Məhkəmə qərarları › İş №2(107)-2230/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2230/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2230/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi, qiymətləndirmə rəyi, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11850.94 ABŞ dolları əsas, 12394.94 ABŞ dolları faiz, 5178.97 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1220.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 30645.6 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09.09.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək 1. Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13703.64 ABŞ dolları əsas, 7456.17 ABŞ dolları faiz, 5178.97 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1220.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 30645.6 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, 2015-ci il 14 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 21%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi 2015-ci il 14 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 14 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Cavabdeh1 2015-ci il 14 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 11850.94 ABŞ dolları əsas, 12394.94 ABŞ dolları faiz, 5178.97 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 29424.85 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia qismən təmin edilmiş, 14.10 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13703 ABŞ dolları 64 sent əsas borc, 7456 ABŞ dolları 17 sent faiz, 500 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 14.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1220 ABŞ dolları 75 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22880 ABŞ dolları 56 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 34550 (otuz dörd min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, 220 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini və 0.10 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 40000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus olan Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 34550 (otuz dörd min beş yüz əlli) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 220 manat təşkil edir. Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 14 oktyabr 2015-ci il tarixli 5-G1-1-0- 1414-15 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 14.10.2018-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 13703.64 ABŞ dollar, faiz borcu üzrə - 7416.66 ABŞ dollar - 26.01.2021ci il tarixə əsas borc üzrə - 13703.64 ABŞ dollar, faiz borcu üzrə - 7456.17 ABŞ dollar. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 21 % dərəcəsi ilə 14300 ABŞ dolları məbləğində kredit verilmişdir. bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 14300 ABŞ dolları məbləği illik 21 %-lə, 36 ay müddətinə aylıq 538.75 ABŞ dolları, sonuncu ay 538.96 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 24.09.2020-ci il tarixə 11850.94 ABŞ dolları əsas borc, kreditin bitmə tarixinə 12394.94 ABŞ dolları faiz, 5178.97 ABŞ dolları cərimə və 1220.75 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 29424.85 ABŞ dolları borcunun olması göstərilmişdir.Qəbələ rayonu, Vəndam qəsəbəsində istifadədə olan 0.1 ha torpaq sahəsində 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyedtr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ rayonu, Vəndam qəsəbəsində istifadədə olan 0.1 ha torpaq sahəsində 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehlərin dəlilləri ilə bağlı qeyd etmişdir ki, 26.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 13703.64 ABŞ dolları və faiz borcunun 7456.17 dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 13703.64 ABŞ dolları və faiz borcu üzrə isə 7456.17 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçı bankın xeyrinə 14.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 1220 ABŞ dolları 75 sent borcun tutulması əsaslıdır. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 14.10 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13703 ABŞ dolları 64 sent əsas borc, 7456 ABŞ dolları 17 sent faiz, 500 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 14.10.2018-ci il tarixdən 24.09.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1220 ABŞ dolları 75 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22880 ABŞ dolları 56 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə yönəldilməli, Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 34550 (otuz dörd min beş yüz əlli) manat müəyyən edilməli, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, 220 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Məhkəmə hesab etmişdir ki, 500 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 500 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndi, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 21.2-ci, 269.4-cü, 319.1-ci, 385.1-ci, 386.1-ci, 439.1-ci, 439.2-ci 439.7ci, 442-ci, 445-ci, 448.1-ci. 449.1-ci, 449.4-cü, 445.7-ci, 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onunla "Nikoyl” İKB ASC bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanın təsiri dairəsinə düşməmişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə Dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanda əsas hallardan biri dolların manata nisbətdə qiymətinin qalxması olmuşdur. Onunla İddiaçı ASC müqavilə bağladıqdan sonra dollar manata nisbətdə qalxmışdır və bu səbəbdən müflis olaraq borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mhkəmə tərəfindən cərimə borcu azaldılsa da, yetərincə azaldılmamışdır. Məhkəmə tərəfindən 500 ABŞ dolları cərimə borcu saxlanılmışdır ki, həmin məbləğ 850 manat edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzi tərəfinən verilmiş məhkəmə-mühasınatlıq rəyi ilə razı deyildir. Əsas borc, faiz borcu və əldən çıxmış fayda borcu düzgün hesablanmamışdır. Tərəfindən edilmiş ödənişlər cərimə borcundan çıxılmışdır. Məhkəmə tərəfindən ekspert qarşısında düzgün suallar qoyulmamış və bu səbəbdən ekspert tərəfindən düzgün olmayan rəy verilmişdir. Qeyd edir ki, məhkəmə iclasında təkrar ekspertiza keçirilməsini xahiş etsə də, təkrar ekspertiza keçirilmədən qətnamə çıxarılmışdır. Apellyasiya məhkəməsi tərəfindən yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəməqiymətləndirmə ekspertizasının rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı yenidən məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsə də, həmin halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsindən yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Ona görə də, o, Qəbələ Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə ləğvini tələb edir. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı qismən təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 21 % dərəcəsi ilə 14300 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 14300 ABŞ dolları məbləği illik 21 %-lə, 36 ay müddətinə aylıq 538.75 ABŞ dolları, sonuncu ay 538.96 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 24.09.2020-ci il tarixə 11850.94 ABŞ dolları əsas borc, kreditin bitmə tarixinə 12394.94 ABŞ dolları faiz, 5178.97 ABŞ dolları cərimə və 1220.75 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 29424.85 ABŞ dolları borcunun olması göstərilmişdir. Qəbələ rayonu, Vəndam qəsəbəsində istifadədə olan 0.1 ha torpaq sahəsində 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ rayonu, Vəndam qəsəbəsində istifadədə olan 0.1 ha torpaq sahəsində 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini və 0.10 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 40000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus olan Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 34550 (otuz dörd min beş yüz əlli) manat təşkil edir. Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 14 oktyabr 2015-ci il tarixli 5-G1-1-0- 1414-15 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 14.10.2018-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 13703.64 ABŞ dollar, faiz borcu üzrə - 7416.66 ABŞ dollar - 26.01.2021-ci il tarixə əsas borc üzrə - 13703.64 ABŞ dollar, faiz borcu üzrə - 7456.17 ABŞ dollar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, devalvasiyaya görə borcu ödəyə bilməmişdir. Şikayətin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağlamış olduqlar müqavilədə faizlərin ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini yerinə yetirmişdir. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Faiz borcunun ödənilməsi tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə və qanuna uyğun olmuşdur. Maddi imkanın olmamasına görə öhdəliyini icra edə bilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, kredit götürərkən cavabdehə öz maddi imkanları məlum idi, həmin vaxtdan sonra maliyyə vəziyyətinin daha da ağırlaşması onu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir. Apellyasiya şikayətində göstərilən digər dəlilə baş vermiş devalivasiya ilə əlaqədar ödəniş qabiliyyətinin olmamasına dair qeyd ediməlidir ki, tərəflər müqavilədə devalivasiya baş verərkən öhdəlikdən azad olunma ilə bağlı hər hansı razılıq əldə etməmişlər. Digər tərəfdən devalivasiyanın baş verməsi cavabdehi öhdəlikdən azad etmir və müqavilə şərtlərinə hər hansı dəyişiklik edilməsinə əsas yaratmır. Tərəflər müqavilə ilə kredit məbləğini, faizləri, öhdəliyin icra müddətini və bununla qarşılıqlı bağlı olan digər şərtləri razılaşdırmışlar. Müqavilənin şərtlərin əməl edilməməsi isə cavabdehin öhdəliyi pozması və lazımınca icra edilməməsi kimi qəbul olunur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Apelyator digər dəlilində ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olmasıdır. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Birinci instansiya məhkəməsinin qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.08.2021-ci il tarixli, 021-15 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 34550 (otuz dörd min beş yüz əlli) manat təşkil etmişdir. Bundan başqa apelyator şikayətində ödənilmiş məbləğlərin əsas borcdan çıxılmalı olduğu halda əsassız olaraq peniyadan çıxılmasını qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Bundan başqa apelyator şikayətində ekspertin rəyi ilə razılaşmadığını bildirmiş, lakin şikayətini əsaslandırmamış və hər hansı bir sübut növü şikayətinə əlavə etməmişdir. Ona görə də kollegiya bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən nümayəndə izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı qisəm təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)- 133/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(025)-133/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar