Məhkəmə qərarları › İş №2(107)-2136/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2136/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2136/2021 17.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh 2415.2 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən 0,72 ha torpaq sahəsini Cavabdeh qanunsuz zabt etdiyinə və onun həmin torpaq sahasindən istifadə edə bilmədiyinə görə ona vurulmuş 3024,00 (üç min iyirmi dörd) manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Ağbulaq kəndində 4.8342 ha torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində 111 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınaraq ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı 11.01.2018-ci il tarixli Çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra tərəfindən çəpərləmə işləri həyata keçirilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh ona məxsus həmin torpaq sahəsinin 0,72 ha hissəsini zəbt edərək orada əkin işləri aparmağa başlamışdır. Dəfələrlə cavabdehə torpaq sahəsinin ona məxsus olduğunu, ona torpaq sahəsinə dair Çıxarışı və digər hüquqi sənədləri göstərsə də heç bir xeyri olmamış, ona məxsus torpaq sahəsinin 0,72 ha olan hissəsində buğda əkərək sonradan satışını həyata keçirmişdir. Qeyd olunan torpaq sahəsi ona məxsus olduğu, lakin mülkiyyətçi kimi həmin torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmədiyi səbəbindən, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 11.02.2019-cu il tarixli 2(037)-125 nömrəli qətnamsi iləcavabdehə həmin torpaq sahəsindən çıxarılması və istifadə edilməsi qadağan olunmuşdur. Cavabdeh torpaq sahəsindən kommersiya üçün gəlir götürmək məqsədi ilə vaxt udmaq üçün heç bir məntiqi əsası olmadan İsmayılll Rayon Məhkəməsinin qərarından Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apelyasiya Məhkəməsi 06.05.2019cu il tarixli 2(107)-1728/2019 nömrəli qərarla tikinti-texniki ekspertiza təyin etmişdir. Bundan sonra 31.10.2019-cu il tarixli 2(107)-1728/2019 nömrəli qərarla mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən çıxarılması barədə qərar qət etmişdir. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli 2(107)1728/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarlarının İsmayıllı rayon icra şöbəsinin əməkdaşları ilə həmin torpaq sahəsindən cavabdehin çıxarılması həyata keçirilərkən o, torpaq sahəsindən çıxarılmasından imtina etmiş və tərtib edilmiş akt-protokola imza etməkdən imtina etmişdir. Beləliklə cavabdeh 2018, 2019, 2020, 2021-ci illər ərzində ona məxsus 0,72 ha torpaq sahəsində kommersiya məqsədi ilə buğda əkini işləri aparmışdır.Zaman-vaxt udmaq məqsədi ilə zəbt edilmiş torpaq sahəsi üzrə heç bir əsas olmadan məhkəmələrə müraciət etmiş və fürsətdən istifadə edərək buğda və ot yetişdirərək satışını həyata keçirmişdir. İsmayıllı rayon icra Hakimiyyətinin Statistika məlumatlarına əsaslanan İsmayıllı rayonu üzrə hər bir hektar torpaq sahəsindən 35-40 sentiner məhsul alındığı bildirilmişdir. (1 ton-10 sentiner) Yuxarıda qeyd olunanları nəzərə alaraq, hər bir hektar üzrə minimum 30 sentiner hesabı ile hesablanarsa (30 sent x 0,72h) 2,16 ton buğda əldə edildiyi ve buğdanın orta satış qiyməti respublika üzrə bir kq 0,40 manat müəyyən edildiyi nəzərə alınsa bir il üzrə 2160 kq x 0,40 qəpik-864,00 manat gəlirin təşkil edildiyi müəyyan edilmişdir. Obyektivlik asas götürülərək həmin bu gəlirin əldə edilməsi ilə əlaqədar xərclər hesablanarsa bir hektarın şumlanmasına görə traktora 40,00 manat hesabı ilə (40,0man x 0,72h) 28,80 manat, səpilən bir hektara 200 kq buğda sərf edildiyi halda (200 kq x 0,72 h) 144 kq təşkil edildiyi ve toxumluq buğdanın dəyəri 0,55 manat hesabı ilə (144 kq x 0,55 man) 79,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Yekunda zəbt edilmiş 0,72 ha torpaq sahəsində bir il üzrə 864,0 manat gəlir götürdüyü və ona (28,80+79,20) 108,00 manat xerc çəkildiyi halda nəticədə 756,00 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. 2018,2019,2020 və 2021-ci illər üzrə (756,00 x 4) 3024,0 manat ona məxsus olduğu olmalı gəlir əldə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə ona atasından qalmış torpaq sahəsinin sərhədləri bitişikdir. İddiaçı dəfələrlə ona həmin torpaq sahəsini ona satmasını bildirmiş o isə buna razı olmamışdır. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. İddiaçı saxta sənədlər təqdim edərək bütün məhkəmə instansiyalarını udmuşdur. O, iddiaçı tərəfindən məhkəmələrə saxta sənəd təqdim etməsini bildirsə də buna məhəl qoyan olmamışdır. Bir daha qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair sənədləri saxtadır. İddiaçının zəbt etdiyini iddia etdiyi torpaq sahəsi ona məxsusdur və o heç bir zaman həmin torpaq sahəsindən çıxmayacaqdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayonu Aqrar İslahatı Komissiyasının 10 aprel 2003-cü il tarixli, 09 nömrəli qərarı ilə atam-X2 İsmayıllı rayonu, Ağbulaq kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatı ilə 15276 kv.m torpaq sahəsi verilmişdir. X3 oğlu 01 iyun 2004-cü ildə qida borusunun xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir. Onun vəfatından sonra ondan qalmış əmlaklar, o cümlədən İsmayıllı rayonu, Ağbulaq kəndində kəndində yerləşən 15276 kv.m torpaq sahəsi vərəsəlik əsasında ona keçmişdir. İsmayıllı rayonu, Ağbulaq kəndində iddiaçıya məxsus 4.8342 ha torpaq sahəsi ilə ona atasından qalmış torpaq sahəsinin sərhədləri bitişikdir. İddiaçı dəfələrlə ona həmin torpaq sahəsini satmasını bildirmiş, o isə buna razı olmamışdır. Daha sonra İddiaçı onun iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 2(037)-125/2019 saylı qətnaməsi ilə, onun İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 4.8342 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsindən onun istifadəsinin qadağan edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün onun tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)-1728/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, onun İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli, 2(102)-1720/2020 saylı qərarı ilə, Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)-1728/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona atasından qalmış torpaq sahəsinin 0.72 ha hissəsinin zəbt torpaq sahəsi olmasından məlumatı olmamışdır. Atası vəfat etdiyi gündən həmin torpaq sahəsi onun tərəfindən istifadə edilmiş, əkilib-becərilmiş, torpağa zəruri qulluq edilmiş, torpağın məhsuldarlığının artırılması üçün bütün zəruri tədbirlər görülmüşdür. Həmin müddət ərzində heç bir kəs ona həmin torpaq sahəsinin zəbt olması barədə hər-hansısa bir məlumat verməmişdir. O, istifadəsində olan torpaq sahəsinin 0,72 ha hissəsinin zəbt olması ilə bağlı qəbul edilmiş qərarlarla razılaşmasa da, yekunda dövlətin adından qəbul edilmiş qərar olduğundan onun tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı qəbul edildikdən sonra mübahisəli torpaq sahəsindən istifadə edilməmiş, iddiaçının istifadəsinə də, hər hansısa bir maneə törədilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı qəbul edildikdən sonra ona məxsus olan torpaq sahəsinin tanıdılması və sərhədlərinin dəqiqləşdirilərək ona verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Layihə Tədqiqat İdarəsinə müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək onun torpağının tanıdılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı qəbul edildikdən sonra torpaq sahəsinin hansı hissəsinin zəbt edildiyini bilmədiyindən ümumiyyətlə torpaq sahəsini əkməmişdir ki, hazırki iş üzrə iddiaçı ilə aralarında hər-hansısa bir əlavə narazılıq olmasın. Həmin hal, qətnamədə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı arayışında göstərilmişdir ki, 0.72 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cari ildə səpin işləri aparılmamış və həmin sahədən ot məqsədi ilə istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi həmin sahədən biçilməsi iddia edilən otun onun tərəfindən biçilməsi qənaətinə hansı əsaslarla gəlmişdir. Bu barədə mülki işin materiallarında heç bir sübut yoxdur və qəbul edilmiş qətnamədə də heç bir əsaslandırma göstərilməmişdir. Əgər o, həmin torpaq sahəsindən istifadə etmək niyyətində olsa həmin torpağa taxıl əkər və daha çox məhul götürərdi. Hazırki vəziyyətdə o, öz torpağının harda yerləşməsini, torpağının hansı hissəsinin iddiaçının iddia etdiyi kimi zəbt olmasını bilmir, necə ola bilər ki, o, iddiaçının həmin torpaqdan istifadəsinə maneə yaradır. Mülki işin materiallarında olan çıxarışdan və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən 11 yanvar 2018-ci ildə alınmışdır. Mübahisəolunmaz faktdır ki, hər il üzrə əkin işləri ilin sonunda başlanılır. Yəni hazırki iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi alınarkən həmin torpaq sahəsi onun tərəfindən öz qanuni mülkiyyəti hesab edilərək 2017-ci ilin sonlarında artıq əkilmişdi. Həmin müddətdə iddiaçı tərəfindən ona heç bir söz deyilməmişdir. Həmçinin məhkəmə mübahisəsi gedən dövrdə belə məhkəmələr tərəfindən onun həmin torpaq sahəsindən istifadə etməyinə qadağa qoyulması barədə ona heç bir söz deyilməmişdir. O, 2004-cü ildən atasından miras qalmış torpaq sahəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qərarı qəbul edilənədək həmin torpaq sahəsinin 0.72 ha hissəsinin zəbt olduğunu bilməmişdir. Hazırki günə kimi də, İsmayıllı rayonu Aqrar İslahatı Komissiyasının 10 aprel 2003-cü il tarixli, 09 nömrəli qərarı ilə atası-X2 İsmayıllı rayonu, Ağbulaq kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatı ilə verilmiş və vərəsəlik əsasında ona keçmiş 15276 kv.m torpaq sahəsinin harda olmasını öyrənə bilməmişdir. Bu barədə dövlət qurumlarına müraciət etsə də, hər dəfəsində müxtəlif bəhanələrlə üzləşmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı arayışına istinad etmişdir ki, həmin arayış da öz-özlüyündə qeyri-dəqiqdir. Birinci instansiya məhkəməsi, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzi nəyin əsasında müəyyən etdi ki, həmin torpaq sahəsində o buğda əkmişdir, yaxud torpaq sahəsi iddiaçıda olardısa həmin torpaq sahəsinə buğda əkəcəkdir. Bütün yuxarıda göstərilənlər, birinci instansiya məhkəməsi tərəfindən işə səthi baxılmasını, ətraflı araşdırma aparılmamasını, yekunda heç bir sübuta və qanuna əsaslanmayan qətnamə qəbul edilməsini sübut edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, mübahisə edilən İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, İddiaçı ona-Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilmiş 2415.2 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manat hissəsinin də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 11.01.2018-ci il tarixli, seriya RX ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən 4.8342 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli, 2(037)- 125/2019 saylı qətnaməsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 4.8342 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən onun istifadəsinin qadağan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)- 1728/2019 saylı qətnaməsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Ağbulaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli, 2(102)-1720/2020 saylı qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(107)-1728/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.1, 157.2, 157.4, 157.5, 157.6 və 157.7-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 11.01.2018-ci il tarixli, RX seriyalı ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən 4.8342 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və cavabdeh həmin torpaq sahəsinin 0.72 ha hissəsini qanunsuz olaraq istifadə edərək qazanc əldə etmişdir. İddiaçı hazırda ona dəymiş zərəri və əldən çıxmış faydanı cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddiaçının iddiasının əsasını ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanuni əsas olmadan əkib-becərərək gəlir əldə etməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Göründüyü kimi, cavabdeh 2018-ci il tarixdə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə qanunsuz sahiblik (vicdansız sahib) etdiyini bilmiş, buna baxmayaraq, qanunsuz sahibliyinə son qoymayaraq 2018, 2019, 2020 və 2021-ci illərdə sözügedən torpaq sahəsini əkib-becərərək gəlir əldə etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı arayışından görünür ki, 0.72 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cari ildə səpin işləri aparılmamış və həmin sahədən ot məqsədi ilə istifadə olunmuşdur. Sahibkar 0.72 ha torpaq sahəsindən ot məqsədi ilə istifadə edərsə bir ildə götürə biləcəyi gəlir aşağıdaki kimi olar. 0.72 ha sahədən təxminən 72 ədəd ot bağlaması əldə edilə bilər. Ot bağlamasının 1 ədədinin qiymətini 3 manatdan götürsək ümumi gəlir 72 ədəd x 3 manat =216 manat təşkil edir İstehsal xərcləri: Otun biçilməsi-15 manat, bağlanması (1 ədəd-0,3 manat)-21.6 manat, daşınması-15 manat, cəmi 51,6 manat, olduqda vətəndaş 216 manat (ümumi gəlir) - 51,6 manat (istehsal xərci)=164,4 manat gəlir götürə bilər. Buğda əkilərsə:0,72 x 36.2 (buğdanın orta məhsuldarlığı) = 2.6 ton x 0.35 manat (buğdanın orta alış qiyməti)=910 manat, istehsal xərcləri: şum 1 ha üçün 40 manat x 0.72 ha = 28,8 manat, mala 1 ha üçün 15 manat x 0,72 ha =10.8 manat, səpin 1 ha üçün 15 manat x 0.72 ha =10,8 manat, toxum tələbatı 0,72 ha üçün 160 kq x 0,7 manat =112 manat, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə =100 manat, biçin 1 ha üçün 40 manat x 0,72 ha = 28.8 manat, daşınması = 15 manat olmaqla, cəmi 306.2 manat təşkil edir. Vətəndaş buğda əkərsə 1 ildə 0,72 hektardan 910 manat (ümimi gəlir)-306.2 (istehsal xərcləri) manat = 603.8 manat xalis gəlir götürə bilər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı rəyi ilə müəyyən edilən iddiaçıya məxsus 0,72 ha torpaq sahəsində 1 il ərzində özü əkib-becərsə idi əldə edə biləcəyi məbləğ, illik 603.8 manat olmaqla, cavabdehin 2018, 2019, 2020 və 2021-ci illər olmaqla dörd il ərzində əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin cəmi olan 2415.2 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini qətnamənin iddianın təmin edilməyən hissəsində də ləğv edilməsini xahiş etdiyi hissə istisna edilməklə işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən 4.8342 ha torpaq sahəsinin 0,72 ha hissəsini cavabdehin zəbt edərək orada əkin işləri apardığını qeyd etsə də, işin halları ilə qeyd olunan torpaq sahəsində əkin işlərinin aparılması təsdiqlənmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 81 saylı arayışından görünür ki, 0.72 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cari ildə səpin işləri aparılmamış və həmin sahədən ot məqsədi ilə istifadə olunmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş Cavabdeh 2415.2 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 3024 manat dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası həmin hissədə də rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(037)-589/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş Cavabdeh 2415.2 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 3024 manat dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası həmin - cəmi 2445.2 (iki min dörd yüz qırx beş manat iyirmi qəpik) manata aid hissədə də rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzirxan Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar