Məhkəmə qərarları › İş №2(107)-208/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-208/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-208/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maddi ziyan üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X4 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli, e-2(075)-1840/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materilallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 011/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, təqdim edilmiş taxta döşəmə yonan aparatın xx.xx.2024-cü il tarixə ümumi bazar dəyəri 3450 (üç min dörd yüz əlli) manatdır.

2. İş materilallarında olan xx.xx.2024-cü il tarixdə olan ödəniş qəbzindən görünür ki, döşəmə yonan aparatın qiymətləndirilməsi üçün İddiaçı 80 manat ödəniş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin və ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda o məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir və həmin mütəxəssis rəyinin alınması üçün 80 (səksən) manat xidmət haqqı ödəmiş, buna görə də həmin xidmət haqqı Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin, tərəfindən "xxxx" MMC-yə ödənilmiş 80 manat xidmət haqqının, ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki şəhərində tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin bütün inşaat materiallarının satışı mağazalarında olduğu kimi, o da mağazada müəyyən tikinti avadanlıqlarının icarəyə də verir. ünvan 1 ünvanında yaşayan Cavabdeh usta kimi tanıyır. Belə ki, Cavabdeh dəfələrlə ona məxsus mağazaya gələrək bir neçə dəfə inşaat materialları almışdır. 10 yanvar 2024cü il tarixdə Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan döşəmə yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Lakin hal-hazıradək Cavabdeh nə aparatını qaytarır, nə də ki aparatın icarə haqqını ödəyir. O, dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus aparatı və icarə haqqını tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq nə aparatı nədə ki, pulu geri qaytarır. Artıq bir neçə aydır ki, onun telefonuna zəng çatmır. Hazırda 10 yanvar 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixinədək cavabdehin gündəlik 10 manat icarə haqqı hesablanmaqla 187 gün x 10 manat = 1870 manat icarə haqqı yığılmışdır. Göründüyü kimi, özünə məxsus döşəmə yonan aparatı geri qaytarmamaqla və gündəlik icarə haqqını verməməklə 5320 manat maddi ziyan vurmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddiasını müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 05 noyabr 2024-cü il tаrixli, e- 2(075)-1840/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.5, 157.4, 324.1, 337.1, 337.2, 386.1, 442, 700.1, 700.2, 1091, 1092.1 və 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

11. Apellysiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, ...yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Halbuki, işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi tamamilə əsassızdır. 10 yanvar 2024-cü il tarixdə əvvəlcədən tanıdığı Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan döşəmə yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Həmin vaxtı mağazada onun satıcıları X3 və X2 olmuş və onlar şəxsən həmin döşəməyonanaparatları Murada təqdim edərək onun şəxsiyyət vəsiqəsinin əslini almış və mağazada mövcud olan nisyə malların verilməsi və inşaat avadanlıqlarının icarəyə verilməsi qeyd edilən dəftərə bu barədə qeyd edərək həmin döşəməyonanaparatın 10 yanvar 2024-cü il tarixdə Cavabdeh icarəyə verilməsini qeyd etmişlər. Göründüyü kimi iş üzrə şahidlərin ifadələrindən başqa onun məhkəmə iclasında təqdim etdiyi Cavabdeh şəxsiyyət vəsiqəsinin əsli, həmçinin mağazada mövcud olan nisyə malların verilməsi və inşaat avadanlıqlarının icarəyə verilməsi qeyd edilən dəftərdəki qeyd də Cavabdeh 10 yanvar 2024-cü ildə ona məxsus döşəməyonan aparatın icarəyə götürdüyünü tam təsdiq edir. Həmçinin qeyd edir ki, hazırkı mülki iş üzrə 4 dəfə məhkəmə iclası keçirilmiş və hər dəfəsində məhkəmə tərəfindən Cavabdeh məhkəmə iclasına dəvət edilmiş və iş üzrə iddia ərizəsi də rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya etiraz etməməsi və məhkəmə iclasına gələrək iddianın əsassız olması barədə öz iradını bildirməməsi iddianın əsaslı olmasını bir daha təsdiq edir. Əgər onun iddia tələbində hər-hansı bir səhv məlumat olsaydı, Cavabdeh məhkəmə iclasına gələrək iddianın yalan olmasını söyləyərdi, əksinə onun məhkəmə iclaslarından yayınması özü sübut edir ki, iddia tələbi tam əsaslıdır. İşin faktiki hallarından və tərəfimdən təqdim edilmiş mötəbər və bir-birini tamamlayan sübutlarla tam təsdiq edilir ki, onunla Cavabdeh arasında şifahi əqd bağlanmış və həmin şifahi əqd əsasında 3450 manat dəyəri olan pol yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Onunla Cavabdeh arasında həmin şifahi əqd bağlanarkən mağazada mağazanın satıcıları X3 və X2 olmuşlar və məhkəmə iclasında verdikləri izahatlarla bunu tam təsdiq etmişlər. Həmçinin tərəfindən məhkəməyə təqdim edilmiş digrə sübutlar - yəni həmin şifahi əqd bağlanarkən Cavabdeh şəxsiyyət vəsiqəsinin əsli və mağazada mövcud dəftərdə bu barəqə qeydin olmasını da həmin halı tam təsdiq edir. Göstərilənlərə əsasən, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli, e- 2(075)-1840/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək göstərdi ki, cavabdeh aparatın özünü də qaytarmır, qaytarmaq əvəzinə bəhanələr gətirir, gah xəstə olduğu, gah rayonda olmadığını göstərir. Ona görə də hesab edir ki, cavabdeh aparatı satmışdır, əks halda qaytarardı. Aparat olmadığına görə onun dəyərini tələb edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri

27. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. ....

28. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli, e-2(075)-1840/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. Müəyyən edilmişdir ki, İddiaçı Şəki şəhərində tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin, o, mağazada olan müəyyən tikinti avadanlıqlarının icarəyə də verir. 10 yanvar 2024-cü il tarixdə Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan döşəmə yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Lakin hal-hazıradək Cavabdeh nə aparatını qaytarmış, nə də ki aparatın icarə haqqını ödəmişdir. O, dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus aparatı və icarə haqqını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə aldadaraq nə aparatı nə də ki, pulu geri qaytarır və nəticədə ona maddi zərər vurulduğunu göstərmişdir.

42. İddianı təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

44. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş iddiaçı tərəfdən dəvət edilmiş şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir.

45. Halbuki həmin şahid ifadələrinin işin faktiki hallarının və tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsində əhəmiyyəti vardır.

46. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, Sənanın mağazasında satıcı işləyir. Murad mağazaya yaxınlaşaraq aparat götürmək istədiyini bildirmişdir. Bundan sonra onlar Muradın şəxsiyyət vəsiqəsini alaraq aparatı günü on manata icarəyə vermişlər. Sonra Sənana dəfələrlə zənglər olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərərk nə aparatı nə də ki icarə haqqını ödəmişdir.

47. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 da digər şahid X1 ifadəsinə uyuğun izahat vermişdir.

48. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin halları ilə bağlı yalnız iddiaçının və onun sahiblik etdiyi ticarət obyektinin işçilərinin izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının və şahidlərin izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

49. Apellyasiya baxışı zamanı iddiaçı Şəki Apellyasiya Məhkəməsinə ərizə və ona əlavə edilmiş (səs yazılarının özündə əks etdirən) fləş kart təqdim etmişdir.

50. İddiaçı tərəfin təqdim etdiyi fləş kartdakı səs yazılarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə özündə daxili inam yaratmaq məqsədilə həmin fləş kartdakı səs yazılarına məhkəmə iclas zalında texniki vasitələrdən (məhkəmə iclas zalında olan kompüter vasitəsilə) istifadə olunmaqla baxış keçirilərək dinlənilmişdir.

51. Həmin fləş kartda olan səs yazılarından görünür ki, iddiaçı və cavabdehin telefon danışığı zamanı cavabdeh döşəmə yonan aparatının icarəyə götürməsini, lakin həmin aparatın qaytarmadığını və icarə haqqlarını ödəmədiyini etiraf edir. Həmin səs yazısı məhkəmə kollegiyasının iclasında dinlənilmişdir.

52. Həmin telefon danışığında cavabdehin döşəmə yonan aparatı iddiaçıdan kirayəyə götürdüyündən və həmin aparatı qaytarmadığından söhbət gedir.

53. Bunlar isə ona dəlalət edir ki, həmin telefon söhbəti İddiaçı ilə Cavabdeh arasında olmuşdur.

54. Məhkəmə kollegiyası təqdim olunmuş fləş kartdakı “səs yazılarının” sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin “səs yazıları” sübutlar siyahısına aid edilməsə də, orada olan danışıqlar kollegiyada mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da iddiaçı tərəfindən dəvət olunmuş şahidlərin ifadələrinin həqiqiliyi və səmimiliyi ilə bağlı daxili inam yaratmışdır.

55. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrini mötəbər sübut kimi qəbul edir.

56. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

57. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.

58. Cavabdeh 1 ildən artıqdır ki, iddiaçıdan kirayəyə götürdüyü döşəmə yonan maşını geri qaytarmamış, eyni zamanda kirayə haqqlarını da ödəməmişdir. Ona görə də iddia əsaslıdır.

59. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, cavabdeh müxtəlif bəhanələrlə döşəmə yonan maşını qaytarmaqdan boyun qaçırdığına görə, hesab edir ki, sonuncu aparatı satmışdır. Aparat ortada olmadığına görə, onun dəyərinin qaytarılması barədə iddia qaldırmışdır.

60. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan kollegiya kirayə haqqı ilə birlikdə aparatın dəyərinin də tutulmalı olması qənaətinə gəlir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli, e-2(075)-1840/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli, e-2(075)-1840/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərər, "xxxx" MMCyə ödənilmiş 80 manat xidmət haqqı, ödənilmiş 110.20 (bir yüz on manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar