Məhkəmə qərarları › İş №2(107)-213/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-213/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-213/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğu və X3 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1364/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay bir uşağa sabit pul məbləğində 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2015-ci il tarixdə Fatimə, xx.xx.2017-ci il tarixdə Raim adlı övladları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X9 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 iddiaçı – anaları X5 yanında saxlanılmışdır. Həmçinin həmin qətnamə ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadk saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Hal-hazırda qızı Fatimənin 7, oğlu Raimin isə 5 yaşı var. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çətir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1364/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı X10 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X8 iddiaçı - anaları X5 yanında saxlanılması, Cavadov Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər uşaq üçün 193 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, halhazırda rəsmi əmək haqqının 400 manat olduğunu, o cümlədən birgə nikah dövründə aldığı krediti ödədiyini və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Eyni zamanda müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 100 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Göstərilənlərin konteksində məhkəmə hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(025)-584/2020 nömrəli qətnaməsi ilə hər ay hər bir uşağa təyin edilmiş 100 manat aliment həmin uşaqların yaşının və bu xüsusda aradan keçən 2 il ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin hər ay 400 manat əmək haqqı alması halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Məhkəmə qeyd etmişdir ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 150 manat, iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay hər bir uşaq üçün 150 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər bir uşağa görə 150 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 386 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Məhkəmə qeyd etmişdir ki, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14- cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarı, Ailə Məcəlləsinin 22.2.2, 75.1-ci, 75.4, 76.2, 78.1, 112.1, 100.2-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.1.2-ci ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, hal-hazırda qızı Fatimənin 7, oğlu Raimin isə 5 yaşı var. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Qəbələ Rayon Məhkəməsinin müvafiq qətnaməsi qəbul edilərkən, cavabdehin əsassız etirazına əsaslanmış və alimentin məbləği müəyyən edilmiş yaşayış minimumundan az müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə hər uşağa 150 manat aliment məbləği müəyyən etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, o, Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(025)-1364/2022 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Qeyd edir ki, məhkəməyə ünvanladığı etiraz ərizəsində də qeyd etmişdir ki, o hal-hazırda "xxxx" MTK-da fəhlə vəzifəsində çalışır və hər ay 400 manat əmək haqqı alır. Həmin məbləğin 200 manatını hal-hazırda uşaqlarının saxlanılması üçün aliment ödəyir. Həmçinin xəstəliyi ilə əlaqədar hərbi xidmətdə də olmamış və səhhətində yaranan problemlər ilə əlaqədar hərdən müalicə kursu da keçir. Bundan əlavə bildirir ki, ailənin sosial şəraitini yaxşılaşdırmaq üçün birgə nikah dövründə "xxxx" ASC-dən birgə nikah dövründə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında 5000 manat kredit götürmüş və hər ay 267 manat kredit ödənişi edir. Həmin kreditin ödənişlərini etməkdə çətinlik çəkir. Baxmayaraq ki, həmin krediti ailəsinin sosial problemlərini həll etmək üçün götürmüşdü, lakin hazırda cavabdeh həmin kreditin ödənilməsində də ona heç bir köməklik göstərmir. Aldığı 400 manat əmək haqqından 200 manat aliment ödədikdə, 267 manat kredit ödənişinə pul çatdıra bilmir və qohumlarının köməkliyi ilə borc almaqla ödəyir, bundan başqa aliment ödənildikdən sonra qalan pul onun minimum yaşayışını ödəmir. Hazırda valideynlərinə də o baxır və bütün bu xərclər onun üzərində qalmışdır. Bu səbəbdən də 2 uşaq üçün təmin olunmuş 300 manat alimenti ödəyə bilməyəcəkdir. Digər tərəfdən nəzərə alsaq ki, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı isə tam sağlamdı, marketdə satıcı işləyir və uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan və qarşı tərəfdə aldığı əmək haqqı ilə uşaqların saxlanılmasında köməklik etməlidir. O indiki yaşayış tərzinə və vəziyyətinə görə iddiaçı Bəsti X1 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün 100 manat olmaqla ümümilikdə 200 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Ona görə də alimentin miqdarı dəyişilmədən, yəni hər uşaq üçün 100 manat olaraq saxlanılmalı, ya da alimentin məbləği əmək haqqısının 1/3 hissəsinə yönəldilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi məhkəmə alimentin miqdarının artırılması barədə qətnamə qəbul edərkən cavabdeh şəxs kimi onun maddi vəziyyətini, xəstələyinin və yaşlı valideyninin olmasını, gəlirlərini vəs. nəzərə almamışdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasındaləğv edilməsi üçün əsasdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(025)-1364/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(025)-1364/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı tam həcmdə mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1364/2022 saylı qətnaməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(025)-584/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı X10 ilə Cavabdeh arasında Qəbələ rayon Qaradeyin kənd İnzibati Ərazi Dairəsi tərəfindən 2014-cü il aprelin 26-da qeydə alınmış 01 nömrəli nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X8 iddiaçı-anaları X5 yanında saxlanılması, Cavadov Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər uşaq üçün 193 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, halhazırda rəsmi əmək haqqının 400 manat olduğunu, o cümlədən birgə nikah dövründə aldığı krediti ödəyini və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay hər bir uşağa ödəməli olduğu 100 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. İlk olaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 150 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər birinə 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bütün yuxarıda qeyd edilənlər nəzərə alınara kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Daha sonra məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri də əsassızdır və formal mülahizələrdən ibarətdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Qeyd edir ki, məhkəməyə ünvanladığı etiraz ərizəsində də qeyd etmişdir ki, o hal-hazırda "xxxx" MTK-da fəhlə vəzifəsində çalışır və hər ay 400 manat əmək haqqı alır. Həmin məbləğin 200 manatını hal-hazırda uşaqlarının saxlanılması üçün aliment ödəyir. Həmçinin xəstəliyi ilə əlaqədar hərbi xidmətdə də olmamış və səhhətində yaranan problemlər ilə əlaqədar hərdən müalicə kursu da keçir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində "xxxx" MTK-da fəhlə vəzifəsində çalışdığını, hər ay 400 manat əmək haqqı aldığını, həmin məbləğin 200 manatını hal-hazırda uşaqlarının saxlanılması üçün aliment ödədiyini, həmçinin səhhətində yaranan problemlər ilə əlaqədar hərdən müalicə kursu keçdiyini bildirsə də, bu hallar onu uşağı saxlamaq və ya alimentin daha yüksək məbləğdə ödəmək öhdəliyindən azad etmir. Belə ki "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 150 manat sabit pul məbləğində alimenti qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Kollegiya qeyd edir ki, məhkəmə aliment məbləğini artırarkən uşağın gün keçdikdə artan tələbatını nəzərə almış və aliment təyin edərkən ilk növbədə uşağın mənafeyini nəzərə almıdır. Belə olan halda kollegiya qeyd edir ki, cavabadehin aylıq gəlir yerinin az olması, onu uşağı saxlamaq vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətləri təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1364/2022 saylı qətnaməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1364/2022 saylı qətnaməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar