Məhkəmə qərarları › İş №2(107)-220/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-220/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-220/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı-nin nümayəndəsi X1; Cavabdeh - Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda Cavabdeh3 iştirakı ilə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1250/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1250/2020 saylı qətnaməsi (hakim Cahid İmanov) ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 6394.04 ABŞ dolları əsas, 1038.64 ABŞ dolları faiz borcunun, cəmi 7432.68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları: İddiaçı «İddiaçı” ASC iddia ərizəsi iləməhkəməyəmüraciətedərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 6394.04 ABŞ dolları əsas, 1038.64 ABŞ dolları faiz borcunun, cəmi 7432.68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərmişdir ki, kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.Cavabdeh1 bu öhdəliyini pozmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Həmçinin göstərmişdir ki, bundan əvvəl, yəni 2015-ci ilin noyabr ayında kreditor İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək borclular Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-6679/2015 saylı əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 həmin məhkəmə əmrindən etiraz verdiyindən məhkəmə əmri ləğv olunaraq mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə məhkəməyə ərizə təqdim edərək əlavə sübutlar toplanması zərurəti yarandığından işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadı ilə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan başqa İddiaçı hazırki cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə 2019-cu ilin fevral ayında da məhkəməyə müraciət etmiş, lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadı ilə MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmışdır. Əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə axırıncı ödənişini dəfə xx xxxxxxxx 2015-ci il tarixdə 94.99 ABŞ dolları olmaqlan ödəniş etmişdir. Həmin tarixdən sonra cavabdehlər tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Həmçinin göstərmişdir ki, iddia müddətinin şamil edilməsi barədə cavabdehin göstərdiklərini qəbul etmir. Belə ki, hesab edir ki, bank iddia müddətini ötürməmişdir. İddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, onunla “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında onun zaminləri olmuşlar. Göstərmişdir ki, 2015-ci ildə işlədiyi Şəki bazarı yandığından kredit müqaviləsi üzrə ödənişlər edə bilməmişdir. Axırıncı ödənişini təxminən 2015-ci ilin payız aylarında etdiyini xatırlayır. Müqavilə üzrə ödənişlər edə bilmədiyindən Bank 2015-ci ildə kreditor ərizə ilə məhkəməyə müraciət edilərək ondan və Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcunun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-6679/2015 saylı əmri ilə ərizə təmin edilmişdir. O, həmin məhkəmə əmrindən etiraz verdiyindən məhkəmə əmri ləğv olunaraq mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı ərizə məhkəməyə ərizə təqdim edərək əlavə sübutlar toplanması zərurəti yarandığından işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadı ilə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Daha sonra 2019cu ildə İddiaçı onlara qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadı ilə də mülki iş baxılmamış saxlanılmışdır. Əlavə olaraq göstərmişdir ki, krediti götürdükdən sonra həmin kredit məbləği üzrə İddiaçı-nin hesabına sonuncu dəfə 2015-ci ildə 94.99 ABŞ dolları ödəniş aparmışdır. Həmin tarixdən sonra Banka heç bir ödəniş etməmişdir. Bütün bunlar bank tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından və ödəniş qəbzlərindən də aydın görünür. O,banka sonuncu dəfə 2015-ci ildə 94,99 ABŞ dolları ödəniş etmiş, həmin tarixdən iddiaçının məhkəmədə iddia qaldırdığı xx xxxxxx 2020-ci il tarixinə qədər 5 ildən artıq müddət keçmişdir. Beləliklə də bank tərəfindən hazırkı tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, eyi zamanda Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Göstərmişdir ki, Cavabdeh1 onun yaxın dostu olduğundan bacısı Cavabdeh2 ilə birlikdə Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə o, xx.xx.2014-cü il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış və bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Cavabdeh1 zamin durmasına baxmayaraq iddiaçı tərəfindən zaminlik müqaviləsinin müddəti bitdikdən sonra bir il müddətində məhkəməyə müraciət etməli olduğu halda, bank tərəfindən qeyd olunan müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iddiaçı ondan və digər zamin olan Cavabdeh2 ödənilməmiş kredit borcunu tələb etməkdə haqlı deyildir. Bu səbəbdən də iddianı qəbul etmirlər. İddianın ona və Cavabdeh2 dair hissəsinin zaninlik müqaviləsinə xitam verilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehlə İddiaçı arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış və xx.xx.2016-cü il tarixdə müqavilənin icra müddəti başa çatmışdır. İddiaçı xx xxxxxx 2015-ci il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2015-ci il tarixli məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmiş və həmin tarixdən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı yenidən başlamışdır. Həmin bu müddət ərzində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinin baxılmamış saxlanılmasının subyektiv deyil obyektiv səbəbləri olmuşdur. Həmin obyektiv səbəb ondan ibarətdir ki, "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olmuşdur. Fərmana əsasən də, problemli kreditin restrukturizasiya edilməsinə şərait yaratmaq üçün iddia ərizələri baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməli idi. İddiaçı-də öz üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərək restrukturizasiyaya düşən bütün işlərin baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməsi barədə ərizələri məhkəməyə təqdim etmişdir. Bu faktiki əsaslarla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin, bu tədbirlərə baxmayaraq, cavabdeh restrukturizasiya üçün ayrılmış müddət ərzində yəni xx.xx.2019-ci il tarixədək problemli kreditinin həlli ilə bağlı banka müraciət etməmiş, bankın restrukturizasiya üçün göndərdiyi bildirişlərə məhəl qoymamışdır. Bu səbəbdən də problemli kredit restrukturizasiya edilməmişdir. Fərmanın icrası üçün ayrılmış müddət bitdikdən sonra restrukturizasiya edilməmiş işlərlə bağlı yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yaranmış fasilədə bəzi kateqoriya işlərdə 3 illik iddia müddətləri qeyri-ixtiyari ötürülmüşdür. Belə işlər üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin problemli kreditlərinin həllinə dövlət dəstəyi gəstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Ona görə də, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1250/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnаməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, həmçinin Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1250/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit sazişi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı iləhəmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 27% olmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə görə zaminlik müqaviləsini imzalamışlar. Bu hal məhkəmə iclasında mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı-nə 6394,04 ABŞ dolları əsas, 1038,64 ABŞ dolları faiz borcu vardır. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və ona əlavə edilmiş borclu haqqında məlumatdan görünür ki, oğlu Cavabdeh1 axırıncı dəfə Banka xx xxxxxxxx 2015ci il tarixdə 94,99 ABŞ dolları ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-6679/2015 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9881,71 ABŞ dolları əsas və 1863,82 ABŞ dolları faiz borcu əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzəbbəsi ilə və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-239/2016 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim erdilən maliyyə arayışından və ödəmə məlumatlarında Cavabdeh1 tərəfindən arxırıncı dəfə xx xxxxxxxx 2015-ci il tarixdə onun 94.99 ABŞ dolları ödəniş etdiyi öz əksini tapır. Zaminlər tərəfindən isə banka hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2015-ci ildən sonra keçən təxminən 5 il müddət ərzində cavabdeh Banka ödəniş etməmişdir. xx xxxxxxxx 2015-ci il tarixdə banka 94.99 ABŞ dolları ödəniş edilməsini məhkəmə iclasında cavabdehin özü də qəbul edir, lakin həmin vaxtdan sonra banka ödəniş etmədiyini bildirir. İddiaçı isə həmin tarixdən sonra cavabdehlər tərəfindən ödənişlərin edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi Cavabdeh1 banka axırıncı dəfə etdiyi xx.xx.2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2020-ci il tarixinədək təxminən 5 il müddət, həmçinin kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2020-ci il tarixinədək təxminən isə 4 illik bir müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 kredit borcunu tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X4 Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, iddiaçı bank xx xxxxxxxx 2019-cu il tarixə kimi Cavabdeh1 qarşı iddia tələbi irəli sürməli olduğu halda həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda məhkəmə koollegiyası qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-841/2019 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, iddia ərizəsinin baxılmamış saxlanılması “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə deyil, tərəflərin məhkəmə kollegiyasının iclasına gəlməmələri ilə əlaqədar olmuşdur. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlərlə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zaminlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımışlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı iddia tələbində borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 da borcun tutulmasını xahiş etsə də, Azərbaycan Respubikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi kredit sazişi İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək imzalanmışdır. Həmin kredit sazişinin zaminliyinə dair hissəsi isə zaminlər tərəfindən imzalanmışdır. Zaminlər Cavabdeh2 və Cavabdeh3 təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2016-cı il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixədək təxminən 4 il müddət keçmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı zaminlik müqaviləsinin müddəti olan xx.xx.2016-cı il tarixdən 1 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı bu müddəti təxminən 3 il ötürmüşdür. Yəni iddiaçı cavabdehlər olan zaminlərə qarşı məhkəməyə vaxtında müraciət etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia Cavabdeh1 münasibətdə 3 illik iddia müddəti ötürülməsi əsasına, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə isə iddianın onlara dair hissəsinin zaminlik müqaviləsinə xitam verilməsi əsasına görə rədd edilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq edərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1250/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rаyon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1250/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar