Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2220/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, X4 Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 iştirakı ilə, X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə işin icraatına xitam verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)- 506/2020 nömrəli qərardadından iddiaçı BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 459.91 ABŞ dolları (dörd yüz əlli doqquz dollar 91 sent), xx xxxxxxxx 2016-cı il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 459.91 ABŞ dolları (dörd yüz əlli doqquz dollar 91 sent) və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT “xxxxxxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X5” MMC-nin Qəbələ filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə xx xxxxxxxx 2016-cı il il tarixə qədər illik 26.9 % dərəcəsini tətbiq etməklə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). BOKT “X5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən imtina etməkdədir. Beləliklə də, Cavabdeh1 müqavilə şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı BOKT “xxxxxxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Fsgər qızı zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensiyasiya ödənilməmişdən əvvəl Cavabdeh1 kredit müqaviləsi üzrə BOKT “X5” MMC-yə 856.97 USD əsas borcu, 78.73 USD faiz borcu və 85.70 USD cərimə borcu olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə həmin əsas borcdan 397.06 USD dövlət büdcəsi hesabına ödənilmiş, 78.73 USD faiz borcu və 85.70 USD cərimə borcu isə BOKT “X5” MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi poçt zərfinin üzərinə onun ölməsi barədə yazılmış qeydlə geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 45/69 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 09 nömrə ilə qeyd aparılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, yaranmış zərurətlə bağlı (Cavabdeh1 hüquq varisinin müəyyən edilməsi üçün) iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-506/2020 nömrəli qərardadı ilə X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-506/2020 nömrəli qərardadından iddiaçı BOKT “xxxxxxxx” MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə hüquq varisliyinin müəyyənləşdirilməsi üçün işin icraatının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraat dayandırılmalıdır. Hesab edirlər ki, iş üzrə hüquq varisliyinin müəyyənləşdirilməsi üçün işin icraatının dayandırılması barədə qərardad çıxarılmalıdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-506/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçı BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)- 506/2020 nömrəli qərardadı ləğv edilməli və X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməsini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölməsinə baxmayaraq, hazırkı iş üzrə cavabdeh, müqavilə üzrə borclu Cavabdeh1 iş üzrə “borclu” qismində göstərmiş və kredit sazişi üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Cavabdeh1 ona qarşı məhkəmədə iddia qaldırılmamışdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbinin cavabdeh (borclu) Cavabdeh1 (ölmüş şəxsə) qarşı yönəlməsi ilə qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl tələb üzrə borclu olan mərhum Cavabdeh1 vərəsələrini müəyyən etməli, bundan sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərərkən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. MPM-in 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu iki üsulla həyata keçirilir: miras əmlaka faktiki sahiblik etməklə və miras əmlakı faktiki idarə etməklə. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Şərh edilən qanun normalarından göründüyü kimi, kredit müqaviləsi üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməyən münasibət deyildir və müqavilə tərəfi öldükdə onun öhdəlikləri hüquq varisinə keçir. Ona görə də hazırkı iddia tələbi üzrə işin icraatına MPM-in 261.0.7-ci maddəsi ilə xitam verilməsinə əsas yoxdur. Digər tərəfdən, hazırkı iş üzrə iddia tələbi iki cavabdehə qarşı irəli sürülmüş, cavabdehlərdən biri ölmüş, digər cavabdeh (zamin) Cavabdeh2 sağdır. Onlar kredit müqaviləsi üzrə müştərək (birgə) cavabdehlər olmuşdur. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar... Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır... Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə müvafiq olaraq, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Birinci instansiya məhkəməsi iş üzrə icraata bütövlükdə xitam verməklə iddia tələbinə ikinci cavabdeh (zamin) Cavabdeh2 ilə bağlı qiymət verməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki cavabdehə münasibətdə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddianın predmeti bölünməz olduğundan, yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi iddia tələbini hər iki cavabdehə qarşı eyni vaxtda (bir məhkəmə aktı ilə) həll etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin işin icraatına xitam verilməsi barədə qərardadından iddiaçı BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-506/2020 nömrəli qərardadı ləğv edilməli və X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X4 Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-506/2020 nömrəli qərardadı ləğv edilsin. X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2220/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2220/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver