Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-221/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi və məruzəsində, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 08 may 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh X4 15000 (on beş min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh X6 (bundan sonra cavabdeh və ya Akgün Əsbət) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan paltar, ərzaq və qızıl-zinət əşyalarının alınması ilə bağlı yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə “Turan bank”dan anası Ziyafət Alıyevanın adına 10000 manat kredit götürüb alver etmək məqsədi ilə 2019-cu ilin yanvar ayında Türkiyə Respublikasına gedib oradan ayaqqabı və pal-paltar gətirib Yasamal rayonu Kamal Rəhimov küçəsi 23b-də yerləşən özünə məxsus mağazada ayaqqabı, paltar və ərzaq məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Orada alver zəif olduğundan mağazanı bağlayıb mağzada olan malları tanışı Pünhanın Bakı şəhəri Binəqədi rayonunda işlətdiyi mağazaya aparıb vermişdir. Bakı şəhəri Səbail rayonu 20 saylı X3 işləyəndə onunla birlikdə Nəzakət adlı xanım işləmiş, onunla münasibəti normal olmuşdur. Nəzakət onun ticarətlə məşğul olduğunu bilirdi. 2019-cu ilin fevral ayında Nəzakət onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi xatırlamadığı nömrəsindən zəng vuraraq hal-əhval tutub, tanışı X5 yaşadığı Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi ev 112-də olduğunu və tanışı X5 ticarətlə məşğul olduğunu, ona satmaq üçün nisyə ayaqqabı verməyini və satıb pulunu tez bir müddətdə qaytaracağını demişdir. X8 ilə tanış olmaq və satdığı ayaqqabıları ona göstərmək məqsədi ilə 11 ədəd nümunə götürüb Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi ev 112-yə getmişdir. Orada Nəzakət və X8 ilə görüşub, söhbət zamanı gətirdiyi ayaqqabıları Əsbətə göstərib, qiymətlərini ona demişdir. Əsbət ayaqqabılara baxıb, onun dediyi qiymətlərlə razılaşıb, ayaqqabıları satıb qısa bir müddət ərzində pulunu verəcəyini bildirmişdir. Ona görə də ora apardığı 11 ədəd müxtəlif çeşidli, müxtəlif qiymətlərdə olan uşaq, qadın, kişi ayaqqabılarını ona satmaq üçün vermişdir. Həmin günü axşam Əsbət onun mobil nömrəsinə zəng edərək apardığı ayaqqabıları müştərilərinə göstərdiyini və müştəriləri ayaqqabıları bəyəndiyini, əlində satılası mal olduğu halda ona satmaq üçün nisyə verməyini xahiş edərək, mart ayına qədər satıb malların pulunu ona verəcəyini bildirmişdir. Bundan sonra Əsbət ona bir neçə gün zəng edərək malları gətirməyini xahiş etmişdir. Onun xahişlərini nəzərə alaraq hissə-hissə tanışı Pünhanın Bakı şəhəri Binəqədi rayonunda işlətdiyi mağazadan, ayaqqabıları, uşaq, qadın və kişi paltarlarını gətirib qonşusu Samirin köməkliyi ilə Əsbətin evinə yığmış, sonra Hökməli qəsəbəsində olan qohumunun evində saxladığı malları və öz mağazasında olan geyim və ərzaq mallarını gətirib satmaq üçün Əsbətə vermişdir. Ümumilikdə, Əsbətə satmaq üçün 11790 manat dəyərində geyim və ərzaq məhsulları vermişdir. Bu malları Əsbətə verəndən sonra Əsbət ona zəng edərək qızıl ticarətindən yaxşı başı çıxdığından ona satmaq üçün nisyə qızıl tapıb verməyini, habelə həkim işləyən iki xala qızlarının toy etdiklərini, həmin qızılları ona satıb xeyir götürəcəyini və həmin xeyirdən ona pul verəcəyini demişdir. Əsbətə satmaq üçün qonşusu olan X1 işlətdiyi qızıl mağazasına gedib Əsbətin ona verdiyi siyahı əsasında 12030 manat dəyərində qızıl-zinyət əşyalarını götürüb Əsbətin yaşadığı evdə ona vermişdir. Qızılı verən qonşusu Nəzakət ona qızılın 6000 manatını qızılı verdiyi adamdan alıb gətirib verməyini, qalan pulu isə ayda 2000 manat ödəmək şərti ilə verməyə razı olduğunu bildirmiş və o da bu şərtləri qızılları Əsbətə verəndə ona demişdir. Əsbət də onunla razılaşmış səhəri gün ona zəng edərək qızılları satdığı adamın ona hələlik 1000 ABŞ dolları verdiyini, qalan pulu da verəcəyini demişdir. Nəzakət bir müddət gözləməyə razılıq vermişdir. Bundan sonra Əsbətdən 1000 ABŞ dollarını alıb 1700 manat əvəzi olaraq aparıb Nəzakətə vermişdir. Daha 2 gün sonra Əsbət ona 700 manat pul vermişdir. Həmin pulu da aparıb Nəzakətə vermişdir. Bundan sonra Əsbətdən verdiyi malların pulunu və qızılların pulunu tələb etməyə başlamışdır. Lakin Əsbət ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Hətta onu evinə dəvət edərək Anar adlı bir şəxsi təqdim edərək, bank işçisi olduğunu və onun vasitəsi ilə bankdan pul götürüb ona olan borcunu ödəyəcəyini demişdir. Onun yalan danışdığını görərək dəfələrlə onun əri Gökhana zəng edib pullarını geri istəsə də, onların hər ikisi ondan vaxt istəmişlər. Pulu ala bilməyəcəyini görüb, Yasamal Rayon Polis Şöbəsinə müraciət etmişdir. İstintaqa izahat verən Cavabdeh izahatında olanları inkar etməmiş və ona 15000 manat borcu olduğunu, lakin hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. İş üzrə Yevlax Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)- 120/2021 nömrəli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 8 may 2020-ci il tarixli 2(039)- 446/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiаçı İddiaçı cavabdeh X6 qarşı 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiаsının rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)- 120/2021 nömrəli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli 2(102)-4599/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)-120/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə əsassızdır, heç bir normativ akta söykənmir və ümumiyyətlə heç bir mötəbər sübut olmadan qəbul olunmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 6(004)-17/2020 saylı qərarı ilə ərizəsi təmin edilməmiş, lakin qərarın 4-cü səhifəsinin 4-cü, 5-ci, 6-cı və 7-cı abzaslarında qeyd iddiaçının yeganə sübutu olan Yasamal RPİ-nin məlum qərarını düzgün təhrif edərək, məhkəmə belə nəticəyə gəlmişdir ki: - “X5 İddiaçı 15000 manat borcu qalmışdır və X8 bunu izahatında etiraf etmişdir. Lakin bu reallığı əks etdirmir” –”İddiaçı 15000 manat borcu qalması faktını müstəntiqi apardığı araşdırmanın nəticəsində fakt kimi təsdiq etməmişdir” - “yəni X5 İddiaçı 15000 manat borcu qalması faktının təsdiq edildiyini kimin kimə borclu olduğunu, nə qədər borclu olduğunun təsdiq edildiyinin qərardad göstərməmişdir” - “Müstəntiq yalnız tərəflərin mülki münasibətlərdə olduğunu qərarda müəyyən etdiyi fakt kimi qeyd etmişdir. Ona görə də həmin qərar X5 İddiaçı 15000 manat borcu qalması faktını təsdiq edən preyudisial qərar kimi qəbul edilə bilməz.” Yasamal Rayon Məhkəməsinin məlum qanuni qüvvəsin almış qərar ola-ola Yevlax Rayon Məhkəməsi bütün qanunvericiliyin prinsiplərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Yevlax Rayon Məhkəməsi, birinci instansiya olduğundan, habelə həmin rayon məhkəməsində yeganə tək hakim iştirak etməsinə baxmayaraq, məhkəmə qətnaməsinin sonuncu səhifəsinin 5-ci bəndində qeyd edir ki, ”kollegiya hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz”. Burdan məntiqi bir sual meydana çıxır, hansı kollegiya? Ona görə də, Yevlax Rayon Məhkəməsinin 08 may 2020-cı il tarixli, 2(039)- 446/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli 2(102)-4599/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)-120/2021 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin nəticə hissəsində qətnamənin ləğv olunması xahiş edilsə də, cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə də yoxlayaraq, iddianın təmin edilməyən hissəsində ləğv etməklə apellyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Bu hal isə son nəticədə qanunsuz olaraq iddiaçının iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin aktından şikayət vermək hüququndan məhrum olması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının 22-ci bəndində qeyd edilmişdir ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə əsasən iddiaçının sübut qismində istinad etdiyi, polisdə aparılmış araşdırma materialını sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd olunan araşdırma materialının və orada əksini tapmış izahatların hazırkı iş üzrə preyudisial xarakter daşımadığı barədə qanuni nəticəyə gəlmişdir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Lakin məhkəmə nəzərə almamışdır ki, istinad olunan halların preyudisial əhəmiyyətə malik olmaması həmin sənədlərin sübutlardan biri kimi tərəflərin iş üzrə verdiyi izahat və digər sübutlarla birlikdə məcmu şəkildə qiymətləndirilməsinə mane olmur. Əksinə, MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1 və 88-ci maddələri). Bu baxımdan əgər iddiaçı sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir. Eyni zamanda cavabdeh həmin orqanlarda iddiaçının istinad etdiyi məzmunda izahat verdiyini, belə izahatı imzaladığını mübahisələndirmirsə və ya bu hal mötəbər sübutlarla təsdiq olunursa, həmin izahatların cavabdehin iradəsini ifadə etmədiyi barədə ağlabatan dəlillər irəli sürmək və ya sübutlar təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. Qeyd olunanlarla yanaşı iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiyası məhkəməsinə verdiyi yazılı etirazında iddiaçının satılması üçün ona verdiyi geyim və qızıl əşyalarının onun tərəfindən satıldığını, əldə olunmuş pul vəsaitini iddiaçıya verdiyini, realizə olunmamış qalan əşyaları isə natura şəklində iddiaçıya qaytardığını bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, cavabdehin iddia olunan malların ona verildiyi faktını etiraf etməsi iddiaçını bu halları sübut etmək vəzifəsindən azad edir və Məcəllənin 77.1-ci maddəsinə əsasən, qəbul edilmiş malların dəyərinin ödənildiyini və ya onların özünün qaytarıldığı barədə etirazın dəlillərini sübut etmək yükü cavabdehin üzərinə düşür. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələbələrini pozmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.” Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə 25 iyul 2019-cu il tarixli qərarından (qərarın əslinə məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilmişdir) görünür ki, İddiaçı (hazırkı iş üzrə iddiaçı) şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək, X8 (hazırkı iş üzrə cavabdeh) tərəfindən ona olan borcun qaytarılmaması ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh Əsbət Akgün verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsulları, ayaqqabı və geyim əşyalarını, habelə 12.030 manat dəyərində qızıl-zinət əşyalarını satacağı və həmin malların pulunu hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişlər. Cavabdehin ona verdiyi həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qalmışdır. Geyim əşyalarının bir hissəsini satılması üçün bir neçə şəxsə vermiş, bir hissəsi isə onun evindədir. Satılan əşyaların pullarını toplayıb hissəhissə iddiaçıya qaytaracaqdır. Xəyaləyə qalan 15000 (on beş min) manat borcunu inkar etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, hazırkı mübahisəyə dair düzgün hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22.1, 442, 448.1, 448.2, 449.1, 777.1, 777.2 və 779.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehin özünün dəlilinin əsası kimi istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət təqibinin başlanılmasının rədd olunması” barədə 25 iyul 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək, X8 tərəfindən ona olan borcun qaytarılmaması ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsulları, ayaqqabı və geyim əşyalarını, habelə 12.030 manat dəyərində qızılzinət əşyalarını satacağı və həmin malların pulunu hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişlər. Cavabdehin ona verdiyi həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qalmışdır. Geyim əşyalarının bir hissəsini satılması üçün bir neçə şəxsə vermiş, bir hissəsi isə onun evindədir. Satılan əşyaların pullarını toplayıb hissəhissə iddiaçıya qaytaracaqdır. Xəyaləyə qalan 15000 (on beş min) manat borcunu inkar etmir. Cavabdeh sözügedən qərardan, izahatının təhrif olunması əsası ilə, məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Şikayətə məhkəmə nəzarəti qaydasında baxılması zamanı, cavabdehin izahatının təhrif olunması, izahatın təzyiq altında yazılması, daha sonra isə aldadılma yolu ilə cavabdehə imza etdirilməsi faktları öz təsdiqini tapmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin təhqiqat orqanına verdiyi izahatda göstərdiklərini həqiqət kimi qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda istinad edilən “Cinayət təqibinin başlanılmasının rədd olunması” barədə qərardan görünür ki, cavabdeh Əsbət Akgün iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsulları, ayaqqabı və geyim əşyalarını, habelə 12.030 manat dəyərində qızıl-zinət əşyalarını satacağı və həmin malların pulunun hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişlər. Cavabdehin ona verdiyi həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qaldığını da etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə 25 iyul 2019-cu il tarixli qərarı hazırda baxılan mülki iş üzrə preyudisial əhəmiyyət daşımasa da iddia tələbini təsdiq edən mötəbər sübutdur. Bundan başqa birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazda (iş materiallartı səh. 37) da bildirilmişdir ki, “İddiaçı ilə aralarında olan münasibətlər tam şəkildə çözülmüş, belə ki, ona verilmiş əşyaları, geyimləri və sair malları sataraq əldə olunmuş pul vəsaitini tam şəkildə iddiaçıya qaytarmış, naturada qalan əşyaları isə həmin şəkildə də iddiaçının özünə qaytarmışdır. Hazırda iddiaçıya veriləçək nə əşya, nə də ki, borcu qalmamışdır.” Cavabdehin həmin etirazında əks olunan iradə ifadəsindən göründüyü kimi, cavabdeh iddiaçıya borcunun olduğunu, ona əşyalar qaytarmalı olduğunu qəbul edir, bununla yanaşı onları qaytardığını bildirir. Lakin o, məhkəməyə realizə olunmuş əşyaların pulunu, realizə olunmamış əşyaları isə naturada iddiaçıya qaytardığına dair heç bir sübut təqdim edə bilmir. Belə ki, cavabdeh iddia tələbində göstərilən əşyaları iddiaçıdan aldığını etiraf etdiyindən, lakin onların bir hissəsinin pulunu, qalanını isə naturada qaytardığını iddia etdiyindən, əşyaların bir hissəsinin pulunu, qalanını isə naturada qaytardığını sübutetmə vəzifəsi artıq onun üzərinə düşür. MPM-nin: 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. MPM-in 106.3-cü maddəsinin məzmunundan çıxış edərək kollegiya qeyd edir ki, cavabdehin yazılı etiraz ərizəsində iddiaçının iddia etdiyi əşyaları həqiqətən ondan qəbul etməsi faktını etiraf etməsi iddiaçını bu halları sübut etmək vəzifəsindən azad edir. Yuxarıda vurğulandığı kimi cavabdeh iddiaçıdan qəbul etdiyini etiraf etdiyi əşyaların pulunu və ya naturada qaytarması haqqında heç bir sübut təqdim edə bilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası biirinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X5 apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(039)-446/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-221/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-221/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver