Məhkəmə qərarları › İş №2(107)-215/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-215/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 Ərkəsövün qızının nümayəndəsi İddiaçı1 və cavabdeh Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 cavabdeh Cavabdeh qarşı pulun qaytarılması, maddi və mənəvi zəzərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra İddiaçı2 Ərkəsövün qızı məhkəməyə ərizə göndərərək onun əsl olmayan iddiaçı ilə əvəz olunmasını xahiş etmiş, ərizəsini isə fiziki şəxs olan sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməklə inşaat-tikinti materiallarının alışı və satışı ilə məşqul olması, tələb olunan pulların ona məxsus mağazaya aid olması, onun mağazasına zərər dəyməsi ilə əsaslandırmişdır. İddiaçı1 onun əsl iddiaçı ilə əvəz olunmasına razı olduğunun bildirmişdir. Beləliklə iddiaçı cavabdehdən 29900 (iyirimi doqquz min doqquz yüz) manat pulun, 600 ABŞ dolları, 20000 (iyirimi min) manat ələdən çıxmış faydanın, taksi-marşurut və telefon –rabitə xidmətlərindən istifadəyə görə çəkilmiş 3000 (üç min) manat xərcin, mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 600 (altı yuz) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 (iyirimi min bir yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı2 Ərkəsövün qızına verilməsi və iddianın 20000 (iyirimi min) manat əldən çıxmış fayda, 10000 (on min) manat mənəvi ziyan, 3000 (üç min) manat taksi-marşurut fəaliyyətindən və telefon rabitə xidmətlərindən istifadə üçün çəkilmiş xərc tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, cavabdeh aldığı borcun bir qismini etiraf etmişdir. Halbuki, cavabdehin belə bir etirafı olmamışdır. Əgər o iddiaçını bir dəfə aldatmışdırsa, iddiaçı ona sonradan hansı əsasla pul vermişdir? Ümumiyyətlə o iddiaçını görməmiş, nə də onunla hər hansı bir danışıq aparmamışdır. Qurbanla isə danışığı İsmayıl aparıb. Pulu da o verib. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 Ərkəsövün qızının nümayəndəsi İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh izahatında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı2 sahibkardı. Vergi orqanlarında qeydiyyatdan keçməklə tikinti-inşaat materiallarının alqı-satqısı ilə məşqul olur. İddiaçı tikinti-inşaat materiallarının alqı-satqısını əri Qurban Xanaliyevin köməyi ilə həyata keçirir. İddiaçı1 cavabdeh Cavabdeh metal alqı-satqısı ilə məşqul olmasını eşidib, onunla tanış olub, iş birliyi razılıqına gəlmişlər. Metal tullantılarının alması məqsədi ilə İddiaçı1 2014-2015-ci illərdə ayrı-ayrı vaxtlarda cavabdehə pul vermişdir. Lakin Cavabdeh aldığı pulun müqabilində metal alışını təşkil etmədiyinə və ya aldığı pulları qeri qaytarmadığına görə İddiaçı1 hüquq-mübahizə orqanlarına şikayət etmişdir. İddiaçı1 Əfqan Alməmmədovla birlikdə ümumi razılşama əsasında metal alqı-satqısı ilə məşqul olan zaman aralarında yaranmış 29900 manat və 600 ABŞ dolları məbləğində borcla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, İddiaçı1lə bacanaqdır. 2014-cü ilin dekabr ayında Qurban ona dedi ki, Sumqayıt şəhərində Əfqan adlı bir nəfərdən metal borular alıbdır. Həmin boruları Ağcabədi rayonunda yerləşən obyektə aparan maşınları müşayiət etmək üçün Sumqayıt şəhərinə getsin. O, razılaşdı. Sumqayıt şəhərində Qurban onu Əfqanla tanış etdi. Əfqan bildirdi ki, maşınlar tam hazır olduqdan sonra məlumat verəcəkdir. Bir az sonra Əfqan zəng edib bildirdi ki, borular maşınlara yüklənibdir. O, borularla yüklənmiş maşınların yanına gəldi. Üç “Kamaz” markalı avtomaşınlarla Ağcabədi rayonuna gəldilər. O, avtomaşınları iddiaçının obyektinə apardı. Yüklər boşaldıqdan sonra bir nəfər yaxınlaşıb malların pulunu tələb etdi və həmin malların sahibi olduğunu bildirdi. O, Qurbana zəng edib bu barədə məlumat verdi. Qurban Əfqanla xeyli danışdıqdan sonra ona dedi ki, Əfqan onu aldadıbdır. Həmin adam boruları maşınlara yığdırıb geri qaytardı. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. İddiaçı1lə həmkəndlidir. Normal münasibətləri var. İddiaçı1 Əfqanla metal alqı-satqısı ilə məşqul olduğunu bilirdi. 2015-ci ilin yay aylarında Qurban ona zəng edib dedi ki, Əfqana 700 manat pul versin. O da “İnşaatçılar” metrosunun yanında Əfqana 700 manat pul verdi. Sonra İddiaçı1 700 manat pulu ona qaytardı. Bundan, təxminən, bir ay sonra Q. Xanalıyev yenə ona zəng edərək Əfqana 3000 nanat pul verməyi xahiş etdi. Lakin həmin vaxt 3000 manat pulu olmadığına görə Əfqana “Əcəmi” metrosunun yanında 2000 manat pul vermişdi. İddiaçı1 həmin pulu da sonra ona qaytarmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, apelyator İddiaçı1 ilə iş danışıqlarının özü tərəfindən deyil, İsmayıl tərəfindən aparıldığını bildirsə də, iş materiallarında olan xx xxxx 2016-cı il tarixli Üzləşdirmə-Dindirmə protokolundan görünür ki, Cavabdeh İddiaçı1 Sumqayıt şəhərində ona bir neçə dəfə pul verdiyini etiraf etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri, həmçinin işin digər halları da iddianın təmin edilmiş hissədə əsaslı olduğunu apelyasiya şikayətinin isə qalan hissədə əsassız olduğunu göstərir. Eyni zamanda kollegiyanın iclasında izahat verən cavabdeh qeyd edilən məbləğlərin işin görülməsi ilə bağlı çəkilə xərclərə sərf olunduğunu bildirmiş, lakin bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)- 311/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 20000 (iyirimi min) manat əldən çıxmış fayda, 10000 (on min) manat mənəvi ziyan, 3000 (üç min) manat taksi-marşurut fəaliyyətindən və telefon rabitə xidmətlərindən istifadə üçün çəkilmiş xərc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməmiş və iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsini mübahisələndirmədiyindən həmin hissəyə münasibət bildirməyə lüzum görmür. Eyni zamanda iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(51)-311/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yuz) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 (iyirimi min bir yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı2 Ərkəsövün qızına verilsin. İddia 20000 (iyirimi min) manat əldən çıxmış fayda, 10000 (on min) manat mənəvi ziyan, 3000 (üç min) manat taksi-marşurut fəaliyyətindən və telefon rabitə xidmətlərindən istifadə üçün çəkilmiş xərc tələbinə dair hissədə təmin olunmasın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar