Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2224/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnаməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2118.47 ABŞ dolları əsas borc, 1175.00 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra edilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumu əvəzinin alınıb iddiaçı BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları Kreditor BOKT «xxxx» MMC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3274 ABŞ dolları əsas borc, 1199 ABŞ dolları faiz borcu və 819 ABŞ dolları cərimə olmaqla cəmi 5292 ABŞ dolları məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin BOKT «xxxx» MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh1 etirazı əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək borclular Cavabdeh1 və Cavabdeh2 2118.47 ABŞ dolları əsas borc, 1175 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcunun BOKT «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33.6% ödəmək şərti ilə, 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxx» MMC-ə 2118.47 ABŞ dolları əsas borcu, 1175 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı BOKT «xxxx» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 18 ay müddətinə illik 33.6% ödəmək şərti ilə, 4000 ABŞ dolları məbləğində kredit almışdır. O, əvvəllər kredit borcunu ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. O, əlil olduğu üçün borcu sığorta şirkəti ödəməlidir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci insansiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnaməni qanuni və əsaslı hesab etmir, yəni hakim tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, eyni zamanda, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməlidir. Ancaq məhkəmə həqiqətə nail olmaq üçün sübutları tam araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadə verərək iddianı qəbul etmədiyini, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə kredit götürdüyünü, lakin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə əlil olduğu üçün “Başak inam” sığorta şirkəti ilə aralarında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən kredit borcunun qalıq hissəsinin sığorta şirkəti tərəfindən banka ödənilməli olmasını bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən qalıq kedit məbləğinə X1 məbləği hesablanmış, sistemdən əldə olunmuş məlumata əsasən 3601 manat banka borcu qalmışdır. Ona görə də apellyasiya şikayətini təmin edib, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi və cavabdehlər məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmalarına baxmayaraq, onlardan məhkəmə iclasına gələn olmamışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2015-ci il tarixli 2901/3 saylı Kredit müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33.6% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 2901/3 nömrəli Zaminlik müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan BA/339 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə 2118.47 ABŞ dolları əsas borc, 1175.00 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33.6% ödəmək şərti ilə, 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə BOKT «xxxx» MMC-yə 2118.47 ABŞ dolları əsas borc, 1175.00 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı BOKT «xxxx» MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsi iddianın faiz borcu və cərimə tələbinin təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2118.47 ABŞ dolları əsas borc, 1175.00 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci mаddəsinə əsаsən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsаsən, dəbbə pulu (cərimə, peniyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi, və yа lаzımındа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrculunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi аndаn tutulmаlıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsаsən, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlərin verilməsi, faizlərin silinməsi dedikdə isə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X4 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Hazırkı iş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin iddia tələbi əvvəlcə əsas kredit borcu üzrə 3274 ABŞ dolları, faiz borcu üzrə 1199 ABŞ dolları və cərimə üzrə 819 ABŞ dolları olmaqla cəmi 5292 ABŞ dolları məbləğində olmuşdur. Lakin sonradan iddiaçı birinci instansiya məhkəməsinə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırkı iş üzrə borc məbləği azalmışdır. Ona görə də iddiaçı BOKT «xxxx» MMC onun xeyrinə borclular Cavabdeh1 və Cavabdeh2 2118.47 ABŞ dolları əsas borc, 1175 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla cəmi 3303.47 ABŞ dolları məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı borclulara münasibətdə xx xxxxxx 2019-cu il tarixli Fərmandan irəli gələn digər güzəştləri tətbiq etməmiş, o cümlədən borclularla bağlanmış kredit müqaviləsi restrukturizasiya olunmamış və onlarla güzəştli şərtlərlə yeni kredit və zaminlik müqavilələri bağlanmamışdır. Halbuki, restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı ilkin kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni kredit müqaviləsini əsas qalıq borca görə bağlamalı idi. Beləliklə, sözügedən Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı tərəfindən restrukturizasiya edilməli olan kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə alınaraq, iddia tələbinin restrukturizasiya edilməli olan, yəni qalıq əsas borc məbləği həddində təmin edilməsi, silinməli olan faiz borcu və cəriməyə aid tələbin isə təmin olunmaması qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar istinad edilən Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini qismən əsaslı kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən faiz borcu və cərimənin tutulmasını qət etməklə iddia tələbinin həmin hissəsinin həllində maddi hüquq normalarını, o cümlədən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəalarını pozmuşdur. MPM-nin 217-ci maddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsi iddianın faiz borcu və cərimə tələbinin təmin olunması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsi qismən – iddianın faiz borcu və cərimə tələbinin təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-682/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2224/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2224/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver