Məhkəmə qərarları › İş №2(107)-215/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-215/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-215/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Qaraxan Fikrət Hikmət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsi ilə İddia rədd edilərək iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 636.69 manat əsas, 63.67 manat faiz, 598.90 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 163.71 manat faiz olmaqla, cəmi 1462.97 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 636.69 manat əsas, 63.67 manat faiz, 598.90 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 163.71 manat faiz olmaqla, cəmi 1462.97 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "Kredobank” Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 Qiirbəı oğlu arasında bağlanmış 2962 №-li 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh: mənzil təmiri məqsədi ilə 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 05 avqust 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısındc borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 24.02.2021-ci il tarixə kredit üzrə cəmi borc 1462,97 manat təşkil edir. Bundan 636,69 manat əsas, 63,67 manat faiz, 598,90 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 163,71 manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməmişlər. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO İddiaçı ASC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 1462.97 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Qaraxan Fikrət Hikmət oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Qaraxan Fikrət Hikmət oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Adıçəkilən borclu barəsində ilk dəfə tərəflərindən Göyçay Rayon Məhkəməsinə 2019-cu ilin yanvar ayında müraciət edilmiş, Göyçay Rayon Məhkəməsi 31.10.2019-cu il tarixli və 2(046)-548/2021 saylı qərardadla Cavabdeh1 qarşı iddiaları baxılmamış saxlanılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Eyni zamanda qərardadda qeyd edilmişdir ki, İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin məhkəməyəqədərki həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlərlə bağlı zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxlərin kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq,o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədilə verilmişdir.Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz." Ona görə də Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı ASC-i ilə Cavabdeh1 Qurbət oğlu arasında bağlanmış 2962 nömrəli 05.08.2014-cü il tarixli kredit müqaviləsindən və İddiaçı ASC-i ilə X2 arasında bağlanmış 05.08.2014-cü il tarixli 2962 nömrəli saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 Qurbət oğluna 18 ay müddətinə, illik 24 % olmaqla 1000 manat məbləğində kredit vermişdir. X1 Cavabdeh1 Qurbət qızının bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 Qurbət oğlu götürdüyü 1000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 25.12.2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 Qurbət oğlu ilə İddiaçı ASC-i arasında bağlanmış 05.08.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 25.12.2018-ci il tarixədək 636,69 manat əsas və 654 manat faiz borcu vardır. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO İddiaçı ASC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 1462.97 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü, 375.2.-ci, 377.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 24 faiz olmaqla 18 ay müddətinə 1000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin bağlandığı tarixin 05.08.2014-cü il, qüvvədə olma müddətinin isə 05.02.2016-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 05.08.2014-cü il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə 06.05.2021-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 636.69 manat əsas, 63.67 manat faiz, 598.90 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 163.71 manat faiz olmaqla, cəmi 1462.97 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosess ual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. Birincisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məs, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31.03.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici buna da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Ona görə də kollegiya qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Məhkəmə kollegiyаsı qeyd edir ki, iddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Məhkəmə kollegiyаsı qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 2(046)-1254/2021 saylı 21.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Qaraxan Fikrət Hikmət oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(046)-1254/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar