Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-221/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü, borcun etirafı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-713/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Ağdaş rayon Mərkəzi Xəstəxanasında PHŞ-nin Poliklinika şöbəsində tibb bacısı işləyir və cavabdehi oradan tanıyır. Cavabdeh iddiaçıya ona borc pul lazım olduğunu bildirmiş, iddiaçı da ona adam tanıdığını, ondan götürərək borc pul götürə biləcəyini bildirmişdir. İddiaçı cavabdehə inanaraq 12000 manat məbləğində pulu götürərək 2021-ci ilin oktyabr ayında cavabdehə borc olaraq vermişdir. Müxtəlif aylarda cavabdeh ona 3050 manat borc puldan qaytarıb, qalan 8950 manat pul cavabdehdə qalmış və dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirmiş, cavabdeh isə bir iki aya qaytaracağını bildirmişdir. İddiaçı 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayon prokuroru cənab Anar Əliyevin qəbulunda olmuş, prokurora Cavabdeh ona 8950 manat pulu qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Göstərilənlərə əsasən 12 avqust 1994-cü ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuş Cavabdeh 8950 manat pulun və 110 manat dövlət rüsumunun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan borc aldığını, lakin həmin borcu özünün adına almadığını, həmin borcu artıqlaması ilə iddiaçıya qaytardığını, iddiaçının iddiasının əsassız olduğu bildirərək rədd edilməsini xahiş etmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-713/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun və 110 (yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh borc alması nəticəsində İddiaçı 8000 (səkkiz min) manat məbləğində borcu yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 8000 (səkkiz min) manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun 8950 (səkkiz min doqquz yüz əlli) manat olmasını bildirərək, ona geri qaytarılmasını tələb edir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.
9. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir
10. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddiaçı cavabdehə borc pul verməsini bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur.
11. Lakin işin faktiki halları ilə iddiaçının 8000 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh səs yazısında bunu etiraf etmişdir) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 8950 manat borclu olmasını bildirsə də, bu məbləğin məhz 8950 olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin materialları ilə müəyyən edilmişdir ki, cavabdehin borcu 8000 manat təşkil edir.
13. Məhkəmə hesab etmişdir ki, hazırda cavabdeh iddiaçıdan pul götürdüyünü (eyni zamanda, səs yazısında bu məbləğin həmin an üçün 8000 manat olduğunu) etiraf etsə də, borcunu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz.
14. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 110 (yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 329.1, 740.2, 1091.2-ci maddələri, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının tələbinin nə dərəcədə düzgün olması nəzərə alınmamış və həmin müqavilə üzrə hesablanmış əsas və faiz borclarının saxtalığı araşdırılmamış və iddiaçının əsassız iddia tələbi təmin edilmişdir. İddiaçı məşhur sələmçidir. O ondan az-az cəmi 5000 manat borc, yəni sələm almışdır. Həmin borcu da artıqlaması ilə olmaqla 12000-dən çox qaytarmışdır. Borc kimi aldığı pulun 2,5 dəfə çox məbləğini ödəmişdir. Lakin buna baxmayaraq ona borclu olduğunu iddia etmişdir.
18. O, hesab edir ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə çıxarılmış qətnamə ləğv olunmalıdır. O,hesab edir ki, apellyasiya şikayəti qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır.
19. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(014)- 713/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılsını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-713/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(014)-713/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Cavabdehin apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər Ağdaş Rayon Mərkəzi X2 Şəxsində işləməklə iş yoldaşıdırlar. İddiaçı tərəfindən hər hansı bir yazılı müqavilə bağlanılmadan 2021-ci ilin oktyabr ayında cavabdehə pul vəsaiti verilmişdir. İddiaçı cavabdehə borc olaraq 12000 manat pul verdiyini, verdiyi borcdan 3050 manatının cavabdeh tərəfindən qaytarılmasına baxmayaraq, qalan 8950 manat borcun qaytarılmamasına istinad edərək, həmin məbləğin cavabdehdən alınması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir. Belə ki, o, birinci instansiya məhkəməsinə yazılı qaydada verdiyi izahatında iddiaçıdan 5-6 min arası sələmə pul götürdüyünü, 2 il ərzində isə həmin pulu artıqlaması ilə geri ödədiyini, onun hal-hazırda iddiaçıya heç bir borcunun olmadığını göstərmişdir.
34. Birinci instansiya məhkəməsi iddanı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 8000 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh səs yazısında bunu etiraf etmişdir) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır.
35. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə həll edilərkən mübahisənin maddi hüquqi əsası kimi əsassız varlanmaya istinad edilmişdir.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməkdə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.
37. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
38. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının tələbinin nə dərəcədə düzgün olmasının nəzərə alınmaması, iddiaçının əsassız iddia tələbinin təmin edilməsinə dair dəlilləri və iddia tələbi ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarından, tərəflərin izahatlarından göründüyü kimi həqiqətən də iddiaçı tərəfindən 2021-ci ilin oktyabr ayında cavabdehə heç bir yazılı müqavilə bağlanmadan pul vəsaiti verilmişdir. İddiaçı həmin məbləğin 12000 manat təşkil etdiyini göstərməsinə baxmayaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə uyğun olaraq həmin məbləğdə pul vəsaitini cavabdehə borc olaraq verməsini təsdiq edəcək hər hansı bir yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 12000 manat vəsaiti borc olaraq verməsini təsdiq edə biləcək hər hansı bir yazılı sübut təqdim edilməsə də Cavabdeh birinci instansiya məhkəməsində iddiaçıdan 6000 manat pulu borc olaraq almasını yazılı qaydada etiraf etmişdir. Yazılı etirafına, aldığı 6000 manat borcu tam şəkildə iddiaçıya qaytardığını göstərməsinə baxmayaraq, bu hal iddiaçı tərəfindən qəbul edilməmiş, cavabdeh tərəfindən də buna dair hər hansı bir sübut təqdim edilməmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehə verdiyi borcdan 3050 manatının cavabdeh tərəfindən ona qaytarılmasını təsdiq etmişdir.
43. Etiraf etdiyi 6000 manat borcdan cavabdehin ödənilməsini təsdiq etdiyi 3050 manat məbləğ çıxılmaqla, cavabdehin iddiaçı qarşısında 2950 manat borc öhdəliyinin olması müəyyən edildiyindən məhkəmə kollegiyası apellyatorun iddianın tam əsassız olmasına dair mövqeyi ilə razılaşmır.
44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-713/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2950 manat pul vəsaiti və həmin məbləğə uyğun 49,50 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(014)-713/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2950 manat pul vəsaiti və 49,50 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.