Məhkəmə qərarları › İş №2(107)-2159/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2159/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2159/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əbülhəsən oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əbdülhəsən oğlunun iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsindən Cavabdeh Əbdülhəsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Əbülhəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1765 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısı oğludur. Tarverdi Zərdab Rayon Məhkəməsinin hökmü ilə narkotikdən istifadəyə görə məhkum olunmuş və təxminən 2016-cı ilin may-iyun aylarında türmədən çıxmışdır. Həmin vaxt Tarverdi türmədən təzə çıxdığını və maddi vəziyyətinin ağır olduğunu bildirərək ondan borca pul istəmişdir. Bacısı oğlu olduğundan və türmədən təzə çıxdığından, eləcədə inandığından, həm də əmisi oğlu Bahadurla məsləhətləşdikdən sonra Bahadurun oğlu Xəzər, hazırkı cavabdeh Tarverdi və o, üçü birlikdə Xəzərin maşını ilə əvvəlcə X3 rayonunda fəaliyyət göstərən filialına getmiş, orada işləri alınmadığından həmin bankın Ağcabədi rayonunda fəaliyyət göstərən filialına gedərək, ordan 1800 manat kredit götürüb, həmin puldan 1765 manatını borc olaraq Tarverdiyə vermişdir. Tarverdi kredit və hesablanmış faizə uyğun olaraq borcu aybaay ona ödəyəcəyinə söz versə də vədinə əməl etməmişdir. 1765 manat borcu cavabdehdən tələb etsədə, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Əbülhəsən oğlundan borca görə 1765 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1795 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh, həqiqətən iddiaçı bankdan kredit götürərkən orada olmuş, ondan borc olaraq 200 manat aldığını və həmin borcu 1.5 aydan sonra qaytardığını göstərmişdir. Cavabdeh Əbülhəsən oğlu Azərbaycan Respubliksı CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli 12.11.2014-cü il tarixdən hesablanmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadə verərək bildirmişdir ki, əvvəllər Zərdab rayonunun Bıçaqçı kənd icra nümayəndəsi vəzifəsində işləmiş, hazırda isə Yuxarı Seyidlər kənd icra nümayəndəsinin müavin vəzifəsində işləyir. İddiaçı və Cavabdeh onun həmkəndliləridir. Bıçaqçı kənd icra nümayəndəsi vəzifəsində işləyərkən 2016-cı ilin yay aylarında iddiaçının bankdan kredit götürüb cavabdehə səhv etmirsə 1700 manat borc verməsi barədə məlumatı olmuşdur. Cavabdeh borcu qaytarmadığı üçün İddiaçı kənd icra nümayəndəsi kimi ona müraciət etmiş və borcun alınıb ona verilməsində ondan kömək istəmişdir. Ona görə də, o, bilavasitə Cavabdeh olmasa da, Tarverdinin oğlu Tarzana bildirmiş və Tarzan borcu ödəyəcəklərinə söz vermişdir. Lakin sonradan bilmişdir ki, Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, hazırkı İddiaçı təxminən 2016-cı ilin may-iyun aylarında "xxxx" ASC-nin Ağcabədi filialından 1800 manat kredit götürüb, həmin puldan 1765 manatını borc olaraq hazırkı cavabdeh Tarıverdi Mirzəyevə vermişdir. Cavabdeh kreditə və hesablanmış faizə uyğun olaraq borcu aybaay İddiaçı ödəyəcəyinə söz versə də vədinə əməl etməmişdir. İddiaçı tələb etsədə, cavabdeh borcu qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci, 739.1–ci, 740-cı maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci, 76.2-ci, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə prosesi zamanı iddiaçı məhkəmə prosesinə iki nəfər şahid dəvət etmişdir. Həmin şahidlər iddiaçının xeyrinə ifadə versələr də, məhkəmə prosesi zamanı şahid qismində məhkəmə zalına dəvət olunan şahid X2 iddiaçının yaxın qohumu, digər şahid isə hazırda onun qeydiyyatda olmaqla yaşadığı Zərdab rayon Bıçaqçı kəndinin keçmiş icra nümayəndəsi olmuşdur. Həmin şəxsin ifadəsi də müstəqil olmamaqla yanaşı prinsip və şəxsi münasibətlər üzərində qurulduğunu,onunla arasında Zərdab rayon məhkəməsinin icraatında olan mübahisəli məhkəmə işi olduğunu, hər iki şahid ifadələri qərəzli şəkildə verilmiş və onların məhkəmə prosesinə dəvət olunması da məqsəd yönlü şəkildə olmuşdur. Eyni zamanda kredit götürülən günü orada olmadığını və ümumiyyətlə bu işdən sonradan iddiaçının sözləri əsasında xəbərdar olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən Zərdab rayon məhkəməsinin № 2 (035)-321/2021 saylı mülki iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunaraq apellyasiya şikayətinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Mirzəyev X1 Rayon Məhkəməsinin 2(035)- 321/2021 saylı mülki iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsinin ləğvini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin № 2(035)-321/2021 saylı mülki iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator tələbini tam olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğunu bildirir. Apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi iddia tələbinin 1565 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 200 manat borca pul vermişdir. İddiaçı cavabdehə 1765 manat məbləğində borc verdiyini iddia etsə də, cavabdehə həmin məbləğdə borc verməsi barədə məhkəməyə yazılı formada bağlanmış borc müqaviləsini təqdim edə bilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında həm izahat verməklə, həm də yazılı ərizə verməklə iddiaçıdan 200 manat borc pul aldığını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan borc aldığı 200 manat pulu iddiaçıya qaytardığını məhkəmə iclasında bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, Bununla belə cavabdeh məhkəmə iclasında həm izahat verməklə, həm də yazılı ərizə verməklə iddiaçıdan 200 manat borc pul aldığını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan borc aldığı 200 manat pulu iddiaçıya qaytardığını məhkəmə iclasında bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə bir sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olaraq tam təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi iddia tələbinin 1565 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əbülhəsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi iddia tələbinin 1565 manat hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(035)-321/2021 saylı qətnaməsi, Cavabdeh Əbülhəsən oğlundan borca görə 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 230 manat pulun tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar