Məhkəmə qərarları › İş №2(107)-2104/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2104/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2104/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1536/2016 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsi ilə nəhkəməyə müraciət edərək, Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış LD 15280/00150 saylı, 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1388.95 ( bir min üç yüz səksən səkkiz manat doxsan beş qəpik) manat əsas, 195.67 (bir yüz doxsan beş manat altmış yeddi qəpik) manat faiz, 109.80 (bir yüz doqquz manat səksən qəpik) manat cərimə məbləği, cəmi 1694.42 (bir min altı yüz doxsan dörd manat qırx iki qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun nüştərək qaydada alınaraq bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim V.Məlikov) 03 avqust 2021-ci il tarixli, 2(039)- 1536/2016 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış LD15280/00150 saylı, 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1388.95 ( bir min üç yüz səksən səkkiz manat doxsan beş qəpik) manat əsas, 195.67 (bir yüz doxsan beş manat altmış yeddi qəpik) manat faiz, 109.80 (bir yüz doqquz manat səksən qəpik) manat cərimə məbləği, cəmi 1694.42 (bir min altı yüz doxsan dörd manat qırx iki qəpik) manat məbləğində borc və 30 manat məbləğində rüsum xərci müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 Oktyabr 2015-cü il tarixli, LD 15280/00150 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 09 Oktyabr 2017-ci il tarixə qədər illik 27,80% dərəcəsini tətbiq etməklə 1450 (bir min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1 və 2.2-ci bəndləri). Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 07 Oktyabr 2015-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “Zamin” Əliyeva X1 qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. (07 Oktyabr 2015-cü il tarixli, LD15280/00150 saylı saylı zaminlik müqavilələri). Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirəmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 10 mart 2016-ci il tarixə BOKT "xxxx" MMC-nə olan borcunun məbləği kredit üzrə əsas borc 1388.95 (bir min üç yüz səksən səkkiz manat.95 qəpik) AZN, kredit faizləri üzrə 195.67 (bir yüz doxsan beş manat.67 qəpik) AZN, cərisə faizləri üzrə 109.80 (bir yüz doqquz manat. 80 qəpik) AZN olmaqla ümumilikdə 1694.42 (bir mm altı yüz doxsan dörd manat.42 qəpik) AZN təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia tələbi ilə razılaşmır, iddiaçıdan 1450 manat kredit götürmüş, Kreditin təminatı kimi də, digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd etmək istəyir ki, aylıq gecikmə olmadan vaxtlıvaxtında kreditini ödəmişdir. İddiaçı tərəf həmin məbləği şişirdilmiş olaraq tələb etmiş, həmçinin ödədiyi əsas borclar əsas borc kimi deyil, faiz və cərimə olaraq hesablandığından guya ki, onun əsas borcu ödənilməmişdir. Necə olur ki, 2015 ci ildə götürdüyü 1450 manat kredit məbləği, ödəniş etməyinə baxmayaraq 2016-cı il tarixdə 1694.42 manat təşkil edir. Ödədiyi pullar kreditdən çıxılmaqdansa, üstünə gəlir, həmçinin qətnamənin icrası zamanı əsas borclu olaraq ondan pul tələb edilmək yerinə, zamin olan Cavabdeh2 pensiyasına 50 faiz yönəldilmə edilir. İşin faktiki hallarının daha dəqiq araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Həmin qətnamədən Cavabdeh2 pensiyasında pul çıxılan zaman xəbəri olmuşdur. Daha sonra icra məmurundan işin mahiyyətini öyrəndikdən sonra qətnaməni qəbul edən məhkəməyə müraciət edərək həmin qətnamənin surətinin rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun və eləcə də digər cavabdehin vəziyyəti olduqca ağırlaşdırılmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarım tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(039)-1536/2016 qətnaməsinin ləğv edilməsini, işin faktiki hallarının daha dəqiq və ətraflı araşdırılaraq iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də 2014-cü il tarixdə kredit götürmüş və pulun çox hissəsini ödəmişdir Hesablamasına görə cəmi 200 manat borcu qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. Belə ki, cavabdeh bir dəfə az məbləğdə ödəniş etmişdir. Hesab edir ki, cavabdeh apellyasiya şikayətini verməklə mübahisəni süni şəkildə uzatmağa çalışır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin iddianın təmin olunmuş faiz və cərimə hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1536/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: BOKT “Vijn Ford Azərkredit" MMC ilə Cavabdeh1 arasında bağlanmış LD15280/00150 saylı, 07 oktyabr 2015-ci tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 27.80 % dərəcəsi ilə 1450 (bir min dörd yüz əlli manat) manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. "BOKT "xxxx" MMC ilə X4 arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 bank qarşısında öz öhdəliklərini yerinə yetirmədiyi halda məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, BOKT "xxxx" MMC-dən Cavabdeh1 imza edərək 1450 (bir min dörd yüz əlli manat) manat məbləğində kredit götürmüşdür. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun ödənilməsi üçün xəbərdar edilmişlər. Qəbzdən görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 07.10.2015-ci il tarixli, LD/15280/00150 408/5 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 qızına münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zamin-Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçı ilə bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, BOKT Vijn Ford Azərkredit" MMC ilə Cavabdeh1 arasında LD15280/00150 saylı, )7 oktyabr 2015-ci №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə BOKT "xxxx" Məhdud Məsuliyyət əmiyyətinin Yevlax filialından illik 27.80 faizlə 24 ay müddətində 1450 (bir min dörd yüz əlli manat) manat borc almışdır. Bu kredit müqaviləsənin təminatı olaraq, Cavabdeh2 ilə bank arasında 07 oktyabr 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 LD15280/00150 saylı, 07 oktyabr 2015-ci tarixli kredit müqaviləsi üzrə üzrə 1388.95 ( bir min üç yüz səksən səkkiz manat doxsan beş manat) manat əsas, 195.67 (bir yüz doxsan beş manat altmış yeddi qəpik) manat faiz, 109.80 (bir yüz doqquz manat səksən qəpik) manat cərimə məbləği, cəmi 1694.42 (bir min altı yüz doxsan dörd manat qırx iki qəpik) manat məbləğində borcu yaranmışdır. BOKT “Vijn Ford Azərkredit" MMC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi (195.67 manat faiz və 109.80 manat cərimə, cəmi 305.47 manat) 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-1536/2016 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş (faiz və cərimə məbləği) hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar