Məhkəmə qərarları › İş №2(107)-2139/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2139/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2139/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsindən cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş аpelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxx 2020-ci il tarixli 2(039)- 75/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Yevlax Rayon Mərkəzi X1rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dairiddiası qismən təmin edilərək, cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 vurulmuş mənəvi ziyana görə 1,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, ümumi 1,030 (bir min otuz) manat 40 (qırx) qəpik məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X14 (bundan sonra cavabdeh və ya “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X16) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən səhhətinə vurduqları maddi ziyana görə 10,000 manat və mənəvi ziyana görə 10,000 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xəstəliyi ilə bağlı müalicə olunması üçün X11 Xəstəxanasına müraciət etmiş, X11 Xəstəxanasında cərrah Elmi Qədimov tərəfindən cərrahiyyə əməliyyatı olunmuşdur. Cərrahiyyə əməliyyatı zamanı müalicə həkimləri tərəfindən ciddi nöqsanlara yol verilmiş və səhhəti, yəni sağlamlığı bərpa olunmaq əvəzinə səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, əməliyyatdan sonra ona antisanitariya qaydasında qulluq edilmiş, qanına mikrob keçmiş, bunun nəticəsində səhhəti ağırlaşmışdır. Hətta X11 X4 şəxsin mütəxəssislərinin tövsiyəsi belə olmuşdur ki, dializ xəstəsi kimi ona alət qoşulsun. Cərrahiyyə əməliyyatı keçirildikdən, o cümlədən qanına mikrob salındıqdan sonra onun qarın nahiyəsi, prostat vəzi hədsiz şişmiş, rəngi dəyişmiş və güclü ağrıları baş vermişdir. Sözün əsl mənasında ölüm yatağında olmuşdur. Elmi həkimi onu guya ki, müayinə edən zaman ona kobudcasına “özünü artistliyə vurma” deyirdi. Ağrılarının azalmasına doğru deyil, daha kəskin olmasına doğru ona “yardım” edirdi. Bir sözlə o, çox ağır vəziyyətdə yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılmışdır. Çox saylı və gərgin müayinələrdən sonra bir daha təsdiq edildi ki, Yevlaxda getmiş cərrahiyyə əməliyyatından sonra ona düzgün qulluq edilmədiyindən səhhətində qeyd edilən fəsadlar yaranıb və prostat vəzinin hiperplaziyası diaqnozu ilə üzərində Bakı şəhərində yerləşən Respublika Müalicə Diaqnostika Mərkəzində alt sidik yolları əməliyyatı aparılmışdır. Uzun müddətdən sonra səhhətində irəliləyiş yaranmışdır. Bakıya gediş-gəliş pulları, xəstəxana məsrəfləri, dava-dərman pulları nəzərə alınmaqla o, müalicəsinə ümumilikdə 10,000 manat pul məsrəf etmişdir. Bundan başqa, cavabdeh tərəfin qeyri-peşəkarlığı nəticəsində maddi ziyanla yanaşı, həm də mənəvi ziyan dəymişdir. Ona dəymiş mənəvi ziyanı 10,000 manat dəyərində qiymətləndirir. Əməliyyatdan sonrakı dövrdə ağır günlər keçirmişdir. Güclü ağrılarla yanaşı, həkim laqeydliyi də ona mənəvi əzab verirdi. Artıq ölüm pəncəsində olduğunu bilirdi. Lakin, həkim laqeydliyi və həmin vəziyyətində həkimlərin onu borclu çıxarmaq istəkləri çox dözülməz idi. Peşəkar həkim kimi tanınan Teymur həkim də, sanki, 50-100 manatlıq bir əşyadan danışırmış kimi, ona “belə hadisələr olanda olur də” deyərək insan həyatına laqeydlik göstərirdi. Cərrah Elmi həkim, guya ki, onu əməliyyatdan sonra müayinə edəndə əl hərəkətləri ilə ona qəsdən daha da əzab verirdi. O, ailə başçısıdır. Cərrah Elmi həkim tərəfindən cərrahiyyə əməliyyatı olunanadək iş qüvvəsi olmuş, normal işləyərək qazanc əldə etmişdir. Ailəsinin əsas qazanc gətirən üzvü olmuş, orta hesabla ayda 400-500 manat pul qazanmışdır. Hazırda cavabdeh hüquqi şəxsin mütəxəssislərinin qeyri-peşəkarlığı nəticəsində iş qüvvəsini itirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13n nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həqiqətən İddiaçı xx xxx 2018-ci il tarixdə xəstəxanaya “sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti sağ qasıq nahiyəsindəki şişkinlikdən, ağrıdan, fiziki gərginlik zamanı şişkinlik və ağrının artmasından olmuşdur. Həmin tarixdə müvafiq müayinələr aparılmış və belə qərara alınmışdır ki, xəstənin əməliyyata ehtiyacı vardır. Həmin tarixdə “Herniotomiya. Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmişdir. Müvafiq əməliyyat lazımi qaydada aparılmış, yarası tikilmişdir. xx xxx 2018ci il tarixədək xəstəyə lazımi səviyyədə qulluq edilmiş və bu tarixdə xəstənin vəziyyəti kafi olduğundan evə buraxılmışdır. Əməliyyatdan sonra xəstə tərəfindən hər hansı ciddi şikayətlər olmadığından onun qaraciyərində, sağ böyrəyində, prostat vəzisində hər hansı müayinə aparılmamışdır. Xəstə xəstəxanada olduğu dövrdə həkimlər onu daima diqqətdə saxlamış, xəstəxana personalı tərəfindən ona qarşı hər hansı kobudluq olmamışdır. Xəstə üzərində əməliyyat ödənişsiz aparılmış, onun tərəfindən yalnız yeməyin dəyəri ödənilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 2(039)- 75/2020 nömrəli qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X16 apelyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam məzmunu üzrə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş komission məhkəmə tibbi ekspertizasının 474KEŞ saylı ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə və onun məruz qaldığı obyektiv tibbi müayinəyə əsasən müəyyən edilmişdir ki, ona “Sağ tərəfli qasıq yırtıqlı şəkərli diabet” diaqnozu təyin edilmiş və üzərində icra edilmiş cərrahiyyə əməliyyatının xəstədə olan patoloji dəyişikliklərlə heç bir səbəbli əlaqəsi olmamışdır. Konkret olaraq ekspert rəyinin bu qiymətləndirilməsindən o nəticəyə gəlmək olar ki, İddiaçı ərizəsində qərəzli olaraq “Yevlax şəhər mərkəzi Xəstəxanası” X13n fəaliyyəti və ona qulluq edən tibbi personalının onunla qeyri-insani rəftarı barədə qeyd etdiklərinin hamısı şər və böhtandır. Hətta o, həm iddia ərizəsində, həm də məhkəmə prosesi zamanı verdiyi izahatında öz saxta fantaziyaları hesabına onları ittiham etməyə çalışsa da, buna nail ola bilməmişdir. Onu da qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Yevlax rayon mərkəzi xəstəxanası” X13nin fəaliyyətində görünən tərəf odur ki, bu tibb müəssəsi artıq uzun müddətdir ki, yüz minlərlə insanın ağır və ölümcül xəstəliklərdən xilas olub sağlam həyatlarını davam etdirməyə nail ola bilmişdir. İddiaçı kimiləri isə hansısa şəxsi və qərəzli maraqlarını təmin etmək üçün onlara qarşı bu cür heç bir əsası olmayan qarayaxma iş aparır. Yuxanda qeyd etdikləri kimi İddiaçı iddia ərizəsində istinad etdiyi halların heç birini birbaşa və yaxud dolayısı ilə sübut edə bilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13n nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Forma №27/U Yevlax Rayon Mərkəzi X4 şəxsi tərəfindən verilmiş 950/125 saylı çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sağ tərəfli qasıq yırtığı və şəkərli diabet diaqnozu ilə stasionar müalicə olunmuşdur. Respublika X2 çek fakturaları ilə müəyyən olunur ki, xəstə İddiaçı xx xxxx 2018-ci il tarixdə 1000 manat, xx xxxx 2018-ci il tarixdə 1040 manat ödəniş etmişdir. Qəbzlərin surətləri ilə müəyyən olunur ki, xəstə İddiaçı tərəfindən X3 05-xx xxxx 2018-ci il tarixlərində hər gün üçün müşahidə və yemək haqqı olaraq 23.60 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Respublika X2 F13№-li epikrizində qeyd olunur ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixdə “Prostat vəzin transuretral rezeksiyası” əməliyyatı icra olundu. Rezeksiya olunmuş toxumalar patohistoloji müayinəyə göndərildi. Əməliyyat sonrakı dövr fəsadsız keçirilmişdir. Uretral kateter çıxarıldı. Sidik ifrazı sərbəstdir. Masa 15№. Xəstə yaxşılaşma ilə ambulator uroloq nəzarəti ilə evə buraxılır. Məsləhət Histoloji rəylə müraciət etmək. Ambulator uroloq nəzarəti. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyi 474KEŞ№-li ekspert rəyində qeyd olunur ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Yevlax Rayon Mərkəzi Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılan obyektiv və laborator müayinələrdən sonra ona “Sağ tərəfli qasıq yırtığı. Şəkərli diabet” diaqnozu təyin edilmiş və üzərində “Herniotomiya.Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatının xəstədə olan patoloji dəyişikliklərlə səbəbli əlaqəsi olmamışdır. Lakin xəstəyə müvafiq instrumental müayinələr tam həcmdə aparılıb, onun qaraciyərində, sağ böyrəyində, prostat vəzisində olan patologiyalar müəyyən edilməli və adekvat tibbi yardımlar göstərilməli idi. Yevlax Rayon Mərkəzi Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuş, aparılan obyektiv, laborator və instrumental müayinələrdən sonra ona “Mədə-bağırsaq qanaxması. Sağ böyrəyin daşı, hidronefroz. Xroniki böyrək çatmamazlığı” diaqnozu təyin edilmişdir. Xəstənin müayinə və müalicə üçün Bakı şəhərində hansı xəstəxanada aparılması haqqında məlumat yoxdur.Qərarda qarşıya qoyulan sualların cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı xx xxx 2018-ci il tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına “sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə daxil olmuş, daxil olarkən sağ qasıq nahiyəsindəki şişkinlikdən, ağrıdan, fiziki gərginlik zamanı şişkinlik və ağrının artmasından şikayəti olmuşdur. Müvafiq müayinələr aparıldıqdan sonra həmin tarixdə onun üzərində “Herniotomiya. Sağ qasıq kanalının allotransplantatla plastikası” əməliyyatı icra edilmiş, xx xxx 2018-ci il tarixdə o, evə buraxılmışdır. Evə buraxıldıqdan sonra İddiaçı səhhətində ağırlaşmalar baş verdiyindən o, xx.xx.2018-ci ildə yenidən Yevlax Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, aparılan obyektiv, laborator və instrumental müayinələrdən sonra ona “Mədə-bağırsaq qanaxması. Sağ böyrəyin daşı, hidronefroz. Xroniki böyrək çatmamazlığı” diaqnozu təyin edilmişdir. Bundan sonra İddiaçı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət etmiş və bunun əsasında dəyəri ödənilməklə onun müayinəsi və müalicəsi aparılmışdır. Respublika Müalicəvi Diaqnostika Mərkəzində xx.xx.2018-ci il tarixdə “prostat vəzinin hiperplaziyası” diaqnozu ilə üzərində “prostat vəzin transuretral rezeksiyası” cərrahi əməliyyatı icra olunmuşdur. İddiaçı iddiasında Yevlax Rayon Mərkəzi Xəstəxanasında xx xxx 2018-ci il tarixdə üzərində aparılan cərrahiyyə əməliyyatı zamanı ciddi nöqsanlara yol verildiyini, səhhətində ciddi problemlər yarandığını, əməliyyatdan sonra antisanitariya qaydasında ona quluq edildiyini, qanına mikrob keçdiyini, səhhətinin ağırlaşdığını, bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yevlax Rayon Xəstəxanasının həkimləri və tibbi personalı tərəfindən əməliyyat zamanı və əməliyyatdan sonra İddiaçı qarşı lazımi tibbi yardımın göstərilməməsi, bunun ödənişli əsaslarla aparılması və sonuncunun sonrakı müayinə və müalicəsi arasında səbəbli əlaqənin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməlidir ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, respublikada tibbi yardım ödənişsizdir. İddiaçı Yevlax Rayon Mərkəzi Xəstəxanasında yalnız müşahidə və yeməyinin haqqını ödəmişdir.Təqdim edilmiş ekspertiza rəyi ilə isə Yevlax Rayon Mərkəzi Xəstəxanasında icra edilmiş cərrahiyyə əməliyyatının İddiaçı olan patoloji dəyişikliklərlə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, maddi ziyan tələbi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Lakin, ekspert rəyinə görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında müvafiq instrumental müayinələr tam həcmdə aparılıb, İddiaçı qaraciyərində, sağ böyrəyində, prostat vəzisində olan patologiyalar müəyyən edilməli və adekvat tibbi yardımlar göstərilməli idi. Bununla təsdiq olunur ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında İddiaçı əməliyyatdan sonra müvafiq müayinələrdən keçirilməli olduğu halda keçirilməmişdir, yəni cavabdeh xəstəxana tərəfindən xəstəyə münasibətdə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həkim heyəti tərəfindən müvafiq müayinələrdən keçirilməməsi, bununla da xəstədə müəyyən edilə biləcək patologiyaların vaxtında aşkar edilib müvafiq tibbi müdaxilə və ya məsləhət verilməklə aidiyyəti üzrə göndərişlərin edilməməsi Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən xəstənin qeyri-əmlak hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülki qanunvericiliyin normalarının tələblərinə görə vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması mənəvi zərərin əmələ gəlməsinə dəlalət edir. Belə ki, bu halda xəstənin mənəvi və fiziki iztirab keçirməsi labüddür. Bundan başqaAli Məhkəmənin Plenumunun qərarında da qeyd edilir ki, “mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi hissəsində tələb əsaslıdır. Lakin, məhkəmə hesab edir ki, hazırkı halda vurulmuş mənəvi ziyanın məbləği müəyyən edilərkən cavabdehin hərəkətsizliyinin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, cavabdehin təqsiri və əmlak vəziyyəti nəzərə alınmalı və mənəvi ziyan 1000 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə (Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi) görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilir ki, “Mənəvi zərər anlayışı” insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərəçəkənin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası işin gerçək hallarını, yuxarıda istinad edilən mülki qanunvericilik normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarları ilə formalaşmış hüquqi mövqeləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iddiaçının həkim heyəti tərəfindən müvafiq müayinələrdən keçirilməməsi, bununla da xəstədə müəyyən edilə biləcək patologiyaların vaxtında aşkar edilib müvafiq tibbi müdaxilə və ya məsləhət verilməklə aidiyyəti üzrə göndərişlərin edilməməsinin Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən xəstənin qeyri-əmlak hüquqlarının pozulması kimi qiymətləndirilməli olması, mülki qanunvericiliyin normalarının tələblərinə görə vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulmasının mənəvi zərərin əmələ gəlməsinə dəlalət etməsi barədə qənaəti ilə razılaşır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın maddi ziyan tələbi hissəsində iddiaçının tələbini əsassız hesab edərək təmin etməməkdə, mənəvi ziyan tələbi hissəsində isə tələbi əsaslı hesab edərək mənəvi ziyanın məbləğini müəyyən edərkən cavabdehin hərəkətsizliyinin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq mənəvi ziyanı 1000 (bir min) manat məbləğində qiymətləndirməkdə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-75/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar