Məhkəmə qərarları › İş №2(107)-2119/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2119/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2119/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 Yunus oğlunun və cavabdehlərin vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 məxsus 0,22 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 141,0 m2 olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1821/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 Yunus oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Yunus oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Yunus oğlundan və Cavabdeh2 25000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavdova) x xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1821/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək Yevlax rayonu Malbinəsi kəndində yerləşən, Cavabdeh2 məxsus 0,22 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 141,0 m2 olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 Yunus oğlu və Cavabdeh2 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişlər ki, həmin qərardadı qeyri-qanuni və əsassız hesab edirlər. İddia tələbi sırf pulla bağlı olan bir məsələdir, üzrəniə həbs qoyulmuş daşınmaz əmlak iddia ərizəsinin predmetini təşkil etmir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(039)- 1821/2020 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətlərinin aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edirlər. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1821/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-1821/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Yunus oğlu və cavabdehlərin vəkili X2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1821/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə, müəyyən hərəkətləri etməyi cavabdehə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi qeyd olunanları və hazırki iş üzrə iddianın təmin etmə tədbirinin görülməməsinin gələcəkdə əlavə məhkəmə mübahisələrinin yaranmasına əsas olacağını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmini tədbiri barədə iddiaçının ərizəsi təmin olunmaqla, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək Yevlax rayonu Malbinəsi kəndində yerləşən və Cavabdeh2 məxsus torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbsbilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1821/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 Yunus oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1821/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar