39000 (otuz doqquz min) manat borc pul almış, noyabr ayının 1-nə kimi qaytarmağına söz vermişdir. Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli, 1(063)-2/2014 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 151-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzasına, CM-nin 315.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən İddiaçı təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 20 sentyabr 2013-cü ildən hesablanması, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 17 aprel 2014-cü il tarixli, 1(106)-228/2014 nömrəli qərarının surətindən görünür ki, İddiaçı müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı barəsində olan Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli, 1(063)-2/2014 saylı hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən üzərində 2 (iki) il sınaq müddəti təyin edilməklə Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli, 1(063)-2/2014 saylı hökmü ilə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi, bu müddət ərzində məhkumun öz davranışı ilə islah olunmasını sübut etməsi, məhkumun üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən olrqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməməsi, haqqında seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, şərti məhkum edilmiş şəxs üzərində nəzarətin həyata keçirilməsinin sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə Ucar rayon İcra Qrupuna tapşırılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 yanvar 2015-ci il tarixli, 1(106)-44/2015 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 221.3 və 315.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli, 1(063)-2/2014 saylı hökmündən İddiaçı müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli hökmünün məhkum edilmiş şəxsin müdafiəçisi X1 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, Ucar Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli hökmünə əsasən məhkum edilmiş şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş 4 (dörd) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından, həbsdə saxlandığı 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddət çıxılmaqla İddiaçı üzərində 03 (üç) il 11 (on bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, məhkum edilmiş şəxs İddiaçı cəza çəkməkdən ötrü məhkəmə iclas zalından həbsə alınması və onun Şirvan Şəhər Polis Şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına göndərilməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı gündən, yəni 26 yanvar 2015-ci il tarixdən hesablanması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Poçt qəbzlərindən və digər ödəniş qəbzlərindən görünür ki, cаvаbdеh iddiаçıya poçt və bank vasitəsi ilə 03 fevral 2018-ci il tarixdə 100 manat (qızı Gülnar Fərzəlibəylinin adına), 03 fevral 2018-ci il tarixdə 100 manat (qızı Gülnar Fərzəlibəylinin adına), 14 iyun 2018-ci il tarixdə 100 manat, 16 noyabr 2020-ci il tarixdə 10 manat, 07 iyul 2020-ci il tarixdə 10 manat, 10 yanvar 2020-ci il tarixdə 30 manat və 25 yanvar 2021-ci il tarixdə 10 manat olmaqla, cəmi 360 manat pul göndərmiş və vеrmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borclu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 33-cü səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən qeyd olunan dəlillər və sübutlar 2013-cü ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 8 ilə yaxın müddət keçmişdir. İkincisi, iddiaçı apellyasiya şikayətinin dəlillərində Mülki Məcəllənin 380.1-ci maddəsinə istinad edərək bildirir ki, cavabdeh 2018-2020-ci illər ərzində xırda məbləğlər göndərməklə artlıq mövcud borcunun olması barədə etirfedici hərəkət etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia müddətinin axımının kəsilməsi o deməkdir ki, müddətin kəsilməsinə səbəb olmuş hallar baş verənədək ötmüş zaman kəsiyi hesaba alınmır və müddət yenidən başlayır. Maddənin məzmunundan göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi üçün yalnız borclunun borcun etiraf edilməsini göstərən hərəkətlər edilməsini göstərən hərəkətlərini əsas sayır. Borc təkcə formal qaydada deyil, konklyudent hərəkətlər (borcun qismən ödənilməsi, möhlət istəmə, əvəzləşdirmə təklif etmə və s) vasitəsilə də etiraf oluna bilər. Kollegiya bununla bağlı həmçinin qeyd edir ki, bütün bu etirafedici hərəkətlər yalnız iddia müddəti daxilində edilməlidir Üçüncü, iddiaçı apellyasiya şikayətinin dəlillərində borc verdikdən 50 gün sonra həbs olunduğunu və barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini bildirir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı araşadırmanı davam etdirərək qeyd edir ki, əvvəla iddiaçı həbs olunduqlan bir neçə ay sonra, Şirvan Apellyasiya Məhkəməsinin 17.04.2014-cü il tarixli qərarı ilə barəsində CM-in 70 maddəsi tətbiq olunmaqla cəzasını şərti olaraq çəkməsi müəyyən edilmiş (bu müddət ərzində həbsdən azad olunmuşdur), lakin sonradan yenə də həbs olunmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4 may 2017-ci il tarixli qərarı ilə məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmiş, 29.12.2018-ci il tarixdə isə cəzadan tam olaraq azad olunmuşur. Göründüyü kimi iddiaçı cəzaçəkmə müəssisəs ində olarkən məlum hökmdən apellyasiya və kassasiya şikayətləri, həmçinin ərizə və vəsatətlər verdiyi kimi, mülki iddia vermək hüququndan da isifadə edə bilərdi. Çünki onun bu kimi hüquqları cəzaçəkmə müəssisəsində heç də məhdudlaşdırlmamışdı. Lakin göründüyü kimi iddiaçı cəzasını şərti olaraq çəkdiyi müddətdə, həmçinin rejim baxımından daha yüngül olan məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirildiyi dövrdə bu hüquqlarından istifadə etməmiş, hətta cəzadan tam olaraq azad olunduqdan sonra, təxminən 2 il 10 ay sonra məhkəməyə müraciət etmişdir. Dördüncü, müddətin üzürlü sayılması ilə bağlı şikayətin dəlillərinə gəlincə kollegiya qeyd edir ki, üzürlü səbəblər olduqda ötürülmüş iddia müddəti bərpa edilə bilər. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Maddənin məzmunundan belə aydın olur ki, iddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə də, digər halların olması da, istisna edilmir. Lakin maddənin mənasına görə iddia müddətinin bərpası dedikdə həmin müddətin yeni müddətə təzələnməsi kimi başa düşülməməlidir. Mülki Məcəllənin 382-ci maddəsində deyilir ki, iddia müddətinin ötürülməsinin səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüquqi müdafiə edilməlidir. Bu, o deməkdir ki, vaxtı ötürməklə məhkəməyə müraciət etmiş şəxsə, sadəcə olaraq, həmin tələb üzrə hüquqlarının müdafiəsinə imkan verilir. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. Göründüyü kimi müddət bu halda həm də onun bərpası üçün zəruri şərt sayılır. S.Əliyevanın şikayəti ilə bağlı AR KM-in 2004-cü il 28 dekabr tarixli qərarında da göstərilir ki, iddia müddətinin axımının başlanması barədə norma “yalnız şəxsin güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə şərtləndirilə bilməz” Beləliklə də buradan da göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(063)-275/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2062/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2062/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver