Məhkəmə qərarları › İş №2(107)-2152/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2152/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2152/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibiyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğlu, Cavabdeh6, X4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 qarşı vurulmuş ziyana görə pul tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-291/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğlu, Cavabdeh6, X4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Çallı kəndi ərazisində ona məxsus 3.91 ha torpaq sahəsində əkdiyi taxıl (arpa) və yoncanın cavabdehlər tərəfindən şəxsi təsərrüfatlarında olan iri və xırdabuynuzlu heyvanlara otarılması nəticəsində vurduqları 6100 manat ziyanın, vurulmuş ziyanın ödənilməsi ilə bağlı 2000 manat əlavə olaraq yaranmış xərcin, eləcədə qaldırılmış iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8130 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-291/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 vurulmuş maddi zərərə görə 4690 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 4720 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə və cavabdehlər Cavabdeh8, Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi ayrlmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90511018 olan Dövlət aktı verilmişdir. Lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün 2014-cü ildə Zərdab rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay topaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmişdir. Adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədəmüvafiq hesab edilərək, bu barədə xx.xx.2014-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra Çallı kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə onlara məxsus yararsız çöl pay torpağı kəndin “Pir yeri” adalanan ərazisindən olmaqla bələdiyyənin 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsindən istifadə edir. Cari mövsümdə orada bir hissədə taxıl və yonca əkmiş, bir hissəsini isə boş saxlamışdır. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən bir qrup kənd sakinləri, o cümlədən hazırkı cavabdehlərdən Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Hamiz Kərimov, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 ona məxsus əkinləri özbaşına olaraq iri və xırdabuynuzlu heyvanlara otarmaqla əkin sahəsini tamamilə məhv edərək, ona maddi ziyan vurmuşlar və hazırda da ziyan vurmaqda davam edirlər. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh8 və Cavabdeh4 ona məxsus əkin yerinə digərləri ilə birlikdə şəxsən gəlsələr də onların mal-qarası kəndin digər istiqamətinə çıxdığı üçün ona bilavasitə maddi zərər vurmamışlar. Dəfələrlə xəbərdarlıq etməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, Hamiz Kərimov, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Əksinə adları çəkilən cavabdehlər ona maddi ziyan vurulmasında xüsusi fəallıq göstərmiş və ona qarşı edilən qanunsuz əməllərdə öndə getmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh8 və Cavabdeh4 ona bilavasitə maddi zərər vurmasalar da həmişə digər cavabdehlərin yanında olmuşlar. Ona görə də ona maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxs kimi hazırkı cavabdehləri seçmişdir. Zərdab Dövlət X3 mütəxəssisi tərəfindən də sözügedən əkin sahəsinə baxış keçirilmiş və ona maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Hesab edir ki, cavabdehlər bu qanunsuz və özbaşına əməlləri ilə onun istifadə hüquqlarını pozmaqla bərabər, həm ölkədə sahibkarlığın inkişafına, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına qarşı çıxırlar. Hesab edir ki, onun mülkiyyət hüququna dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşnalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşımalıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehlərin bu özbaşınalıqları və qanuna zidd hərəkətlərinin nəticəsində növbəti ilin qazancından məhrum edildiyini məhkəmə nəzərə almamışdır. Cavabdehlər növbəti il üçün onunəkin işləri aparmaq üçün yaratdığı bünövrəni demək olar ki, tamamilə məhv etmişlər. Məhkəmə bütün bunları nəzərə almamışdır. Cavabdehlər tərəfindən mümkünsüz hala salınmasını, toxumluq arpa və yonca toxumundan məhrum edildiyini və torpaq sahəsində olan bütün su arxlarının və kanallarının yararsız hala salınması və bunun nəticəsindədə əlavə ziyanlıq çəkdiyini nəzərə alınmamışdır. Həmin su arxlarının və kanallarının çəkilməsi üçün o yüzlərlə manat pul xərcləmişdir. İddiasının qismən təmin olunması ilə onun mənafeyinin məhkəmə tərəfindən nəzərə alınmaması və məhkəmənin gəldiyi nəticə tamamilə ədalətsizdir. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar iddiaçıya heç bir ziyan vurmamışlar. Məhkəmədə şahidlərin də izahatından görünür ki, onlar örüş sahələrinin geri qaytarılması barədə toplaşmışıq, ancaq orada kimlərin mal qarası olduğundan heç bir məlumatları olmamışdır. İddiaçı da qaldırdığı iddiada heç bır sübut təqdim etməmişdir. İddiaçıya məxsus torpaq sahəsində mal qara otarmaqları barədə heç bir sübut yodur. Zərdab Rayon Məhkəməsi heç bir sorğu vermədən, araşdırma aparmadan iddianı qismən təmin etmişdir. Məhkəmənin qərəzli olduğu buradan görünür ki, onların verdiyi etirazlara və vəsatətlərə heç bir məhəl qoymamışdır. İşə baxan məhkəmə yalnız işi birtərəfli dinləyərək yanlış nəticəyə gələrək sözügedən qətnaməni qərəzli şəkildə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o bir kənd ağsaqqalı kimi hazırki mübahisəni məhkəmədənkənar qaydada həll etməyə çalışsa da, sonda qarşı tərəf onunla razılığa gəlməmişdir. Mübahisəli torpaq sahəsi ona məxsus olmasına baxmayaraq, cavabdehlər orada heyvan otarır, onun əkmiş olduğu məhsulları (taxıl, yonca) zay edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bir neçə ildir ki, torpaqdan məhsul götürə bilmir. Birinci instansiya məhkəməsi onun tələb etdiyi maddi ziyanı tam təmin etməmişdir. Ona görə də hazırki iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğlu, Cavabdeh6, X4, Cavabdeh8 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90511018 olan Dövlət Aktından görünür ki, Zərdab rayonu X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi verilmişdir. xx.xx.2014-cü il tarixli Aktın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Çallı kənd bələdiyyəsinin sədri Ə.Əzizov, DT və XK-nin Zərdab rayon şöbəsinin müdiri E.Məlikov, Zərdab rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə nümayəndəsi N.Rüstəmovun və mülkiyyətçi İddiaçı iştirakı ilə sonuncunun mülkiyyətində olan 3.91 ha pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin tamamilə yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Zərdab rayon Çallı kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 03 saylı qərarının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90511018 olan Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 3.91 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin torpaq fonduna aid 3.91 ha torpaq sahəsi ilə əvəz edilməsi və onun əvəz edilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə icazə verilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3 İlyas oğlu, Cavabdeh6, X4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 tərəfindən imzalanmaqla məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar iddianı qəbul etmədiklərini və İddiaçı ümumi istifadədə olan örüş sahəsindən torpaq sahəsinin verilməsini qanunsuz hesab etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab Dövlət X3 direktoru V.Bayramov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaqda əkdiyi arpa 1.4 ha arpa, yonca 2.3 ha təşkil edir. Taxıl sahəsində aqrotexniki qaydalara əməl edilərək əkin aparılmış, suvarma kanalları, qoruyucu kanallar çəkilmiş, sahə hamarlanmışdır. Yonca sahəsi 03 illik yonca olmaqla hazırda ən məhsuldar dövründədir. Sahələrdə kütləvi otarılma səbəbindən hazırda məhsul yoxdur. Arpa sahəsindən 18-20 sentner olmaqla gözlənilən məhsul 2.5-2.8 ton arası və ya 1100 manat qiymətləndirilir. Yonca sahəsindən gözlənilən məhsul il ərzində 2000-2200 ot kipi və ya 4000-5000 manat arası qiymətləndirilir. (Qiymət mövsümdən aslı olaraq dəyişə bilər). Zərdab Dövlət X3 bitkiçilik sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən S.Rəhimov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə iddiaçı, cavabdehlərin və bələdiyyə sədrinin iştirakı ilə təkrar bxış keçirilərək ölçülmüş arpa sahəsinin 0.92 ha ollduğu müəyyən edilmiş, məhsuldarlıq əvvəlki arayışda qeyd edildiyi kimi 18-20 sentner olmaqla ortalama 1750 kq. proqnozlaşdırılmışdır. Dəymiş ziyan 690-730 manat dəyərləndirilmişdir. Yonca sahəsi hərtərəfli ölçülərək iki hissədə olmaqla 2.37 və 0.12 ha hissələrdə olmaqla 2.49 ha-dır. Yonca sahəsindən gözlənilən məhsul il ərzində 2000-2200 ot kipi və ya 4000-5000 manat arası qiymətləndirilmişdir. (Qiymət mövsümdən aslı olaraq dəyişə bilər). Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus sözügedən torpaq sahəsinin 0.92 ha hissəsində arpa, iki hissədə olmaqla (2.37 ha + 0.12 ha) cəmi 2.49 ha hissədə yonca əkini əkilmişdir. Əkin sahələri mal-qaraya otazdırılaraq tmamilə məhv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, işi hərtərəfli və düzgün araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəlləni 47-ci maddəsinin 7-ci bəndinəəsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikasının Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadıyə yol verilmir. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyildir. Birincisi ona görə ki, işin faktiki halından göründüyü kimi aqrar islahat zamanı Zərdab rayonu X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90511018 olan Dövlət aktı verilmişdir. Lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün iddiaçı 2014-cü ildə Zərdab rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay topaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmiş, adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədə müvafiq hesab edilərək, bu barədə xx.xx.2014-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra Zərdab rayonu Çallı kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə iddiaçıya (və ailə üzvlərinə) məxsus yararsız 3.91 ha çöl pay torpağı bələdiyyənin mülkiyyətində olan 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçı həmin vaxtdan, yəni ötən 06 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsindən istifadə etmiş, cari mövsümdə orada taxıl (arpa) və yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, cari ilin əvvəllərindən cavabdehlərin müdaxiləsi ilə rastlaşmış və sonda hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisəli ərazi iddiaçıya məxsus olmaqla, onun tərəfindən zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərilməklə, bu illər ərzində münbit və məhsul verən bir vəziyyətə gətirib çıxarmışdır. İkincisi, yuxarıda qeyd olunduğu kimi iddiaçı həmin ərazinin artıq ona məxsus olduğunu bilərək uzun zaman ərzində həmin torpağa qulluq etməklə yanaşı, mövsümi əkin əkmişdir. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin torpağın əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu bildiyi bir halda cavabdehlərin apellyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. Üçüncüsü, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdehlər mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirsələr də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehlərin üzərinə düşsə də, cavabdehlər bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı və cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-291/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar