Məhkəmə qərarları › İş №2(107)-2155/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2155/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2155/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 808/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-808/2020 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC-nin xeyrinə 511,97 (beş yüz on bir manat doxsan yeddi qəpik) manat əsas borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsiqətedilmişdir. İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 511,97 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 369,23 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borc, ümumilikdə 996,91 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 23% dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulası ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh1xx.xx.2020-ci il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 511,97 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 369,23 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borc, ümumilikdə 996,91 manat məbləğində kredit borcu vardır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda məhkəməyə X2 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışı təqdim edərək, kompensasiya hesablandıqdan və ödənildikdən sonra cavabdehin əsas borcunun 511,97 manat qaldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı banka güzəştli şərtlərə kredit müqaviləsi bağlamaq üçün müraciət etməmişdir. Kredit borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Onunla iddiaçı bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsi üzrə kompensasiya hedsablandıqdan və borca silindikdən sonra 511,97 manat əsas borcu qalmışdır. Əsas borc məbləğini qəbul edir. Lakin cərimə borcunu və gecikdirilmiş vaxt üçün illik beş faizlə tələb olunan borcunda ondan tutulması əsassız və qanunsuz hesab edir, eyni zamanda bu onun maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsininiclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. birinci instansiya məhkəməsiAzərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamə, müqavilə bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc və cərimə borcu tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Mübahisələndirilən qətnamə məhkəmə aktının qanuni, əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir. AR Prezidentinin “AR fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının icrası qaydaları ilə bağlı, restrukturizasiya olunacaq kreditlər üzrə cavabdeh müştəri Banka yaxınlaşaraq yeni müqavilə bağlamalıdır. Belə ki. yeni müqavilə məhkəmədə işin dayandırılması üçün əsasdır. Əks halda, müştəri tərəfindən heç bir müraciət olunmaması və ya Bankın müraciətinə məhəl qoyulmaması, həmin müştərinin borc barədə razılığa gəlmək istəməməsi, öz qeyri-qanuni mövqeyində dayanaraq Bank qarşısındakı borc öhdəliyini nəzərə almaması kifayət edir ki, həmin öhdəliyin məcburi icrası məqsədilə məhkəməyə müraciət edilsin. Beləliklə, müştəri yeni müqavilənin bağlanması üçün razılıq vermədiyi təqdirdə bank əvvəlki müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə tələb edə bilər. Nəzərə alınsa ki, hazırki işdə cavabdeh müqaviləni mübahisələndirir onun yeni müqavilənin bağlanmasına da razılıq verəcəyi inandırıcı deyil. Bu səbəbdən məhkəmənin hadisələri qabaqlayaraq Bankın müqavilə üzrə tələb etməyə haqqı olan faiz və cəriməni təmin etməməsi qanuna ziddir. Ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə cavabdehə bildiriş (qoşmaya əlavə olunur) göndərilmişdir. Lakin, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixi 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16-cı bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. 'Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 5.2.1-ci bəndinə əsasən, “Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir”. Həmçinin, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan maliyyə arayışından da göründüyü kimi gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləği 115,71 manat təşkil edir. Belə ki, həmin məbləğin hesablanmasına nəzər yetirilsə görünər ki, qətnamədə də qeyd olunduğu kimi müqavilənin müddəti xx xxxxxx 2013 - xx xxxxxx 2015-ci il tarixlərini əhatə edir. Odur ki, gecikdirilmiş günlərin say axımı xx xxxxxx 2015-ci il tarixindən başlayır, maliyyə arayışının hazırlandığı gün, yəni xx xxxx 2020-ci il tarixində bitir və bu aralıqda gecikdirilmiş günlərin sayı 1653 gün təşkil edir. xx xxxx 2020-ci il tarixli, **********064 nömrəli maliyyə arayışında da qeyd olunduğu kimi xx xxxx 2020-ci il tarixə yaranmış gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi hesablama aparmaq ((əsas borc/100*5)/360 yəni gecikdirilmiş 1 gün üçün faiz borcunu tapmaqla və yararmış məbləği ümümi gecikdirilmiş günlərin sayına vurmaqla) müəyyən etmək mümkündür. Bu caydada aparılmış hesablama ((511.97 / 100 x 5) / 360= 0.07 - 1 gün üzrə faiz borcu) nəticəsində 1 gün üçün yaranmış faiz borcunun olduğu müəyyən edilir. Bu məbləğ də gecikdirilmiş cünlərin sayına vurulduqda (0.07 X 1653 = 115,71 manat) xx xxxx 2020-ci il tarixə yaranmış, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 115,71 manat təşkil etdiyi aşkar olunur. Bu səbəbdən hesab edir ki, qeyd edilən kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün faiz borcu qismində məhz 115,71 manat məbləği cavabdehlərdən tutulmalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb- almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləıi və diyəı boıc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə. kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı olan dəbbə pulunu silərkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Ümumiyyətlə məhkəmə hazırki qətnamə ilə Fərmanın qaydalarını düzgün tətbiq etməyərək və səlahiyyətini aşaraq həm restrukturizasiyaya müraciət etmədən, həm də Bankı Fərmanın qaydalarında nəzərdə tutulmuş 1% restrukturizasiya gəlirindən məhrum edərək nəzərə almadan ancaq vətəndaşın mövqeyini nəzərə alan qərar qəbul etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə yuxarıda qeyd edilən şərtlər razılaşdırılmış, bundan əlavə müqavilənin müvafiq bəndində də göstərilmişdir ki, tərəflər mübahisənin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Həmçinin, hesab edirlər ki, qətnamə bu hissədə kifayət qədər əsaslandırılmayıb. Bankın qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması özözlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 808/2020 nömrəli qətnaməsini qismən ləğv edərək, iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 808/2020 nömrəli qətnaməsi mübahisələndirilən iddianın 369,23 manat cərimənin, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manatın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə оlаn “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə оlаn ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 4000 AZN kredit məbləğini 24 ay müddətinə, illik 23 %-lə, aylıq 209,49 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə оlаn Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu həmin müqaviləyə əsasən, xx.xx.2013cü il tarixli 132/2013 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə оlаn xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 511,97 AZN, faiz borcu üzrə 0 AZN, 369,23 AZN cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manat borcu olmaqla, cəmi 996,91 AZN borcu vardır. İşdə оlаn xx.xx.2019-cu il tarixli, **********530 nömrəli LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə bankın inzibati binasına yaxınlaşması bildirilmişdir. İşdə оlаn xx.xx.2018-ci il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbardarlıqdan görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 iş günü müddətinə ləğv etməyi təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşdə оlаn DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə оlаn DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1992-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş və Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 443.1, 448.2, 472.1 və 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının 1 və 1.3-cü bəndinə əsasən 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 6-cı bəndinə əsasən: 6.1 bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi təklif edilsin. 6.2 fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 6.3 borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 132/2013 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 23% dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə əsas kredit borcu 511,97 manat tutulmalıdır. Birinci instansiya məhkəməsi cavabdehlərdən müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd etəməyi zəruri hesab etmişdir. Göründüyü kimi iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində, Cavabdeh1 ilə bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşməsini qeyd etmiş, Fərmanın icrası ilə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilmədiyi üçün məhkəməyə müraciət edildiyi göstərilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə X2 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışı təqdim etmiş və həmin çıxarışda Cavabdeh1 əsas borcunun 511,97 manat olduğu göstərilmişdir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Sözügedən fərmandam göründüyü kimi, fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşılamışdır. Cavabdehlərin Banka yeni müqavilə bağlanması üçün müraciət etməmələri, onların fəmranın təsirindən kənarda qalmağına, həmi fərmandan yararlanmamalarına dəlalət etmir. Əksinə fərmanın 6.3-cü maddəsinə əsasən banklara borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi tövsiyyə olunmuşdur. Lakin cavabdehlərdən müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz borcun və cərimə borcunun yenidən alınması onların vəziyyətinə yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırmaqdadır. Beləliklə məhkəmə, X2 Palatasının internet saytının “kompensasiya məbləğinin sorğulanması” bölməsindən çıxarılmış çıxarışa əsasən cavabdehlərdən yalnız əsas borcun tutulmasını əsaslı hesab etmiş və iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC-nin xeyrinə 511,97 (beş yüz on bir manat doxsan yeddi qəpik) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 qətnaməni mübahisələndirmədiyindən iddia təmin edilmiş hissəsi ilə bağlı araşdırma aparılmadı. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 808/2020 nömrəli qətnaməsi iddianın mübahisələndirilən 369,23 manat cərimənin, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manatın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-808/2020 nömrəli qətnaməsi iddianın mübahisələndirilən 369,23 manat cərimənin, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115,71 manatın təmin edilməməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. İddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar