Məhkəmə qərarları › İş №2(107)-222/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-222/2021

23.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-222/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “su arxının açılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək su arxının açılması və maneənin aradan qaldırılması ilə 0,50 ha fındıq bağının quruyub məhv olmasının qarşısının alınmasında ona köməklik edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yuxarı Çardaxlar kəndi dağ ətəyi kəndidir, torpaqların süni suvarmaya ehtiyac olduğunu bilən ata-babalar kəndin içindən keçən çaydan suvarma arxı çəkmişlər. Həmin arxdan 45 ailə suvarma işlərində istifadə edir. Hər bir aşağıda olan ailələr yuxarıda yaşayan ailələrin həyətindən, bağ-bağçasından suvarma arxı keçməklə sudan istifadə edirlər. Onun 67 yaşı var. O xatırlamır ki, indiyənə kimi kimsə şəxsi münasibətlər zəmnində qonşunun suvarma arxının qarşısını kəsməklə qisas almaq fikrinə düşsün. 45 ailə içərisində yeganə şəxsdir ki, Cavabdeh onunla olan şəxsi münasibətlərə görə artıq ikinci dəfədir ki, onun 0,50 ha bağ sahəsini sulayan qoruğundan keçən 30-40 m-lik arxın qarşını kəsmişdir. Cavabdeh ilk dəfə belə addımı 1998-ci ildə atmışdır. Bu zaman Yuxarı Çardaxlar kənd İcra Nümayəndəliyinin işə müdaxiləsindən sonra arxın qarşısını açdı. Cavabdeh yenidən arxın qarşını kəsməsi səbəbsiz deyildir. Cavabdeh 30 ildən çoxdur ki, həmin su arxının yanında ev tikib yaşamaqdadır. Bu müddət ərzində Cavabdeh kanalizasiya çirkab sularını onun bağına axıtmışdır. O, qonşuluq münasibətlərini nəzərə alaraq buna dözmüş və ümid etmişdir ki, Cavabdeh özü başa düşərək çirkab suların axıdılmasının qarşısını alacaq, lakin Əlinin bu niyyətdə olmadığını gördükdən sonra iddiaçı onun qarşısına çirkab-kanalizasiya sularının qarşısını kəsmək üçün 2019-cu ilin sentyabr ayına qədər möhlət vermişdir. Cavabdeh onun bu tələbindən sonra kanalizasiya sularını bağına axıtmağı dayandırıb, suyun istiqamətini dəyişdirmişdir. Kanalizasiya sularının qarşısını kəsdirdiyinə görə Əli ondan qisas almaq, əvəz çıxmaq məqsədi ilə əvvəlcə suvarma suyunun yoldan keçən hissəsinə yerləşdirilmiş çuqun borunu çıxarıb oğurlayıb aparmışdır. O, bu hadisə haqqında əvvəlcə Yuxarı Çardaxlar kənd icra nümayəndəsinə məlumat vermiş, kənd icra nümayəndəsi B.Əliyev onun hərəkətlərinin qanunsuz olduğunu, boruları yerinə qoymaqla arxın bərpa edilməsinin vacibliyini bildirsə də, Əli buna əməl etməmiş, polis şöbəsi arxın açdırılması məsələsinin mülki iş olduğunu bildirərək ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı ilə qonşuluqda yaşayır. Ona məxsus həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda ona məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir. İddiaçının iddia etdiyi su arxının açılması isə qeyri-mümkündür. Hazırda həmin arx mövcud deyil. Belə ki, onun həyətyanı torpaq sahəsinin yuxarı hissəsində yığılan su açıldığı təqdirdə onun evi batacaqdır. Çünki həmin suyun axıdılması üçün arx da mövcud deyil. İddiaçının torpaq sahəsinə onun həyətyanı sahəsindən iki tərəfdən su gedir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 80-ci illərdə iki arx arasında ev tikmişdir və hal-hazırda həmin evdə yaşamaqdadır. Hər iki arx yaşı əsrlərlə ölçülən arxlardır. Onlardan biri cavabdehin evinin 2 metr aralıq məsafədən keçməklə 20- 30 ailənin il boyu istifadə etdiyi əsas arxdır. Mübahisə obyekti olan arx da yaşı məlum olmayan babalarının tərəfindən əsas arxdan ayrılmış bir qoludur. Bu arx mövsümü mayavqust aylarında hər ay üç dəfə su aparmaqla onun istifadəsindədir. Arx cavabdehin evinin arxasından ən yaxın məsafə 10 (on) metr olmaqla 40 (qırx) metr məsafə qət etməklə avtomobil yoluna tökülür, yoldan isə onun tərəfindən qoyulmuş iki 150 çuqun boru ilə fındıq bağına ötürülür. Cavabdeh otuz il müddətində bir dəfə də olsun arxın onun evinə hər hansı bir ziyan vurduğunu, fəsadlar törətdiyini ona bildirməmişdir. İddiaçı yalnız onunla münasibətlər soyuyanda qisas almaq, əvəz çıxmaq vasitəsi kimi arxdan istifadə edir. İlk dəfə belə hal 1998-ci ildə baş vermişdi, bu zaman Yuxarı Çardaxlar kənd icra nümayəndəliyi Əlini başa saldı və o, arxın qabağını açdı. Cavabdeh artıq ikinci dəfə yenə 1998-ci ildə etdiyi özbaşınalığı təkrarlayır, el-obada əsrlərlə formalaşan birgə yaşayış qaydalara məhəl qoymur. Cavabdehin onun mövsümü istifadə etdiyi arxın onun evinə guya ziyan verməsi fikri başdan-başa yalan və bəhanədir. Arxı torpaqla dolduraraq ona fındıq bağını sulamağa imkan verməməsinin bir səbəbi vardır. Belə ki, cavabdeh otuz il müddətindən keçən ilin sonuna qədər çirkab-kanalizasiya sularını həmin mübahisə edilən arxla onun fındıq bağına axıtmışdır. Keçən il ona çirkab suların kəsilməsi ilə bağlı iradını bildirəndən sonra o çirkab-kanalzasiya suların qarşısını kəsmişdir. Cavabdeh ondan qisas almaq, əvəz çıxmaq üçün əsrlərin suvarma arxının qarşısını kəsməklə 70 ədəd fındıq topası olan 0,50 ha bağını qurudub məhv etməyə çalışır. Hakim hadisə yerində baxış keçirmiş, bütün detalları ona göstərmiş və izah etmişdir, lakin o faktlara istinad etmədən qətnamə çıxarmış və cavabdehin arxın onun evinə ziyan vurması ilə dedikləri bəhanəyə haqq qazandırmağa çalışır. Özü də görmüşdür ki, qətnamədə adı çəkilən 20 metr ərazidən keçən arx il boyu fəaliyyətdə olub Cavabdeh evinin 2 metr məsafədən keçir, iddiaçının istifadə etdiyi arx mövsümi olub cavabdehin evinin ən yaxın məsafəsi 10 metr olmaqla keçir. Qətnamədə yazılır ki, hazırda həmin arx mövcud deyil. Arx yoxdursa 70 ədəd fındıq topası olan 0,50 ha bağ necə ərsəyə gəlmişdir? Hətta cavabdehin qoruğundan onun bağına suyu yoldan keçirmək üçün qoyulmuş iki ədəd çuqun boru onun dediklərinə sübutdur. Özünün mövcud olmadığı deyilən arxdan cavabdeh evinin arxasında əkdiyi tərəvəzi sulayır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çaxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 256 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus həyətyanı torpaq sahəsindən İddiaçı məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda Cavabdeh məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İşlədilməsinə heç bir maneçilik törədilmir. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar mübahisə predmeti olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, həqiqətən də, cavabdehin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə iki tərəfdən su xətti keçir. Hazırda açılması tələb edilən su arxı mövcud deyil. Yerində müayinə zamanı açılması tələb edilən su arxının fotoşəkilləri çəkilmişdir. “X1” MMC-nin 16.07.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılması ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Qeyd: Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinə arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “məhkəmə araşdırılmasında İddiaçı və cavabdeh Bədirov X2 rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində onların adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədilər. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin həyətyanı torpaq sahələrinə aid hüquq müəyyənedici və texniki sənədlər işlənilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su arxının cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçının tələb etdiyi suyun qarşısının açılması halında cavabdehin tikdirdiyi fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə zərər dəyməsi istisna edilmir... Bununla yanaşı, iddiaçı iddia ərizəsinin əsasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır. Belə ki, sözügedən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair sübut olmasa da, yerli icra hakimiyyəti orqanlarının təəsərrüfatbaşına kitabları ilə həmin torpaq sahələrinin tərəflərə məxsus olmasının müəyyən edilməsi də mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. İddiaçı cavabdehin evinin arxasından ən yaxın məsafəsi 10 metr olmaqla keçən və onun tərəfindən mövsümi olaraq istifadə edilən mübahisəli arxın açılmasını və törədilən maneələrə son qoyulmasını tələb edir. Lakin cavabdeh iddiaçının torpaq sahəsinə onun həyətyanı sahəsindən həm suvarma arxının, həm də içməli su xəttinin keçdiyini, halhazırda onların hər ikisinin işlək vəziyyətdə olduğunu, iddiaçının iddia etdiyi su arxının mövcud olmadığından onun həyətyanı torpaq sahəsinin yuxarı hissəsində yığılan su açıldığı təqdirdə evinin batacağını bildirmişdir. Bundan savayı “X1” MMC-nin 16.07.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyindən görünür ki, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasını ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqlarının pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, məhkəmə kollegiyası tərəfindən alınan mütəxəssis rəyi ilə cavabdehin həyətindən keçən və açılması tələb edilən su arxı olmadan da iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğu, habelə mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura biləcəyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə alınmış mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq “X1” MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(033)-624/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə alınmış mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq “X1” MMC-nin Kapital Bank ASC Sahil filialı KOD 201218; VÖEN **********; SWİFT kod AİİBAZ2X; M/h AZ37NABZ**********0000001944; VÖEN **********; Hesab AZ64AİİB400900C**********208 hesabına keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar