Məhkəmə qərarları › İş №2(107)-216/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-216/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-216/2023 31.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının(bundan sonra- BOKT) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tаrixli qətnaməsindən BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 326/14 nömrəli “Vakala” borc müqaviləsinə əsasən cavabdehə illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 2947 manat məbləğində pul vəsaiti verilmiş, müqavilə üzrə pul vəsaitinin son ödəniş müddəti 11 iyul 2016-cı il tarix göstərilmişdir. Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. S-FK-İB-35 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC -yə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 1660,67 manat, faiz borcu üzrə 138,58 manat olmaqla, cəmi 1799,25 manat məbləğində pul vəsaitinin və ödənilmiş 37,99 manat məbləğində dövlət rüsumunun BOKT-un xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 326/14 saylı “Vakala” borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 2947 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdehə verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Kredit müqavilələrinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin müqavilə üzrə hazırda olan əsas borc üzrə 1660,67 manat, faiz borcu üzrə 138,58 manat olmaqla, cəmi borcu 1799,25 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məlumat ücün bildirilir ki, İddiaçı QSC xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı mülki iş üzrə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan mülki iş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Balakən Rayon Məhkəməsinin 2(019)- 712/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa bildirmək istəyirik ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin ötürülmüş olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 694/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbi təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, borc müqaviləsi 24 ay müddətinə bağlanmışdır ki, həmin müqavilənin də başa çatma müddəti 11 iyul 2016-ci il tarixdir. Müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmiş, müqavilə müddətinin başa çatdığı 11 iyul 2016-cı il tarixdən sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya heç bir ödəniş edilməmişdir. Qanun normasının tələbi əsasında iddia müddətinin axımı da müqavilə müddətinin bitdiyi 11 iyul 2016-ci il tarixdən başlanmışdır. İddiaçının adından çıxış edən “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh qarşı 2019-cu ildə eyni tələb-1660,67 manat əsas borc və 138,58 manat faiz borcu, cəmi 1799,25 manat borc tələbi üzrə iddia qaldırılmış, Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı ilə hazırki tələb Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşdüyündən, həmin Fərmanla belə mübahisələrin xüsusi həlli qaydası müəyyən edildiyindən və bu Fərmanla müəyən edilmiş məhkəmədən kənar həlli qaydasına riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilmiş məhkəmədən kənar qaydaya riayət edilməmiş, həmin Fərman məhkəmədən kənar qaydada bü mübahisə barəsində tətbiq edilməmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin axımı ümumi qaydada davam etmiş və mübahisə üzrə qanunla müəyyən olunmuş 3 illik iddia müddəti keçmişdir. İddia müddəti keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.5, 375.1, 375.2, 377.1, 377.2, 379.1, 379.3, 379.4, 380.1, 381.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. BOKT apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının əsas məqsədi məhkəmə qaydasında cavabdehdən kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bundan başqa cavabdehə restruktuzasiya müqaviləsi bağlanılması üçün 01 sentyabr 2020-ci il tarixdə təklif məktubu ünvanlanaraq məlumat verilmiş, lakin cavabdeh tərəfindən restruktuzasiya müqaviləsi bağlanması üçün Cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 2947 manat məbləğində pul vəsaiti verilmiş, müqavilə üzrə pul vəsaitinin son ödəniş müddəti 11 iyul 2016-cı il göstərilmişdir. Müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. İşin hallarından görünür ki, cavabdeh Bank qarşısında üzərinə götürdüyü borc öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə hazırki işin mübahisəsiz halı kimi müəyyən edir ki, iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmuş, Bank cavabdehə müəyyən məbləğdə kredit verməyi, cavabdeh isə bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməyi üzərinə götürmüşdür. Məhkəmə bildirir ki, işə birinci instansiyası məhkəməsində baxıldığı zaman cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək idiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Rayon Məhkəməsi də həmin ərizəni və müvafiq maddi hüquq normalarını nəzərə alaraq iddianı təmin etməmişdir. Hazırda Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunanlardan və iş materiallarından məlum olur ki, BOKT hazırki tələbi ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 712/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə tələb Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşdüyündən, həmin Fərmanla belə mübahisələrin xüsusi həlli qaydası müəyyən edildiyindən və bu Fərmanla müəyən edilmiş məhkəmədən kənar həlli qaydasına riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qəradadlarda göstərilmişdir ki, mübahisənin həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 6.16-cı bəndinə əsasən, Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə bildirir ki, BOKT hazırki tələblə ilk dəfə, yəni xx.xx.2019-cu il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət edən zaman iddia müddətini ötürməsə də, tələb baxılmamış saxlanıldıqdan həmin tələbi ikinci dəfə ağlabatan müddətdə deyil, Fərmanın icra müddətinin bitdiyi vaxtdan, yəni 31 dekabr 2019-cu il tarixdən 2 il 6 ay müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir ki, bu müddət də ağlabatan müddət hesab edilə bilməz. Müddəti ötürmüş iddiaçı müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində cavabdehə restruktuzasiya müqaviləsi bağlanılması üçün 01 sentyabr 2020-ci il tarixdə təklif məktubu ünvanladığını, lakin cavabdeh tərəfindən restruktuzasiya müqaviləsi bağlanması üçün Cəmiyyətə rəsmi heç bir münasibət bildirilmədiyini qeyd etsə də, bununla da bağlı məhkəmlərə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunduğu kimi Məhkəmə razılaşır ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi aşkardır. Məhkəmə işdə olan sənədlərə və tərəflərin bildirdiklərinə əsasən müvafiq qənaətə gəlmişdir. Lakin Məhkəmə apellyasiya şikayətində göstərilən dəlilləri birmənalı olaraq əsassız hesab edir. Çünki apellyasiya şikayətində əks olunmuş mövqedən görünür ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş iddia müddəti institutunun mahiyyətini sual altında qoyur, subyektiv hüquq pozulduğu halda bu institutun hüquq münasibətlərinə tətbiqini qəbul etmir. Həmçinin iddiaçı nəzərə almamışdır ki, iddia müddətləri və onların müəyyənləşdirilməsi qaydalarını nəzərdə tutan qanunun tələbləri imperativ xarakter daşıyır. Subyektiv hüququnun pozulması təsdiq olunduğu halda, müvafiq hüquq münasibətləri üçün müəyyən edilmiş iddia müddətinin tətbiqini istisna edən hüquq norması qüvvədə olan heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Əks halda, belə bir hüquq institutunun qanunvericilikdə təsbit olunmasının heç bir mənası olmazdı. Məhkəmə onu da bildirir ki, cavabdehin öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi, onu “iddia müddətinin tətbiqi barədə ərizə” vermək hüququndan məhrum edə bilməz. Cavabdeh də öz növbəsində bu hüququndan istifadə etmiş, sözügedən ərizəni işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim etmişdir. Ona görə də hesab edilməlidir ki, birinci instansiyası məhkəməsi müvafiq maddi hüquq normalarını və borcalanın ərizəsini nəzərə alaraq iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar