Məhkəmə qərarları › İş №2(107)-2088/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2088/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2088/2020 27.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəliqərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 392,14 manat əsas, 89,77 faiz, 242,42 manat cərimə, 54,15 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqlaq, cəmi 778,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəli qərardadından narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və cavabdehin hüquqi varisi müəyyən olunanadək icraatın dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ölüm haqqında şəhadətnaməyə əsasən mülki işi Cavabdeh2 vərəsəsi müəyyən olunanadək dayandırmaq əvəzinə əsassız olaraq icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. İddiaçı məhkəmənin iş üzrə icraata xitam verilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini, cavabdehin hüquqi varisi müəyyən olunanadək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətin əsassız olduğunu bildirərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəliqərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-cxi il tarixli, e-2(037)-596/2020 nömrəliqərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən ona əsaslanmışdır ki, xx xxx 2015-ci il tarixli 069/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə illik 27% dərəcəsi ilə 1800 manat məbləğində kredit verildikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 vəfat etmişdir. İddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərmiş və vəfat etmiş şəxsi cavabdeh qismində məhkəməyə vermişdir. Halbuki, iddiaçı təşkilat tərəfindən vəfat etmiş şəxsin vərəsəsi müəyyən edilməli, bundan sonra həmin vərəsəyə qarşı ümumi qaydada məhkəməyə müraciət olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərərkən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Belə ki, Mülki Prosessual Məcəllənin 39.2.-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hər iki cavabdehə münasibətdə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlərdən biri olan əsas borclu Cavabdeh2 ölsə də, digər cavabdeh, yəni əsas borclu ilə müştərək qaydada cavabdehlik daşıyan zamin Cavabdeh1 sağdır. Ona görə də kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e- 2(037)-596/2020 nömrəliqərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-cxi il tarixli, e- 2(037)-596/2020 nömrəliqərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində” ləğv olunmalı, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2(037)-596/2020 nömrəliqərardadı tam, bu qərardadla bağlı xx.xx.2020-cxi il tarixli, e-2(037)-596/2020 isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin. İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar