Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2119/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-863/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon məhkəməsinin 2(033)-545/2012 saylı 28 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən 18 iyul 2004-cü ildə doğulmuş X1 üçün cavabdehdən onun xeyrinə tutulan hər ay 50 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesində Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin maddi durumunu nəzərə alaraq hər ay bir uşaq üçün 150 manat miqdarında aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 24 avqust 2021-ci il tarixli, 2(033)-863/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Zaqatala rayon məhkəməsinin 2(033)-545/2012 saylı 28 iyun 2012-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 18 iyul 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılması, 18 iyul 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 545/2012 saylı 28 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən 18 iyul 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 may 2012-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdehin ödədiyi aliment uşağının saxlanılması üçün kifayət etmir və sonuncu uşağın əlavə saxlanma xərclərində iştirak etmir. Bu səbəbdən də o, aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə prosesində iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin maddi durumunu nəzərə alaraq hər ay bir uşaq üçün 150 manat miqdarında aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu fakt göstərir ki iddiaçı onun maddi durumumun aşağı səviyyədə olduğunu yazılı şəkildə təsdiq edir. O, məhkəmədə hal-hazırda ödəməli olduğu hər ay üçün təyin edilmiş 50 manat alimenti hətta Ödəməkdə çətinlik çəkdiyini, maddi imkanlarının çox aşağı, səviyyədə olduğunu, yenidən evlənmək, saxlamaq məcburiyyətində olduğunu, 4 nəfər ailə üzvü olduğunu, hazırkı evlilikdən də 2 övladı və onlara qulluq valideynlik borcunu yerinə yetirmək məcburiyyətində olduğunu nəzərə almalarını və hər ay maksimum 80-100 manata qədər aliment ödəyə bilməyəcəyini bildirsə də məhkəmə onun xahişini və göstərdiyi faktları nəzərə almamışdır. Zaqatala Rayon Məhkəməsi 24.08.2021-ci il tarixli 2(033)-863/2021 saylı qətnaməsi ilə əsassız olaraq aliment məbləğini artıraraq hər ay üçün sabit pul məbləğində 150 manat aliment müəyyən etmişdir. Məhkəmənin həmin qətnaməsini qeyri-qanuni hesab edir. Apellyasiya şikayəti verməyində əsas səbəb odur ki, məhkəmə qərar verərkən işin faktiki hallarını araşdırmadan onun maddi və ailə vəziyyətini öyrənmədən məhkəmədə göstərdiyi xüsusatlara əhəmiyyət vermədən qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-863/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçıdan boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin nikahdan da iki övladı var. Odur ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilərək, alimentin 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, uşaq böyüdükcə onun tələbatları da günbəgün artır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin 2(033)- 545/2012 saylı 28 iyun 2012-ci il tarixli qətnaməsindən görünür ki, 18 iyul 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 may 2012-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Zaqatala RİHB-ın Muxax kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 543088 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 18 iyul 2004-cü ildə doğulmuş, atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun aylıq gəlirinin aşağı olması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Apellyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, cavabdeh alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay uşaq üçün 50 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin uşaq üçün 150 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı iddia tələbinin tələbinin məbləği (qiyməti) 100 manat (150- 50=100), iddianın illik qiyməti isə 1200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(033)-863/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2119/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2119/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver