Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2213/2021 22.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərin ziyarətgahdan dərhal çıxarılmaları, dini icmanın qanuni fəaliyyətinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(054)- 524/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа, yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının adından, həmin dini icmanın sədri kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərin ziyarətgahdan dərhal çıxarılmaları, dini icmanın qanuni fəaliyyətinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(054)-524/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Oğuz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(054)-524/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Oğuz rayonu Kərimli kəndində yerləşən “Çərşənbə baba” ziyarətgahından onu zorla çıxarmış, ona otaqdan və seyfdən hər hansı sənəd götürməsinə imkan verməmişlər. Cavabdehlər gecələr də növbə ilə ziyarətgahda qaldıqlarına və onu ziyarətgaha buraxmadıqlarına görə dini icmaya aid sənədləri götürə bilmir. Həmin sənədləri götürən zaman məhkəməyə təqdim edəcəkdir. Qeyd olunan əsaslara görə məhkəmənin 06.10.2021-ci il tarixli 2 (054) - 524 / 2021 nömrəli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilərək iddia tələbinə baxılmasını məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-524/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 12 noyabr 2021-ci il tarixdə (ərizə məhkəməyə 17 noyabr 2021-ci il tarixdə daxil olmuşdur) məhkəməyə ərizə ünvanlayaraq qərardaddan vermiş olduğu şikayətdən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.4-cü maddələrinin tələbinə əsasən qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatına xitam vermək barədə qərardad qəbul etmək hüququ vardır. Sadalanan mülki prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də şikayətdən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı Qərara aldı: Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının adından iddia vermiş İddiaçı şikayətdən imtinası qəbul edilsin. İddiaçı Oğuz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(054)-524/2021 nömrəli qərardadından vermiş olduğu şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2213/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2213/2021
22.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver