Məhkəmə qərarları › İş №2(107)-2186/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2186/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2186/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borucunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli qərardadından iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin X1 Fondu iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2065,54 manat əsas, 1548,32 manat faiz, 1630,42 manat cərimə, 310,59 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 5554,87 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borucunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasını təmin etmək məqsədi ilə xx xxx 2019-cu il tarixdə X2 rəsmi internet səhifəsində elan verilərək vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Restrukturizasiyanın aparılmasını təmin etmək üçün əsas şərtlərdən biri borcalan fiziki şəxslərin ləğvediciyə müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə borcalan fiziki şəxslərlə restrukturizasiyanın aparılması qeyri mümkündür. Cavabdeh2 lazımınca xəbərdar edilməsinə baxmayaraq güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi bağlanması üçün xx xxxxxxxx 2020-ci il tarixdə banka müraciət etmişdir. Cavabdeh2 tərəfindən vaxtında belə bir müraciət olmadığı üçün restrukturizasiya aparılmamışdır. Cavabdehlərin məlum nömrələri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Belə olan halda iddia ərizəsinin qərardadda göstərilən əsaslarla baxılmamış saxlanılması kredit tələbi ilə bağlı iddia müddətinin ötürülməsi ilə nəticələnər. Göstərilən qərardad əsassız olduğundan ləğv edilməsi və icraatın təzələnməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli qərаrdаdı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)- 641/2020 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin X1 Fondunun nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə hazırki mübahisələndirilən qərardadı qəbul edərkən ona əsaslanmışdır ki, problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan müəyyən edilir ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 2065,54 manat qalıq borcu qalmışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 2065,54 manat əsas, 1548,32 manat faiz, 1630,42 manat cərimə, 310,59 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla, cəmi 5554,87 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu borc tələb olunur. Cavabdeh2 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşsə də, kredit borcunun restrukturizasiya olunması, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması barədə cavabdehlərə göndərilən bildirişlərin onlar tərəfindən alınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. İddiaçının nümayəndəsi Cavabdeh2 kredit təşkilatı ilə yeni kredit müqaviləsi bağlamadığını bildirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh2 yeni kredit müqaviləsi bağlanılması ilə bağlı vaxtında ona məlumat verilmədiyini, ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fonduna yeni kredit müqaviləsi bağlanılmasına dair müraciət etdiyini, müraciətinin qeydə alındığını bildirmiş və iddiaçının hazırkı tələblə onlara qarşı iddia qaldırmasını əsassız hesab edərək iddia tələbinin baxılmamasını xahiş edir. Hazırkı iddia ərizəsi icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Kollegiya həmçinin qeyd edir ki, Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll edilə bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği də tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin X1 Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2(037)-641/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar