Məhkəmə qərarları › İş №2(107)-223/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-223/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-223/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının və ona vurduqları maddi ziyanın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının dəyəri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının və ona vurduqları maddi ziyanın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənimsədikləri qızıl-zinət əşyalarının və ona vurduqları maddi ziyanlığın dəyəri olan 3609 manatın və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu, keçmiş həyat yoldaşı X6 ilə 2022-ci ilin avqust ayında məhkəmə qərarı ilə ayrılmışlar, hər iki uşağın saxlanması üçün aliment də müəyyən edilmişdir. Ancaq evli ikən onun qızıl-zinət əşyalarını kredit götürmək üçün cavandehlər tərəfindən əlindən alınmışdır. Ayrılarkən də qızıl-zinət əşyaları cavandehlərə qalmışdır. Dəfələrlə cavabdehlərdən qızıllarını istəsə də könüllü olaraq ala bilməmişdir. Bugünədək də ona dəymiş maddi ziyanlıq cavabdehlər tərəfindən ödənməmişdir. Cavabdehlər bununla bağlı dəfələrlə qızılları qaytaracaqların, dəymiş maddi ziyanlığı ödəyəcəklərinə dair vədlər versələr də bugünədək mənimsədikləri qızıllarını ona qaytarmamışlar. Hazırda cavabdehlərdə olan qızıl-zinət əşyalarının ümumi dəyəri 3609 manatdır, cavabdehlərin ona 3606 manat məbləğində qızıl-zinət əşyalarının borcu vardır Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənimsədikləri qızıl-zinət əşyalarını və ona vurduqları maddi ziyanın dəyəri olan 3609 manatın və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 (üç min altı yüz doqquz) manat miqdarında pul və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 ilə 2022-ci ilin avqust ayında məhkəmə qərarı ilə ayrılmışlar. Tərəflər birgə nikahda olarkən Cavabdeh2 xx.xx.2014-cü il tarixdə kredit götürmüş və kreditin təminatı olaraq qızıl-zinət əşyaları göstərilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən qızıl-zinət əşyalarını tələb etsə də cavabdehlər iddiaçıya məcsus qızıl-zinət əşyalarını geri qaytarmamışlar. Həmçinin cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və ya hər hansı etirazlarını bildirməmişlər.

5. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 (üç min altı yüz doqquz) manat miqdarında pul və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq İddiaçı verilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, , 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər.

8. Cavabdehlər apellyаsiyа şikаyətini onunla əsaslandırmışlar ki, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır.

9. Aşağıda qeyd olunan, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır:

10. Belə ki, iddiaçı onların keçmiş gəlinləridir, o, yəni Cavabdeh2 iddiaçının keçmiş qaynı, Cavabdeh1 isə iddiaçının keçmiş qaynanasıdır. Lakin məhkəmə bu halı araşdırmamış və onu iddiaçının keçmiş əri kimi qələmə verərək qətnamənin əsaslandırma hissəsində iddiaçı ilə 2022-ci ilin avqust ayında ayrıldıqlarını qeyd etmişdir.

11. İddiaçı onları cavabdeh kimi iddia ərizəsində qeyd etmiş, onlardan qızıllarının mənimsənilməsi nəticəsində dəymiş maddi ziyanlığın ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı bir sübut təqdim etməmişdir, məhkəmə də bu halı araşdırmaq üçün "xxxx" ASC ilə mərhum atası X3 arasında bağlanmış kredit müqaviləsinin olub-olmaması, olduğu təqdirdə həmin kredit müqaviləsi və onun təminatı barədə məlumatlar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan götürülməsi barədə 01 mart 2023-cü il tarixli qərardad çıxartsa da, sorğuya verilmiş cavab da, ancaq 17 fevral 2014-cü ildə X3 ilə bağlanmış kredit müqaviləsini və zaminlik müqaviləsinin surətini göndərmişlər, məhkəmə də bu hala səthi yanaşaraq iddianın əsasında duran girov müqaviləsinin əldə edib araşdırılmasını lazım bilmədiyi kimi, həmçinin qətnamənin müəyyən etdi hissəsində, sorğuya verilmiş cavab məktubunda və ona əlavə edilmiş kredit müqaviləsində yazılanlara məhəl qoymayaraq 17 fevral 2014-cü il tarixli kredit müqviləsinin mərhum atası Mehti Bayramovla deyil, onunla, yəni Cavabdeh2lə bağlandığını, onun kredit götürdüyünü və kreditin təminatı olaraq iddiaçı ilə birgə nikah dövrlərində (halbuki o, onun əri yox, qaynı olmuşdur) qızıl-zinət əşyalarını göstərdiyini qeyd etmişdir. Halbuki, sözügedən kredit müqaviləsi mərhum atası X3 ilə bağlanmış və kreditin təminatı olaraq girov müqaviləsi bağlanmışdır ki, həmin girov müqaviləsi nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, nə məhkəmə tərəfindən təkrarən sorğu edilib alınmamış, belə ki, məhkəmə işin araşdırılıb müvafiq nəticəyə, mütləq həqiqətə nail olmaq üçün, (məhkəmə mərhum atası ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi girov müqaviləsinin olduğunu bildiyi halda, girov müqaviləsini tələb etməmiş) girov müqaviləsi məhkəmə tərəfindən alınıb araşdırılmamışdır, çünki araşdırılsaydı əlbəttə ki, girov müqaviləsində ki, qızıların iddiaçının qızılları ilə eyni olmadığı müəyyən olunardı. Qeyd edir ki, o, məhkəmə prosesi vaxtı xarici ölkədə olduğu üçün məhkəmədə iştirak edə bilməmişdir.

12. Eyni zamanda nəzərə çatdırır ki, iddiaçı onlara qarşı dəymiş ziyanlığın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin nəzərə çatdırır ki, işin faktiki halları onlara qarşı yönələn iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinə uyğun deyildir. Belə ki, iddia tələbinin əsasını iddiaçının iddia tələbində qeyd etdiyi kimi dəymiş ziyanlığın ödənilməsi təşkil edir. Lakin iddiaçıya tərəflərindən ona ziyanlıq vurulmasına dair heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Bir daha vurğulayır ki, əgər iddiaçının qızılları dediyi kimi mənimsənilib ona ziyan dəymişdirsə belə, zərərin vurulması onların qanunazidd təqsirli əməlləri nəticəsində baş verməmişdir. İddiaçı iddiasının əsaslı olması barədə hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin məhkəmə iddiaçının əsassız iddiasını təmin etmək üçün mərhum atası Mehti Bayramovla bağlanmış kredit müqaviləsinə istinad edərək həmin kredit müqaviləsinin onun, yəni Cavabdeh2 tərəfindən bağlanması və kreditin təminatı kimi qızıl-zinət əşyalarının girov qoyulduğu kimi müəyyən edərək onları mülki məsuliyyətə cəlb etmişdir. Bir daha nəzərə çatdırır ki, mərhum atasının bağladığı kredit müqviləsinin təminatı olan girov müqaviləsində də atasının girov qoyduğu qızılların rəydəki qızıllarılarla nə çəki, nə forma, nə də ki, qiymət olaraq eynilik təşkil etmədiyi açıq-aydın ortadadır. Lakin bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Nəzərə çatdırır ki, iddiaçının iddiasının əsasını təşkil edən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Göründüyü kimi məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Lakin Ağdaş Rayon Məhkəməsi işi tam araşdırmadan, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmadan, iş üçün əhəmiyyətli olan halların sübut olunmadan, dəlilləri işin hallarına uyğun olmayan əsassız və qanunsuz qətnamə çıxarmışdır.

13. Aşağıda qeyd olunanlarla əsasən qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyətli olan halların sübut olunmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması sübuta yetirilir.

14. İddiaçı tərəfindən dəymiş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Bu hallar isə birmənalı şəkildə müəyyən edilməmişdir.

15. İddiaçının iddiasının əsasını təşkil edən dəymiş ziyanlığın ödənilməsi ilə bağlı hər hansı mötəbər bir subutunun olmadığı halda məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verməklə mübahisələndirdikləri qətnaməni çıxartmışdır.

16. İddiaçının iddiasının əsasını təşkil edən (iddia ərizəsində və qətnamədə iddiaçının izahatında qeyd elədiyi: qızıl-zinət əşyalarının mənimsənilərək banka girov qoyulması nəticəsində) dəymiş ziyanın ödənilməsi qətnamədə də qeyd edildiyi kimi, mərhum atası ilə bank arasında bağlanmış kredit müqaviləsinın, ona dəxli olmayan bir müqavilənin məhkəmə tərəfindən göz görə-görə onun adına çıxılmaqla və qızılların qiymətləndirilməsi barədə mütəxəsis rəyi ilə təsdiq olunması tamamilə absurd xarakter daşıyır.

17. Göründüyü kimi məhkəmə kredit müqaviləsinin mərhum atasının adına olmasına baxmayaraq kreditin onun tərəfindən götürülüb qızıl-zinət əşyalarının həmin kreditin təminatı kimi göstərdiyini qeyd etmişdir. Eyni zamanda mərhum atasının adına olan kredit müqaviləsinin təminatı kimi göstərilmiş qızılların iddiaçının iddiasının əsasında duran qızıllarla eyni olub-olmadığını ümumiyyətlə araşdırmamışdır.

18. Göründüyü kimi iddiaçı onlara qarşı iddia tələbini ancaq öz izahatı ilə əsaslandırmışdır. Belə ki, onların iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmələri, yəni onların hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə), yəni iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) törətmələri, habelə ehtimal edilən təqsirləri ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə təsdiq edilmədiyi üçün hesab edir ki, Ağdaş Rayon Məhkəməsi iddianı rədd etməli idi.

19. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin göründüyü kimi mübahisələndirdiyimiz qətnamə həm qanunsuz, həm əsassızdır. Ağdaş Rayon Məhkəməsi hər hansı mötəbər sübut olmadan iddianın təmin olunması barədə qətnamə çıxartmışdır.

20. Məhkəmə iddiaçının tələbinə əsasən müvafiq banka sorğu ilə müraciət edərək mərhum atası X3 ilə "xxxx" ASC arasında kredit müqaviləsinin bağlanıb bağlanmadığını və onun təminatı barədə məlumat almış, lakin bank məhkəməyə nədənsə mərhum atası Mehti Bayramovla xx.xx.2014-cü il tarixli aralarında bağlanılmış kredit müqaviləsini və zaminlik müqaviləsini göndərmiş, girov müqaviləsini göndərməmişdir. Kredit müqaviləsindən aydın görünür ki, onun təminatı kimi girov müqaviləsi bağlanmışdır. Əgər Məhkəmə girov müqaviləsini tələb edib alsaydı birmənalı şəkildə görərdi ki, iddiaçının qızılları ilə girov qoyulan qızıllar nə çəkilərində, nə formalarında, nə də ki, qiymətlərində üst-üstə düşmür. Həmçinin həmin girov müqaviləsinin 3.3-cü bəndində qeyd edilmişdir ki, borcalan bəyan etmişdir ki, girov predmeti üzərində 3-cü şəxslərin ona məlum olan hər hansı hüquqları yoxdur. Əgər bu müqavilə Ağdaş Rayon Məhkəməsində tədqiq edilsəydi mərhum atasının özünə məxsus qızılları banka girov qoyduğu, iddiaçının qızıllarına hər hansı bir aidiyatı olmadığı bəlli olardı. Lakin məhkəmə bu məsələyə səthi yanaşmış, səthi yanaşmaqla qalmamış həmin kredit müqaviləsini onun tərəfindən bağlanılmış kimi qeyd etməklə əsassız qətnamə çıxartmışdır.

21. İddiaçının iddiasının əsasını təşkil edən dəymiş ziyanlığın ödənilməsi ilə bağlı hər hansı mötəbər bir subutunun olmadığı halda məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verməklə, iddiaçının izahatına, mütəxəsis rəyinə, mərhum atası ilə bank arasında bağlanmış 17 fevral 2014-cü il kredit müqaviləsini ona aid etməklə mübahisələndirdikləri əsassız və qanunsuz qətnaməni çıxartmışdır.

22. Məhkəmə qətnamənin əsaslandırma hissəsində onunla iddiaçının ailəli olub 2022-ci ilin avqust ayında boşandıqlarını bildirmişdir, halbuki, iddiaçı onun qardaşı Anarla evli olmuş və onunla boşanmışdır. O, iddiaçının qaynıdır.

23. Məhkəmə qətnamənin əsaslandırma hissəsində onun iddiaçı ilə birgə nikahda olarkən 17 fevral 2014-cü il tarixdə kredit götürdüyünü və kreditin təminatı olaraq qızıl- zinət əşyalarını göstərdiyini bildirmişdir. Halbuki həmin kredit müqaviləsi iş materiallarından da açıq-aydın görünür ki, mərhum atası X3 ilə Dəmirbank ASC arasında bağlanmışdır. Həmçinin o da iddiaçının əri deyil, qaynı olmuşdur. Eyni zamanda məhkəmə bu halı bu cür təfsir etsə də, girov qoyulan qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğunu göstərmir, lakin buna baxmayaraq da iddianı təmin edir.

24. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(039)-449/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı ona və digər cavabdeh olan oğlu Cavabdeh2 qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. O, həmçinin izahatında onun mərhum həyat yoldaşının oğlu Şaiqlə birlikdə iddiaçının və digər gəlininin qızıllarını yığdıqlarını, onun da iştirakı ilə həmin qızılları faizə qoyaraq pul götürdüklərini, lakin faiz verən şəxsin onlara bunun onlar üçün çətin olacağını bildirdiyini, onların da ona görə qızılları faizdən götürdüklərini, yoldaşının qızılları aparıb DəmirBanka qoyaraq pul götürdüyünü, götürülən pulun uşağın barmaqlarında çürümə getdiyi üçün onun müalicəsinə xərcləndiyini, bankdan götürülən krediti yoldaşı 5-6 ay ödədikdən sonra yoldaşının vəfat etdiyini, onların krediti ödəyə bilmədiklərini, girov olaraq qoyulan həmin qızılların bank tərəfindən onlara qaytarılmadığını göstərmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasıına baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(039)-449/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

36. Ona görə də məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(039)-449/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 manat miqdarında pul və 57 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı verilməli olmasına dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 02 may 2008-ci il tarixdə X7 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqları vaxt iddiaçıya hədiyyə şəklində 583 əyyarlı 17,25 qram çəkidə 1466 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 583 əyyarlı 7,52 qram çəkidə 639 manat dəyərində 1 ədəd qızıl qolbağ, 583 əyyarlı 3,77 qram çəkidə 320 manat dəyərində 1 ədəd fantaziya qızıl sırğa, 583 əyyarlı 3,52 qram çəkidə 299 manat dəyərində 1 ədəd paxlava formalı qızıl üzük, 583 əyyarlı 4,82 qram çəkidə 410 manat dəyərində 1 cüt qızıl sırğa, 583 əyyarlı 5,55 qram çəkidə 475 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü olmaqla cəmi 3609 manat dəyərində qızıl-zinət əşyaları alınmışdır. Həmin qızıl-zinət əşyaları cavabdehlərdən Cavabdeh1 mərhum əri, digər Cavabdeh2 mərhum atası Mehti Bayramov və Cavabdeh2 tərəfindən yığılmış, Cavabdeh1, onun mərhum əri Mehti Bayramov və Cavabdeh2 tərəfindən digər bir şəxsə təqdim edilərək, əvəzində borc pul götürülmüş, bir müddət sonra elə həmin şəxslər tərəfindən borc ödənilərək qızıllar götürülmüş, lakin iddiaçıya geri qaytarılmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

42. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

43. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

44. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

45. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

46. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

47. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

48. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

49. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən, həmçinin prosessual normaların tələblərini pozduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddiasının əsaslı olması barədə hər hansı mötəbər sübut təqdim etməməsi, məhkəmənin iddiaçının əsassız iddiasını təmin etmək üçün mərhum atası Mehti Bayramovla bağlanmış kredit müqaviləsinə istinad edərək həmin kredit müqaviləsinin onun, yəni Cavabdeh2 tərəfindən bağlanması və kreditin təminatı kimi qızıl-zinət əşyalarının girov qoyulduğu kimi müəyyən edərək onları mülki məsuliyyətə cəlb etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 izahatında onun mərhum həyat yoldaşının oğlu Şaiqlə birlikdə iddiaçının və digər gəlininin qızıllarını yığdıqlarını, onun da iştirakı ilə həmin qızılları faizə qoyaraq pul götürdüklərini, lakin faiz verən şəxsin onlara bunun onlar üçün çətin olacağını bildirdiyini, onların da ona görə qızılları faizdən götürdüklərini göstərmişdir.

52. Beləliklə cavabdehin məhkəmə kollegiyasının iclasındakı izahatından iddiaçıya məxsus qızılların cavabdehlərin və mərhum Mehti Bayramovun sərəncamında olması, qızılların məhz həmin şəxslər tərəfindən borc alınması üçün kənar şəxsə təqdim edilməsi, sonradan geri götürülməsi müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin kredit müqaviləsinin mərhum atasının adına olmasına baxmayaraq kreditin onun tərəfindən götürülüb qızıl-zinət əşyalarının həmin kreditin təminatı kimi göstərdiyini qeyd etməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin izahatı ilə iddiaçıya məxsus qızılların məhz cavabdehlərin sərəncamında olması, lakin iddiaçıya qaytarılmaması müəyyən edildiyi halda, sonrakı mərhələdə onların banka girov qoyulubqoyulmaması iddia tələbinin rədd edilməsinə əsas verən hal deyildir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum atasının adına olan kredit müqaviləsinin təminatı kimi göstərilmiş qızılların iddiaçının iddiasının əsasında duran qızıllarla eyni olub-olmadığını ümumiyyətlə araşdırılmaması, mərhum atasının bağladığı kredit müqviləsinin təminatı olan girov müqaviləsində də atasının girov qoyduğu qızılların rəydəki qızıllarılarla nə çəki, nə forma, nə də ki, qiymət olaraq eynilik təşkil etməməsi, qızılların qiymətləndirilməsinin mütəxəsis rəyi ilə təsdiq olunmasının absurd xarakter daşıması, məhkəmə girov müqaviləsini tələb edib alsaydı iddiaçının qızılları ilə girov qoyulan qızılların nə çəkilərində, nə formalarında, nə də ki, qiymətlərində üst-üstə düşməməni birmənalı şəkildə görə biləcəyi, iddiaçının onlara qarşı iddia tələbinin ancaq öz izahatına əsaslanmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cabvabdehin izahatı ilə onlar tərəfindən məhz iddiaçıya məxsus qızılların bankdan əvvəl digər bir şəxsə borcun təminatı kimi verilməsi müəyyən edilmişdir. Hansı ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə Anar Bayramovla ailə qurduğu vaxt üzərində qızıl-zinət əşyalarının olduğu toy fotoşəkilləri təqdim edilmişdir. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə təqdim edilmiş 05 dekabr 2022-ci il tarixli rəyi də məhz iddiaçının təqdim etdiyi fotoşəkillər əsasında tərtib edilmişdir.

55. Kollegiya qeyd edir ki, cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatından cavabdehlər tərəfindən yalnız iddiaçıya aid deyil, digər bir şəxsə aid qızıl-zinət əşyalarının da götürülərək borcun alınması üçün girov qismində təqdim edilməsi, sonradan geri alınması, beləliklə qızıl-zinət əşyalarının məhz cavabdehlərin, həmçinin mərhum Mehti Bayramovun sərəncamında olması müəyyən edildiyi halda, daha sonra banka məhz iddiaçıya məxsus qızılların girov qoyulub-qoyulmasına dair cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının hazırkı vəziyyətdə natura şəklində cavabdehlərdə olması müəyyən edilmədiyindən iddiaçı həmin əşyaların dəyərinin cavabdehlərdən alınmasını tələb etməkdə haqlı olmuşdur.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin 17 fevral 2014-cü il tarixli kredit müqviləsinin mərhum atası Mehti Bayramovla deyil, onunla, yəni Cavabdeh2lə bağlandığını, onun kredit götürdüyünü və kreditin təminatı olaraq iddiaçı ilə birgə nikah dövrlərindən (halbuki onun onun əri yox, qaynı olmuşdur) qızıl-zinət əşyalarını göstərdiyini qeyd etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan 17 fevral 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X1 arasında bağlanmışdır.

58. İşdə olan nikahın pozulması haqqında 24 avqust 2022-ci il tarixli şəhadətnamədən görünür ki, X7 ilə X2 arasında bağlanmış nikah Ağdaş Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarının pozuntusuna yol verməklə mübahisələndirdikləri qətnaməni çıxartması, prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, həqiqətən də işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

60. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin maddi hüquqi əsasını iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdehlərin qeyri qanuni sahibliyindən alınması, bir qədər də dəqiqləşdirdikdə həmin əşyaların naturada olmaması səbəbindən dəyərinin cavabdehlərdən tələb edilməsi təşkil etdiyi halda birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi yalnız ziyanvurmaya aid normalara istinad etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.

61. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə iddia tələbini tam təmin etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 (üç min altı yüz doqquz) manat miqdarında pul və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Halbuki iddiaçı iddia ərizəsində cavabdehlərdən mənimsədikləri qızıl-zinət əşyalarının və ona vurduqları maddi ziyanlığın dəyəri olan 3609 manatın və 57 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Yəni iddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində vahid məbləğ şəklində cavabdehlərdən həm qızıl-zinət əşyalarının dəyərini, həm də maddi ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

62. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada qızıl-zinət əşyalarının dəyəri olaraq 3609 (üç min altı yüz doqquz) manat miqdarında pulun və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun alınması nəticəsinə gəlsə də əmlakın dəyərinin cavabdehlərdən alınmasına, iddiaçının buna tələb hüququnun olmasına dair maddi hüquq normalarına istinad etməmiş, iddia ərizəsinin xahiş edirəm hissəsindəki maddi ziyanlığa dair ayrıca tələb üzrə isə heç bir dəyərləndirmə aparmadan həmin hissədə də iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməklə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla iddia tələbinə natamam qiymət verilmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının dəyəri olan 3609 manatın və 57 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınmasına dair iddia tələbində haqlı olmaqla apellyasiya şikayətinin dəlilləri iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.

64. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlərdən ona vurulmuş maddi ziyanlığın dəyərinin alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır.

65. Belə ki, iddiaçı cavabdehlərdən ona vurulmuş maddi ziyanlığın dəyərinin alınmasını tələb etsə iddia tələbinin həmin hissəsində tələbinin əsaslılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

66. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

67. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, idda qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada qızıl-zinət əşyalarının dəyəri olan 3609 manat pul və 57 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli, iddianın ona vurduqları maddi ziyanlığın dəyərinin alınmasına dair hissəsi təmin edilməməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(014)-449/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İdda qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada qızıl-zinət əşyalarının dəyəri olan 3609 manat pul və 57 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar