Məhkəmə qərarları › İş №2(107)-2185/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2185/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2185/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər, kompensasiya, sübutetmə yükü) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1276/2021 saylı, 26 iyul 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 2730 manat, 356 manat maddi zərər, 5000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 fevral 2017-ci il tarixdə onun Azərbaycan Respublikasında olmamasından istifadə edən cavabdeh Ağdaş Rayon Məhkəməsinə borc tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ümumilikdə 8724 manat borcun və 20 manat dövlət rüsumu olmaqla ondan məhkəmə qaydasında pul məbləğinin tutulması və ona ödənilməsini xahiş etmişdir. 16 fevral 2017-ci il tarixdə məhkəmə əmrinə dair ərizə təmin edilmişdir. O, Azərbaycana qayıdandan sonra və Dost MMC-də işləyən zaman onun əmək haqqısından icra və probasiya şöbəsi pul tutarkən bilmişdir ki, onun barəsində məhkəmə əmri mövcuddur. Odur ki, o,12 dekabr 2020-ci il tarixdə məhkəməyə məhkəmə əmrinin ləğvi barədə əriz vermiş və məhkəmə əmri ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Bildirir ki, 01 mart 2021-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında hər iki tərəf iştirak etmiş, həmçinin onun şahidləri də dinlənilmişdir, onun haqlı olması sübuta yetirilməsinə baxmayaraq məhkəmə iclası təxirə salınaraq 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Odur ki, həmin iclasın tarixi barədə ona məlumat verilmədən iddia ərizəsi 31 mart 2021-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Belə ki, onu mülahizəsinə görə bu ona görə idi ki, daha sonra işə təkrar baxıla bilsin. Qeyd etmək istəyir ki, o,Türkiyədə qızıgildə yaşayarkən cavabdeh oğlundan müxtəlif qanunsuz yollarla onun mobil telefonunu almış və onu sərhəddə tutduracağı hədəsi ilə ondan 10 ay müddətinə 200 manat pul almışdır. Nəzərə çatdırır ki, o, cavabdehə borclu olmadığını bilsə də, sərhədi keçərkən həbsə alına biləcəyindən qorxaraq 10 ay müddətində cavabdehə 200 manat pul göndərməyə məcbur olmuşdur. Qeyd edir ki, məsləni tamamilə həll etmək üçün o,vətənə qayıtmış və məhkəmə əmrinə etiraz etsə də, məhkəmə işin birdəfəlik həllinə mane olaraq iddianı baxılmamış saxlamış, daha sonra isə iş üzrə icraatı təzələyərək cavabdehin xeyrinə qərar çıxarmışdır. Qeyd edir ki, vətənə bu məsələnin həlli üçün qayıdarkən Nidə Ağ saray şəhərindən Ankara şəhərinin Hava limanına qədər avtobus Azərbaycan manatı ilə 30 manat, Ankaradan təyyarə ilə Bakıya gələrkən biletə 310 manat və Bakıdan Ağdaşa gələrkən 15 manat xərci caavbdehin günahı ucbatından çəkmişdir. Cavabdeh hərəkəti ilə ona ciddi zərər vurmuş və ondan 2730 manat pul məbləği almışdır. İşin faktiki halları ilə bağlı bildirir ki, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi 24 ay olmuşdur və ödənişlər vaxtında ödənilmişdir. Hazırda onun cavabdehə borcu yoxdur. Sadəcə olaraq o,cavabdehə borcu ödəyərkən heç bir kassa mədaxil qəbzləri cavabdeh ona verməmişdir. O, borcu ödəyib qurtarsa da, cavabdeh ona təmizlik kağızı verməmişdir. O, cavabdehin qanunsuz əməlləri nəticəsində 5000 manat mənəvi zərər çəkmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-1276/2021 saylı, 26 iyul 2021-ci il tаrixli qətnaməsi ilə (hakim F.Nəsibov) İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsi tələbi haqqında iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə İddiaçı Cavabdeh xeyrinə 8724 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Bundan sonra borclu həmin əmrə etiraz etmiş, Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatında baxılması üçün 27 yanvar 2021-ci il tarixə təyin edilmiş bu barədə tərəflər xəbərdar edilmişlər. Daha sonra Ağdaş Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə, Cavabdeh İddiaçı qarşı borc tələbi haqqında iddia ərizəsi tərəflərin gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdehin iddiaçıya qarşı məhkəmənin icraatında borc tələbi haqqında iddiası mövcuddur. İddiaçı cavabdehə borcunun olmaması və iddiasının əsaslı olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmənin icraatında tərəflər arasında mövcud olan borc tələbinə dair iddiaya dair mülki iş üzrə cavabdeh tərəfindən iddiaçının ona borclu olmasına dair müvafiq sübutlar təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci 1097.1-ci, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. 08.02.2017-ci il tarixində onun Azərbaycan Respublikasında olmamasından istifadə edən cavabdeh 16.02.2017-ci il tarixində Ağdaş rayon Məhkəməsi ondan Cavabdeh xeyrinə cəmi 8724 (səkkiz min yeddi yüz iyirmi dörd) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə №2(14)-743/2017 saylı məhkəmə əmri verilmişdir. 12.12.2020-ci il tarixində məhkəmə əmriylə razılaşmayıb rayon Məhkəməsinə etiraz ərizəsiylə müraciət edib məhkəmə əmrinin ləğv edilməsini və işə icraat qaydasında yenidən mənim iştrakımla baxılmasını xahiş etmişdir. 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmişdir. 27.01.2021-ci il tarixində Məhkəmə tərəfindən iddia icraatı qaydasında işə baxılması vaxtı və yeri təyin edilməsinə baxmayaraq iddiaçı Cavabdeh Rəfail oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin Hakimi isə qanunun tələblərinə görə iddiaçını yenidən məhkəməyə çağırılması tələbini təmin etməmişdir. Tərəfindən borcun ödənilməsinə dair şahidlər çağrılmış və onlar məhkəmə iclas zalında çəkişmə prinsipiylə iddiaçıya bu günün cavabdehinə sübut etdi ki, pul məbləğini tam şəkildə ödəmiş və ondan artıq 2730 (iki min) manat pul almışdır. Məhkəmədən iddiaçı Cavabdeh borcla bağlı iddia ərizəsinin ləğv edilməsini xahiş etmişdir. 31.03.2021-ci il tarixində məhkəmə tərəfindən təyin edilmiş iclasda iştirak etmişdir. İddiaçı isə məhkəməyə gəlməmişdir. Məhkəmə baxışı iclası təxirə salınmış və ünvanına15.04.2021 -ci il tarixdə Ağdaş rayon Məhkəməsinin №2(014)-4/2021 saylı qərardadı daxil olmuş və qərardadda iddiaçı Cavabdeh Rəfail oğlunun cavabdeh İddiaçı qarşı borc tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılması göstərilmişdir. 26.07.2021-ci il tarixində o, Cavabdeh Rəfail oğluna qarşı iddia ərizəsi ilə müraciət edib dəymiş zərərin hesablanmasını və alınmasını rayon Məhkəməsindən xahiş etmişdir. Məhkəmə onun dediklərinə və təqdim etdiyi sübutlara diqqət etməmiş, cavabdehin məhkəmədə iştirak olmadan iddianı əsassız olaraq rədd etmişdir. Cavabdehdən “Borc pul məbləğinin məcburi qaydada alınması” barədə iddia ərizəsinə məhkəmə iclas zalında baxılmamışdır. Tərtib edilmiş qətnamənin məzmunun əsaslar yoxdur. Cavabdehin məhkəmədə iştirak etməməsinə məhkəmə mövqe bildirməmiş. Hakim qarşı tərəfin marağını qərəzli yolla məhkəmə iclas zalında qorudu və cavabdeh barəsində heç nə deməmişdir. Məhkəmə iclası tək onun iştirakıyla keçirilmişdir. Məhkəmə onu dinləməmişdir. Çəkişmə prinsipini pozmuşdur. Ona görə də, o apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(014)- 1276/2021 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə təqdim olunmuş sübutlar əsasında mülki iş üzrə ona borclu olduğu 2730 (iki min yeddi yüz otuz) manat, ona vurulan zərər (yol xərci) 356 (üç yüz əlli altı) manat, mənəvi zərər qismində 5000 (beş min) manat pul məbləğini, Dövlət nəfinin-hesabına ödəniş etdiyi 30 (otuz) və 15 (on beş) manat rüsumu, ümumilikdə cəm 8101 (səkkiz min bir yüz bir) manat pul məbləğinin Cavabdeh tutularaq ona verilməsinə dair yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tаrixli, 2(075)-842/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1276/2021 saylı, 26 iyul 2021-ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə İddiaçı X1 xeyrinə 8724 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Bundan sonra borclu həmin əmrə etiraz etmiş, Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatında baxılması üçün 27 yanvar 2021-ci il tarixə təyin edilmiş bu barədə tərəflər xəbərdar edilmişlər. Daha sonra Ağdaş Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə, Cavabdeh İddiaçı qarşı borc tələbi haqqında iddia ərizəsi tərəflərin gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. İddia ərizəsindən görünür ki, iddiaçı üç tələblə məhkəməyə müraciət etmişdir. İlk tələb ondan ibarətdir ki, cavabdehə borclu olduğu pulu ödəyərkən cavabdeh ondan 2730 manat pulu artıq almışdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. İddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Digər tələb isə 356 manat maddi zərər (yəni yol xərci), 5000 manat mənəvi zərərin ödənilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçı tərəf cavabdehin günahı ucbatından 356 manat maddi zərər (yəni yol xərci), eyni zamanda mənəvi zərər çəkməsi barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1276/2021 saylı, 26 iyul 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1276/2021 saylı, 26 iyul 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar