Məhkəmə qərarları › İş №2(107)-217/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-217/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)- 1060/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)-1060/2018 nömrəli qətnaməsi ilə (hakim Tahir İsmayılov) iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh Ləğv prosesində olan "xxxx" KB ASC ilə bağladığı 29 mart 2012-ci il tarixli, 278 nömrəli kredit müqaviləsinə əsasən qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq olaraq 7119.76 ABŞ dolları məbləğində əsas, 2419.94 ABŞ dolları məbləğində faiz borcu, cəmi 9536.70 ABŞ dolları məbləğində (ümumi məbləğdən 3.00 ABŞ dolları məbləği çıxılmışdır) borc və ödənilmiş dövlət rüsumu olan 30 manatın alınaraq Ləğv prosesində olan "xxxx" KB ASCnin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC-nin Azadlıq filialı ilə cavabdeh arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 278 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədi üçün Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tələblərinə əsasən borc alan X3 kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsində göstərilən müddətdə və qaydada hər ay sabit olaraq 549 ABŞ dolları banka ödəmək barədə öhdəlik götürsədə o, bu öhdəliyi yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə 2880.24 ABŞ dolları, faiz borcu üzrə isə 1740.76 ABŞ dolları məbləğində ödəniş etməklə kifayətlənmişdir. 04.04.2013-cü il tarixdə isə banka əsas borc üzrə 405 ABŞ dolları məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə bir neçə dəfə şifahi müraciət edilməsinə və 19 fevral 2018-ci il tarixli, **********056 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsədə, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 29 mart 2012-ci il tarixli 278 nömrəli Kredit müqaviləsi 25 aprel 2018-ci il tarixə banka ödənilməmiş cəmi 9539.70 ABŞ dolları məbləğində kredit borcu vardır. Bundan 7119.76 ABŞ dolları əsas borc və 2419.94 ABŞ dolları isə faiz borcu təşkil edir. İddiaçı iddia tələbinin əsası kimi MM-nin 442, 445.1, 445.2.1, 448.1, 449.4-cü maddələrinə istinad edərək həmin məbləğlərin və iş üzrə ödənilmiş dövlət rüsumunun X1 tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd edildiyi kimi uzun müddətdir ki, cavabdeh borcundan ödəniş etməmişdir. Lakin dəfələrlə şifahi olaraq borcun ödənilməsi ondan tələb edilmişdir. Hətta iş məhkəmənin icraatında olduğu müddətdə ofisə gələrək ödəniş barədə köməklik edilməsini xahiş etmişdir. İddia ərizəsi tərtib edilib verilərkən cavabdehin 9539.70 ABŞ dolları məbləğində kredit borcu, bundan 7119.76 ABŞ dolları əsas borc və 2419.94 ABŞ dolları isə faiz borcudur. Həmin məbləğdən yalnız 3 ABŞ dolları məbləğində pul ödəmişdir. Odur ki, qalan məbləğlərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh 13 sentyabr 2018-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı iddia tələbini qismən etiraf edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 29 mart 2012-ci il tarixdə kredit müqaviləsi bağlamış və istehlak məqsədi üçün 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit ayrılmış və kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsində göstərilən müddətdə və qaydada hər ay sabit olaraq 549 ABŞ dolları banka ödəmək barədə öhdəlik götürmüşdür. Sonradan öhdəliyi yerinə yetirə bilməmış, ödənişi dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin pozulması Bank tərəfindən ona xəbərdarlıq edilsə, borcu ödəyə bilməmiş, borcun girov müqaviləsi əsasında Bankda olan qızıl-zinət əşyalarına yönəldilməsini tələb etmişdir. Ona girov müqailəsi təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdeh vəsatət verərək həmin məsələnin araşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmışdir. Məhkəmə iclası 13.09.2018-ci il tarixə təxirə salınmış, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinə imza etdirilməklə xəbərdar edilsədə, məhkəmə iclasında iştirak etməmiş və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin icraatı qəsdən yubandırdığı qənaətinə gələrək hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi MM-nin 442. 445.1. 445.2.1, 448.1. 449,4-cü maddələrinə istinad edərək həmin məbləğlərin və iş üzrə ödənilmiş dövlət rüsumunun X1 tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tərəfindən əsas borc və faizlərin hesablanmasında yalnışlıqlara yol verilib, əsas və faiz borcu artıq hesablanıb. Bundan əlavə olaraq bank tərəfindən onun girov qismində banka qoyduğu 1 kq qızıl gizlədilib, qızılların aqibəti ərizədə göstərilməyib. Belə ki, məhkəmə onun girov predmetinin taleyini aydınlaşdırmadan onsuz məhkəməni keçirib, iddia müddəti bitməsinə belə baxmayaraq bankın şişirdilmiş tələbləri təmin edilmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)- 1060/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə kollegiyasına verilmiş apellyasiya şikayəti ilə bağlı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)-1060/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən halları: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016cı il tarixli, 2-1(81)-3617/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nın məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı ildən etibarən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi; "xxxx" KB ASC-in Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 278 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilməsi; Cavabdehdən yaranmış ümumi borcun 5 gün ərzində Ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi, əks halda borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı barədə Əmanətlərin Sığortalanması Fondunun Ləğvetməsində olan Banklarda Kreditlərin idarə edilməsi üzrə səlahiyyətli şəxs tərəfindən Cavabdeh ünvanlanmış 19 fevral 2018-ci il tarixli, **********056 saylı xəbərdarlıq məktubu; Cavabdeh 7119.76 ABŞ dolları əsas borc və 2419.94 ABŞ dolları faiz borcu, cəmi 9539.70 ABŞ dolları məbləğində kredit borcu olması barədə 10.05.2018-ci il tarixli maliyyə arayışı; Cavabdeh tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına 3.00 (üç) ABŞ dolları məbləğində ödəniş etməsi barədə 18 sentyabr 2018-ci il tarixli xəzinə mədaxil orderi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 442, 443.1, 445.1, 448.1, 739.1 və 743-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ əsasında qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ilə bağladığı 29 mart 2012-ci il tarixli, 278 nömrəli kredit müqaviləsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində icranı gecikdirməsi və nəticədə Ləğv prosesində olan "xxxx" ASC-nə 25.04.2018-ci il tarixə qədər 7119.76 ABŞ dolları məbləğində əsas, 2419.94 ABŞ dolları məbləğində faiz borcu, cəmi 9539.70 ABŞ dolları məbləğində borcu qalması sübuta yetirilir. Lakin məhkəməyə təqdim edilmiş 18 sentyabr 2018-ci il tarixli xəzinə mədaxil orderi ilə Cavabdeh tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına 3.00 (üç) ABŞ dolları məbləğində ödəniş etməsi müəyyən edilir ki, həmin məbləğ ümumi məbləğdən çıxılmalıdır. Məhkəmə cavabdehin iddiaçı ilə girov müqaviləsi bağlanması barədə dəlili üzrə qeyd edir ki, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır (MM-in 280-ci maddəsi). Birinci instansiya məhkəməsinin iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında girov müqaviləsi bağlanmamışdır. Cavabdeh isə məhkəmədə iddiaçı ilə girov müqaviləsi bağlanmasını qeyd etsədə, həmin halı təsdiq edən mötəbər subutları təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da idiaçının əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 7119.76 ABŞ dolları məbləğində əsas, 2419.94 ABŞ dolları məbləğində faiz borcu, cəmi 9536.70 ABŞ dolları məbləğində (ümumi məbləğdən 3.00 ABŞ dolları məbləği çıxılmışdır) borc alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bank tərəfindən əsas borc və faizlərin hesablanmasında yalnışlıqlara yol verilərək əsas və faiz borcunun artıq hesablanması, həmçinin bank tərəfindən onun girov qismində banka qoyduğu 1 kq qızıl gizlədilməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh əsas və faiz borcunun nə qədər olmalı olması və nə qədər artıq hesablanması barədə, həmçinin onunla bank arasında girov müqaviləsinin bağlanması və 1 kq qızılın girov qoyulması barədə heç bir subutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, ərizə təmin edilə bilməz. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İşin hallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin 13 sentyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq olunması barədə ərizə vermək imkanı olmasına baxmayaraq, bunu etmədiyindən onun ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)-1060/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2(016)-1060/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar