Məhkəmə qərarları › İş №2(107)-217/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-217/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış fazi borcunun və cərimənin tutulması” tələbinə dair mülki üzrə Göyçay Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 saylı Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizəyə əsasən cavabdehə illik 21,45% dərəcəsi ilə xx.xx.2020-ci il tarixədək 6500 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AVNS259 saylı Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizəyə əsasən cavabdehə illik 20% dərəcəsi ilə xx.xx.2019-cuil tarixədək 500 manat məbləğində kredit xətti açılmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən 0084075AZN16166 saylı ərizə üzrə 23 avqust 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 2161,81 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 225,08 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 7122,53 manat olmaqla cəmi 9509,42 manat; AVNS259 saylı ərizə üzrə ödənilməmiş qalmış əsas kredit borcu 488,2 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 294,95 manat olmaqla cəmi 783,15 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0084075AZN16166 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2161,81 manat əsas borc, 225,08 manat faiz borcu, 7122,53 manat cərimə borcu olmaqla, cəmi 9509,42 manat məbləğində borcun, AVNS259 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,2 manat əsas borc, 294,95 manat cərimə borcu olmaqla, cəmi 783,15 manat məbləğində borcun və 121 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.0.9 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-04602İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Sonradan tərəflər arasında Ümumi şərtlər toplusu çərçivəsində: 0084075AZN16166 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 21,45%, illik cərimə faizi 180% olmaqla, 6,500 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. AVNS259 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən Borcalana xx.xx.2019-cu il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla, 500 (beş yüz) manat məbləğində şəxsi istehlak məqsədilə kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0084075AZN16166 saylı ərizə üzrə 735 gün, AVNS259 saylı ərizə üzrə 919 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 121 manat dövlət rüsumu ödəmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon) 2(046)-1765/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 0084075AZN16166 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2161,81 manat əsas borc, 225,08 manat faiz borcu, 122,53 manat cərimə borcu olmaqla, cəmi 2509,42 manat məbləğində borcun, AVNS259 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,2 manat əsas borc, 294,95 manat cərimə borcu olmaqla, cəmi 783,15 manat məbləğində borcun və 47 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına keçirilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh ilə Bank arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 21,45 faiz olmaqla 24 ay müddətinə 6.500 manat məbləğində kredit verilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 20 faiz olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Banka borcu yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçınin cavabdehdən 7122,53 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab etmiş və həmin dəbbə pulunun 122,53 manat məbləğində müəyyən edilməsini qanunauyğun hesab etmişdir. Rayon Məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun 47 manatı cavabdehdən alınaraq iddiaçı ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 462.1, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Göyçay Rayon Məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. X1 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2022-ci il tarixə cavabdeh tərəfindən 0084075AZN16166 saylı maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 809 gün olduğundan cərimə məbləğinin 122,53 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxıçının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, işdən çıxdığı üçün kredit borcunu ödəyə bilmir, lakin Bank tərəfindən dəbbə pulu yüksək hesablanıb. Dəbbə pulunun azaldılması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Bank apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin bir hissəsi, yəni iddianın cərimə borcunun tutulmasına aid hissəsinin həll edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktın yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, "xxxx" ASC və cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 0084075AZN16166 nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə 21,45 faiz olmaqla 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixdə "xxxx" ASC və cavabdeh arasında bağlanmış AVNS259 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 20 faiz olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, borcalan cavabdeh kredit müqavilələri üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, üzrə cavabdehin Banka 2161,81 manat əsas borc, 225,08 manat faiz borcu yaranmış, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 7122,53 manat təşkil edir. Bankın təqdim etdiyi hesablamalardan həmçinin görünür ki, xx.xx.2018-ci il tarixli, AVNS259 nömrəli kredit müqaviləsi üzrə cavabdehin Banka ödənilməmiş 488,2 manat əsas borcu vardır. Həmin borcun öədnişini gecikdiridiyi üçün Bank cavabdehə 294,95 manat cərimə (dəbbə) tətbiq etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, cavabdehin kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Öhdəliyin gecikdirilməsini və kredit müqavilələrinin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə cavabdehə xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə 7.122,53 manat, xx.xx.2018-ci il tarixli, AVNS259 nömrəli kredit müqaviləsi üzrə 294,95 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehdən Bankın xeyrinə tutulmasını xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi qismən təmin edərək cavabdehdən Bankın xeyrinə 0084075AZN16166 nömrəli müqavilə üzrə 122,53 manat, AVNS259 nömrəli müqavilə üzrə isə 294,95 manat məbləğində cərimənin (dəbbə) tutulması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə 7122,53 manat cərimənin (dəbbənin) tutulması barədə tələb olunan məbləğini azaltmaqda haqlı olsa da, cərimənin 122,53 manat məbləğində müəyyən etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. Çünki cərimə borcunun həmin məbləğdə müəyyən edən Rayon Məhkəməsi kreditorun bütün əsaslı mənafelərini nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə cavabdehdən Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və cavabdehdən Bankın xeyrinə 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə 250 manat məbləğində cərimə (dəbbə) tutulmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə cavabdehdən tutulacaq cərimə borcunun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsinə təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən Bankın xeyrinə 250 manat dəbbə pulu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulacaq cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 0084075AZN16166 nömrəli kredit müqaviləsi üzrə cərimə borcu olaraq 250 məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar