Məhkəmə qərarları › İş №2(107)-2102/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2102/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2102/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)- 894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2010-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)-976/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh X3 xx xxxx 2010- cu il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat-cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən şəhəri Fizuli küçəsi, dalan 3, ev 16-da yaşayır. xx xxxxxx 2009-cu rəsmi nikahla Balakən şəhər sakini Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə isə X8 adında iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar cavabdehdən ayrılmış və aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda o, uşaqlarla birlikdə atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)- 976/2016 nömrəli qətnaməsi ilə həmin məhkəmənin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş və xx xxxx 2016-cı il tarixli qətnaməyə əsasən himayəsində olan xx xxxx 2010-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 (manat) sabit pul məbləğində alimentin alınıb mənə verilməsi qət edilmişdir. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır və uşaqlara baxmaq onun da vəzifəsidir. Ancaq Cavabdeh uşaqlara ödədiyi alimentlə uşaqlara baxmaq onun üçün çox çətindir. Məhkəmə qətnaməsi ilə təyin olunan alimentin məbləği isə uşaqların aylıq ehtiyaclarını ödəmir. Uşaqlar məktəbdə oxumaqla onları tələbatları da çoxalımış və o, aldığı əmək haqqı ilə uşaqların tələbatlarını ödəyə bilmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(019)-976/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh X3 xx xxxx 2010- cu il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat-cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək anasının ölümü ilə bağlı xx.xx.2020-ci il tarixdə saat 12:00-a keçiriləcək məhkəmə iclasına gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək, məhkəmə iclasını iştirakı olmadan keçirib, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iki uşağa hər ay 235 manat pul ödəyir. Pulu hər ay mütəmadi ödəyir. O, heç bir yerdə işləmir, ürək xəstəsidir, mütəmadi Gürcüstan Respublikasında hər il müalicə alır, ağır işə yaramır. Alimenti də atasının pensiyasından ödəyir. Atası da 3 il ərzində 2 dəfə ağır ürək cərrahiyə əməliyyatı keçirmişdir, eyni zamanda ayaq damarlarında qan işləmədiyi üçün ürək əməliyyatından sonra ayaq cərrahiyyə əməliyyatı keçirmişdir. 2-ci qrup əlildir, onun da işləmək qabiliyyəti yoxdur. Atasının cərrahiyyə əməliyyatı üçün dövlətdən 12 min manat və qohumlardan müəyyən məbləğ pul götürmüşlər. Həmin məbləği ödəmək üçün anası və iki bacısı işləmək üçün Bakıya getmişdir. Hal-hazırda onlar Bakıda işləməklə borcları ödəyirlər və xeyli ödəniləsi borcları vardır. Atasına və ona müalicə üçün hər ay 150 manat dava-dərmana pul lazımdır. Hazırda onun himayəsində həyat yoldaşı və 2 uşaq vardır. Yoldaşı 3-cü uşağa hamilədir. Yoldaşı yemçilik müəsisəsində işləməklə sosial tutulduqdan sonra 230 manat maaş alır. Həmin əmək haqqı ilə o, yoldaşı və 2 uşaq güclə dolanırlar. Onun əmək haqqısı yavan çörəyə belə çatmır. Xəstə atasının bütöv pensiyasını cavabdehə ödəyir. Özləri isə quru çörəklə dolanırlar. Arada bu yoldaşının anası və digər qohumları onlara əl tutur. Ondan aliment tələb edən İddiaçı atasından qalma "Ford" markalı marşurutda işləyən maşın vardır ki, hər ayda maşından 600 manat arenda pulu alır. Marşurut anasının adındadır. Bundan əlavə sosial yardım alır. Özu işləyir, əmək haqqı alır. Anası pensiya alır. Ailədə 4 nəfər olmaqla ailəyə 1300 manatdan çox aylıq pul gəlir. Onların evində isə hazırda 235 manat atasının pensiyasını uşaqlara ödəyir. Yoldaşının 230 manat əmək haqqısı ilə xəstə atası, özü, yoldaşı və iki uşaq yaşayırlar .Bakıdakı anası və bacısı günə muzd işləməklə kreditləri, özlərinin Bakıda kirə haqqını və yeməklərini güclə ödəyirlər. Onun- imkanı olsa uşaqlarına məhkəmə olmadan da əlavə pul ödəyərdi. Hazırda atasına məxsus evdə yaşayır. İddiaçı az müddətdə evinə 4 min manat dəyərində 'atapleniya ", 3500 manat dəyərində yol qapısı və evində digər bahalı təmir işləri gördürmüşdür, imkanı var edir. Hazırda ondan dəfələrlə yaxşı vəziyyətdə yaşayır İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və İddiaçı apelyasiya şikаyətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Balakən Rayon Məhkəməsi uşaqların alimentini atasının pensiyası hesabına ödəməyini, atası və onun faktiki olaraq xəstə olmağını, heç bir yerdə işləməməyini, yenidən ailə həyatı qurmağını, həmin nikahdan da 2 uşağının olmasını, arvadının 3-cü uşağa hamilə olmasını və digər təqdirə layiq halları nəzərə almadan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)- 894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının artırılması qənaətinə gəlmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində hansı dəyişiklik olmasını araşdırmadan və belə bir sübut olmadan hazırki qətnaməni qəbul etməsi qanunsuz və əsassız olmuşdur. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)- 611/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamədən narazıdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)- 611/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və himayəsində olan xx xxxx 2010-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulun ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, iclasında İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, iclasında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)-506/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 184 saylı qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(019)-276/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh Adi oğlundan xx xxxxx 2013-cü il tarixdən başlayaraq xx xxxx 2010-cu ildə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)-894/2017 nömrəli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1103/2016 nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilmiş, xx xxxx 2010-cu ildə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutulub İddiaçı verilməli olan alimentin məbləği hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat müəyyən edilmişdir. İşdə olan Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 454639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Murtiuzəli qızı yazılmışdır. İşdə olan 5 saylı ƏMHM-i tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 249 nömrəli arayışdan görünür ki, İddiaçı Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində müəllimə işləyir və onun əmək haqqı 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2014-cü-ci il tarixdə verilmiş AZ-İ seriyalı 931311 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxx 2014-cü il tarixdə nikah bağlanmışdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 716994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2016-cı ildə anadan olmuş, atası Mahmudov amir Adil oğlu, anası X5 yazılmışdır. İşdə olan Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1895 nömrəli arayışdan görünür ki, X10 heç bir idarə, təşkilat və müəssisədə işləmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə və 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxx 2016- cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlir yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Republikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluqonun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızı xx xxxxxx 2009-cu ildə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmiş, onların birgə nikahlarından xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə X7 adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar tərəflər ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(019)-506/2013 nömrəli qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması qət edilmişdir. Sonra Balakən Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(019)-276/2013 nömrəli qətnaməsinə əsasən xx xxxx 2010-cu ildə X6 və xx xxxxxx 2011-ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 93 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)-894/2017 nömrəli qərarı ilə alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat müəyyən edilmişdlir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, cavabdehin digər nikahdan da iki uşağının olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli 2(102)- 894/2017 nömrəli qərarı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2010-ci il tarixdə anadan olmuş X1 və xx xxxxxx 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddiaçı hər ay uşaqların saxlanması üçün 234 manat aliment alırdı (hər uşağa görə 117 manat). Hazırkı iddiasında hər uşağa görə tələb 170 manat təşkil edir. Deməli, artırılması tələb olunan məbləğ iki uşağa görə 106 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (106 X 12 ay = 1272 manat) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(019)-611/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh və İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar