Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2107/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)- 1726/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının açılması, otaqdan istifadə hüququna xitam verilməsi və otaqda olan ona məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 06 sentyabr 2021-ci il tarixli, 2(075)- 1726/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 oktyabr 1999-cu il tarixdə oğlu X8 oglu ilə rəsmi nikahla ailə quraraq, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından 2 qız övladları dünyaya gəlmişdir. 21 yanvar 2009-cu il tarixdə oğlu ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli qətnaməsinə əsasən X6 və X4 azyaşlı qızı ilə birlikdə ona məxsus evin ikinci mərtəbəsindəki bir otağa köçürülməklə həmin otaqda onlara yaşamaq hüququ verilmişdir. Məhkəmənin həmin qətnaməsindən sonra boşananadək yəni 2009-cu ilədək onlar sözügedən evdə yaşamış boşandıqdan sonra sabiq gəlini özünə məxsus konkret adlarını bilmədiyi əşyaları bu otaqda saxlayaraq qapını bağlayıb oğlunu da otaqdan çıxarmış özü isə uşaqlarından birini öz anasının yanıda qoyaraq, Türk vətəndaşı ilə ailə quraraq, Türkiyəyə köçmüşdür. On ildir ki, həmin otağın qapısı bağlıdır. Həmin otaqda cavabdehin cehiz əşyaları var. Bu yaxınlarda nəvəsinin toyu olmuş və cavabdeh toya gəldikdə həmin otağın qapısını açmışdır. Hətta qapının kilidi köhnəldiyinə görə çətinlik çəkərək qapını açmışdır. Evə baxdıqda evin üstü çürüyərək yağış buraxdığından pəncərəsinin, döşəməsinin çürüdüyünü, evin uçmaq təhlükəsi olduğunu görmüşlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, O, qətnaməni qeyri qanuni hesab etdiyindən apellyasiya şikayəti vermişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)-1726/2021 nömrəli qətnaməsinin ləğv edilməsini işə yenidən baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, Türkiyədə yaşamasına baxmayaraq, hələ də ona məxsus olan əşyalar həmin otaqdadır. Hazırda yaşadığı ev tamamilə köhnəlmiş vəziyyətdədir. Ona görə də yaşadığı evin dövlətə keçərək, ona iki otaqlı yeni ev verilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Sonuncu dəfə məhkəmə bildirişi cavabdehin sonuncu yaşayış yeri üzrə İcra nümayəndəliyinə göndərilmiş, həmin orqan tərəfindən bildirişin kötüyü üzərində müvafiq qeydlər edilməklə məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)-1726/2021 nömrəli qətnaməsi qismən, yəni “mübahisəli ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının açılmasının təmin edilməməsi” hissəsində ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; 27 fevral 1991- ci il tarixli qeydiyyat vəsiqəsinin və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli, 2-127/2000 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar Cavabdeh və X2 Günay adlı azyaşlı qızı ilə birlikdə cavabdeh İddiaçı məxsus olub, ünvan 3 ünvanda yerləşən otağa köçürülməsi və həmin evdə onlara yaşamaq hüququ verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 21 yanvar 2009-cu il tarixli, 2(075)-19/2009 saylı qətnamsinin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 1999-cu il tarixli nikahın pozulması, uşaqları X5 və X1 Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçının izahatından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh 23 oktyabr 1999-cu il tarixdə iddiaçının oğlu X8 oglu ilə rəsmi nikahla ailə quraraq, ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından onların iki övladı olmuşdur. 21 yanvar 2009-cu il tarixdə iddiaçının oğlu ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 23 noyabr 2000-ci il tarixli qətnaməsinə əsasən X6 və X4 azyaşlı qızı ilə birlikdə iddiaçıya məxsus evin ikinci mərtəbəsindəki bir otağa köçürülməklə həmin otaqda onlara yaşamaq hüququ verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə düzgün nəticəyə gəlməmiş, iddianın bir hissəsi “mübahisəli evin cavabdeh tərəfindən bağlanmış qapısının açılmasının təmin edilməməsi” hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hissədə tərəflər arasındakı münasibətə və mülkiyyət hüququnu tənzimləyən normlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının tələbi üç hissədən- -Mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanusuz bağlanmış qapısının açılması; - otaqdan istifadə hüququna xitam verilməsi; - otaqda olan ona (cavabdehə) məxsus əşyaların çıxarılmasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı aşağıdakı mövqeyi ilə əsaslandırmağa çalışır.
1. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan hüquqi münasibət 1999-cu il tarixdə yaranmışdır. Buna görə də hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003- cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
3. Mübahisənin bu hissəsi ilə bağlı kollegiya bildirir ki, mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır.
4. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
5. Subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətlərin məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onların hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür.
6. Apellyasiya məhkəməsinin araşdırması zamanı iddiaçıya bu kimi iddialarla bağlı kompensasiya institutunun mahiyyəti nəzərinə çatdırılsa da, sonda iddiaçı tərəf qanunvericilikdən xəbərdar olduğunu və israrlı şəkildə heç bir kompensasiya ödəmək fikrinin olmadığını bildirmişdir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmır.
7. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli əmlakın (evin) araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini də nəzərdən keçirməyi vacib hesab edir . Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin bir hissəsini (mübahisəli evin qapısının cavabdeh tərəfindən bağlanması) də məhz qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. İşin faktiki halından göründüyü kimi cavabdeh məhkəmə qətnaməsi ilə mübahisəli evin 2-ci mərtəbəsindəki bir otağa köçürülərək ona yaşamaq hüququ verilsə də, həmin otaq evin ayrılmaz hissəsi kimi iddiaçının mülkiyyətində qalmaqdadır. Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan otağın qapısının illərcə bağlı qalması və bunun nəticəsi olaraq otaqda nəmlik, natəmizlik və s. kimi halların yaranması iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Beləliklə kollegiya yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qərara gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)-1726/2021 nömrəli qətnaməsi qismən, yəni “mübahisəli ünvan 1 ünvanında yerləşən evin otağının cavabdeh tərəfindən qanunsuz bağlanmış qapısının açılmasının təmin edilməməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)-1726/2021 nömrəli qətnaməsi qismən-“ünvan 1 ünvanında yerləşən evin otağının cavabdeh tərəfindən qanunsuz bağlanmış qapısının açılmasının təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, idda tələbi bu hissədə təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin cavabdeh tərəfindən qanunsuz bağlanmış otağının qapısı açılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov