Məhkəmə qərarları › İş №2(107)-216/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-216/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-216/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1968/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1968/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh 2000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh 2017-ci il tarixdə ondan borc pul istəmişdir. Onu tanıdığından və ona təcili pul lazım olduğundan ona köməklik edərək, müxtəlif vaxtlarda cəmi 4000 manat məbləğində borc vermişdir. Həmin pulları cavabdeh ona geri qaytaracaqlarına söz versə də, bu günə kimi qaytarmamışdır. Lakin cavabdeh birinci instansiya məhkəməsində borcundan 2000 manat qaytardığını bildirmiş və bunu təsdiq edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Buna rəğmən birinci instansiya məhkəməsi cavabdehin və şahid qismində dindirilmiş oğlunun ifadəsini sübut kimi qəbul edərək iddianı qismən təmin etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1968/2019 saylı qismən təmin edilmiş qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edəsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1968/2019 saylıqətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almadan iddianı yalnış olaraq qismən təmin etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən edildi ki, cavabdeh 2017-ci il tarixdə iddiaçıdan borc pul istəmişdir. Cavabdehi tanıdığından və ona təcili pul lazım olduğundan iddiaçı ona köməklik edərək, müxtəlif vaxtlarda cəmi 4000 manat məbləğində borc vermişdir. Həmin pulları cavabdeh ona geri qaytaracaqlarına söz versə də, bu günə kimi qaytarmamışdır. Borc verilərkən cavabdeh ona yazılı qəbzlər vermişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti əsaslıdır. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 900 manat, xx.xx.2019-cu il tarixdə 400 manat və 700 manat borc pul almışdır. Beləliklə cavabdehin iddiaçıya ümumilikdə 4000 manat borcunun oluğu öz təsdiqini tapır. Lakin cavabdehin həmin borcdan 2000 manatını iddiaçıya ödədiyinə dair qəbz və ya digər bir mötəbər dəlil iş materiallarında yoxdur. Birinci instansiya məhkməsi iclasında şahid qismində dindirilən X2 ifadəsinə isə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, X2 cavabdehin oğludur. İş üzrə maraqlı olması istisna edilmir. Bundan əlavə qanunvericiliyin tələbinə görə şahid ifadələri iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilir. Cavabdehin həmin borcdan 2000 manatını iddiaçıya ödədiyinə dair isə iş materiallarında başqa bir dəlil yoxdur. Ona görə də X1 ifadəsi sübut kimi qəbul edilə bilməz. Şərh olunan əsaslarla məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1968/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1968/2019 saylı qətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilsin. Cavabdeh 2000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar