Məhkəmə qərarları › İş №2(107)-2127/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2127/2021

17.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2127/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)- 1186/2019 saylı 06.08.2019-cu il tarixli qətnaməsinə əsasən 15.08.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh 15.08.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 20 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.08.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə birgə nikahdan 15.08.2005-ci il tarixdə X4 anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)- 1186/2019 saylı 06.08.2019-cu il tarixli qətnaməsinə əsasən 15.08.2005-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 100 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Oğlu boyüdükçə maddi tələbatı artdığından uşağı tək başına saxlamaqda çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır. Buna baxmayaraq cavabdeh oğlunun saxlanması üçün əlavə heç bir maddi yardım görsətmir. Buna görə də qızının saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan anadan olmuş oğlunun saxlanması üçün hər ay 100 manat aliment ödəyir. Tikintidə fəhlə işləyir. İddiaçı isə Tibb Universitetinin X2 lobarant işləyir, aylıq maaşı 500 manat məvacib alır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi məlum qərarı qəbul edərkən ona istinad etmişdir ki, guya cavabdeh tikintidə fəhlə işləyir, o isə lobarant işləyərək 500 manat əmək haqqı alır. Məhkəmə ancaq cavabdehin ifadəsinə əsaslanaraq bu qənaətə gəlməsi qərəzli məhkəmə qətnaməsinin qəbul edilməsinə əsas verir. Belə ki, o, cəmi 400 manat təmiz maaş alır. Bakı şəhərində kirayədə yaşayır. Aylıq kirayə 250 manat təşkil edir. Bakı şəhərində bu pula ancaq təmirsiz və heç bir şəraiti olmayan evdə qalmaq olur. Qalan 150 manata o, həm özünü, həm də 16 yaşlı oğlunu necə dolandırmağı yəqinki məhkəməyə aydın olmalı idi. Oğlu Nihadın qeyd etdiyi kimi 16 yaşı var. Onun geyinməsi və qidalanması üçün 100 manat bəs edə bilərmi. Nihad həmçinin xəstədir, daimi həkim nəzarətinə və müalicəyə ehtiyacı var. Cavabdeh ata öz oğluna görə aliment verməməyə görə məhkəməyə gedirsə onun şəxsiyyətini xarakterizə etmək o qədər də çətin deyil. Halbuki cavabdeh fərdi əməklə məşğul olaraq çox böyük gəlir əldə edir. İddiaçının, azyaşlı uşağın 100 manat məbləğində pulla bir ay müddətində yaşaya bilməməsini sübut etmədiyini göstərən hakim nəzərə almamışdır ki, iddiaçı bu halı sübut etməməlidir. Belə ki, Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumu hər bir vətəndaşa minimum lazım olan aylıq maliyyə vəsaitinin göstəricisidir. Qeyd olunan Qanunun mənasına görə uşaq acından ölməmək üçün bir ay müddətində 100 manatlıq qida ilə təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin məntiqinə görə isə azyaşlı uşaq 100 manat məbləğində pulla bir ay müddətində yaşaya bilməməsini sübut edə bilmirsə, deməli, yaşaya bilər. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)- 1314/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və birgə nikahlarından doğulmuş 15 avqust 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-1186/2019 saylı 06.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 15.08.2005-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Elektron məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı Azərbaycan Tibb Universitetinin X2 lobarant işləyir, aylıq əmək haqqı 487.60 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2,78.1 və 78.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və “Bronda İtaliyaya qarşı” işi üzrə qərarına və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, 15.08.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay tutulan 100 manat alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanuna əsaslanaraq azyaşlı uşaq 100 manat məbləğində pulla bir ay müddətində yaşaya bilməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə uşaqların saxlanması hər iki valideynin birgə borcudur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin bir uşağın saxlanması üçün 170 manat aliment ödəmək iqtidarında olmasını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etmədiyindən yaşayış minimumu haqqında Qanuna əsaslanaraq 170 manat tələb etməkdə haqlı deyildir. İddiaçı qətnamənin tam ləğv edilməsini xahiş edərkən iddiasının təmin edilmiş hissəsinin nə üçün ləğv edilməli olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(046)-1314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar