Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-21/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, dəbbə pulu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2016-ci il tаrixli, 2(016)-3428/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəmədə iddia qaldıraraq, 15 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən əsas borca görə 11136,35 ABŞ dolları, faiz borcuna görə 58,46 ABŞ dolları, cərimə borcuna görə isə 1342,73 ABŞ dolları olmaqla, ümumilikdə 12537,54 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27 faizlə 30 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 ilə xx.xx.2014-cii il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliyi icra etməkdən ödəməkdən boyun qaçırmışdırlar. 16 sentyabr 2016-cı il tarixədək onun banka 11136.35 ABŞ dolları məbləğində əsas, 58.46 ABŞ dolları məbləğində faiz borcu, 1342.73 ABŞ dolları məbləğində cərimə, cəmi 12537.54 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin məbləğin ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 2(016)-3428/2016 saylı, 06 dekabr 2016-cı il tаrixli qətnaməsi (T.İsmayılov) ilə iddiaçı "DəmirBank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şahin Xaləddin oğlu X1 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, "Dəmir Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1342.73 ABŞ dolları məbləğində dəbbə pulunun 42 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və Cavabdeh5 müştərək qaydada xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qətnamənin icra edildiyi günə manatın məzənnəsinə müvafiq olaraq 11136.35 ABŞ dolları məbləğində əsas, 58.46 ABŞ dolları məbləğində faiz borcu, 42.00 ABŞ dolları məbləğində cərimə, cəmi 11236.81 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu olan 30 manatdan 27 manat 30 qəpik alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 faizi, yəni 2 manat 70 qəpik iddiaçıya aid edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-in Ağsu filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli. ********* saylı kredit müqaviləsinə əsasən kreditor "DəmirBank” ASC tərəfindən borclu Cavabdeh1 30 ay müddətinə 27 faiz ödəmək şərti ilə 12700 ABŞ.dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 450005415/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh4 və Cavabdeh5 xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 30 ay müddətinə 27 faiz 4 ödəmək şərti ilə 12700 ABŞ dolları məbləğində verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermiş və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıması haqqında öhdəlik götürmüşdürlər. İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il 01 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11 136.35 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. “DəmirBank" ASC-nin xx.xx.2014-cü il tarixli, 450005415/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015ci il 01 nömrəli Əlavə Sazişə əsasən üçüncü tərəfdən Rahim Ağaşah oğlu X5 Xəlilov zamin kimi tərəf olaraq müqavilənin bəndləri dəyişdirilərək "DəmirBank” ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11136.35 ABŞ dolları müəyyən edilmiş və kreditin ödənilmə müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xx.xx.2015-ci il tarixli 38/450005415 saylı və xx.xx.2015-ci il tarixli 16xx/xx/450005415 saylı xəbərdarlıq məktublarına əsasən cavabdehlərdən cədvəl üzrə yaranmış ümumi borcun 15 gün ərzində icra edilməsi xahiş olunmuş, əks halda kredit müqaviləsinə xitam verilməklə qanunvericikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 11136.35 ABŞ dolları məbləğində əsas, 58.46 ABŞ dolları məbləğində faiz borcu, 1342.73 ABŞ dolları məbləğində cərimə, cəmi 12537.54 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2.1, 467, 472.2, 472.3, 739.1, 743-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış, iş üzrə zəruri olmasına baxmayaraq ekspertiza həyata keçirilməmiş, iddiaçı bankın şişirdilmiş borc tələbi üzrə qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının göstərdiyi xüsusatlara qiymət vermiş, heç bir hüquqi əsasa dayanmayan qətnamə qəbul etmişdir. Belə bir qətnamə üzrə heç bir məhkəmə təcrübəsində yoxdur. Həmin qətnamə ilə onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-3428/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-3428/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, əsas və faiz borcunun məbləğinin tutulmasına aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilən hissəsi, yəni əsas və faiz borcu məbləğinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-3428/2016 saylı, 06 dekabr 2016-cı il tаrixli qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı ASC-in Ağsu filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli. ********* saylı kredit müqaviləsinə əsasən kreditor "DəmirBank” ASC tərəfindən borclu Cavabdeh1 30 ay müddətinə 27 faiz ödəmək şərti ilə 12700 ABŞ.dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 450005415/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh4 və Cavabdeh5 xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 30 ay müddətinə 27 faiz 4 ödəmək şərti ilə 12700 ABŞ dolları məbləğində verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermiş və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıması haqqında öhdəlik götürmüşdürlər. İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il 01 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11 136.35 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. “DəmirBank" ASC-nin xx.xx.2014-cü il tarixli, 450005415/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015ci il 01 nömrəli Əlavə Sazişə əsasən üçüncü tərəfdən Rahim Ağaşah oğlu X5 Xəlilov zamin kimi tərəf olaraq müqavilənin bəndləri dəyişdirilərək "DəmirBank” ASC-in Ağsu filialının Cavabdeh1 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11136.35 ABŞ dolları müəyyən edilmiş və kreditin ödənilmə müddəti xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xx.xx.2015-ci il tarixli 38/450005415 saylı və xx.xx.2015-ci il tarixli 16xx/xx/450005415 saylı xəbərdarlıq məktublarına əsasən cavabdehlərdən cədvəl üzrə yaranmış ümumi borcun 15 gün ərzində icra edilməsi xahiş olunmuş, əks halda kredit müqaviləsinə xitam verilməklə qanunvericikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 11136.35 ABŞ dolları məbləğində əsas, 58.46 ABŞ dolları məbləğində faiz borcu, 1342.73 ABŞ dolları məbləğində cərimə, cəmi 12537.54 ABŞ dolları məbləğində borcu var. Apellyatorun apellyasiya şikayətinin əsas dəlili odur ki, qətnamə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış, iş üzrə zəruri olmasına baxmayaraq ekspertiza həyata keçirilməmiş, iddiaçı bankın şişirdilmiş borc tələbi üzrə qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının göstərdiyi xüsusatlara qiymət vermiş, heç bir hüquqi əsasa dayanmayan qətnamə qəbul etmişdir. Belə bir qətnamə üzrə heç bir məhkəmə təcrübəsində yoxdur. Həmin qətnamə ilə onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyator ekspertiza təyin edilməli olduğunu bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın təyin edilib edilməməsi məhkəmənin səlahiyyətində olan məsələdir. Birinci instansiya məhkəməsi eksperiza keçirilməsində zərurət görməmiş, iş materiallarında olan sənədlərlə kifayətlənərək qətnamə qəbul etmişdir. Bununla belə məhkəmə kollegiyası işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilməsi ilə bağlı qərardad qəbul etmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli 9/1885 saylı ekspeet rəyindən görünür ki, Cavabdeh1 banka olan əsas borcu 11137,27 AŞB dolları, faiz borcu 501,31 ABŞ dolları, illik 5%-lə faiz borcu 719,28 ABŞ dolları müəyyən edilmişdir. Ekspertin rəydə müəyyən etdiyi məbləğlər iddia tələbində tələb olunan məbləğlərdən yüksəkdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı mübahisləndirilən hissədə təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Göründüyü kimi cavabdeh şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddiaçı bankın şişirdilmiş borc tələbi üzrə qətnamə qəbul edilməsini qeyd etsə də, ekspert rəyi şikayətin həmin dəlilini təkzib edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 2(016)-3428/2016 saylı, 06 dekabr 2016-cı il tаrixli qətnaməsi mübahisələndirilən hissədə yəni Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-3428/2016 saylı, 06 dekabr 2016-cı il tаrixli qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-21/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-21/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver