Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2231/2021 29.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cаvаbdеh Ağdaş rayon Gürcüva Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Ağdaş Rayon Gürcüva Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə 20.02.2020-ci il tarixli iclasının 06/3 saylı Protokol qərarına əsasən baş tutan hərracda Ağdaş rayon ərazisində yerləşən Gürcüva Bələdiyyəsinə aid 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracın qalibi olduğunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ona verilən AM Seriyalı 011084 nömrəli Şəhadətnamənin müddətinin uzadıldığını nəzərə alaraq Ağdaş rayon Pirəyir kəndində yerləşən Ağdaş rayon Gürcüva bələdiyyəsinə məxsus 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə ona icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cаvаbdеh Ağdaş rayon Gürcüva Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərardadından narazı qalan İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə 20 fevral 2020-ci il tarixli iclasının 06/3 saylı Protokol qərarına əsasən baş tutan hərracda Ağdaş rayon ərazisində yerləşən Gürcüva Bələdiyyəsinə aid olan 06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracın qalibi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ona verilən AM seriyalı 011084 nömrəli şəhadətnamənin müddətinin uzadıldığını nəzərə alaraq Ağdaş rayon Pirəyir kəndində yerləşən Ağdaş rayon Gürcüva bələdiyyəsinə məxsus 06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə ona icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1854/2021 nömrəli 08 sentyabr 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmiş və iddiaçı olaraq ona qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilməyim qeyd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki iş baxılması üçün X2 göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı tam, bu qərardadla bağlı 18 oktyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Eyni ilə, inzibati məhkəmələr də onların icraatına daxil olmuş işlər üzrə işin mülki və ya kommersiya məhkəməsinə aid olduğu nəticəsinə gəldikdə, yenə də işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, iddianı mümkün saymamalıdırlar. Bu qaydalar apelyasiya icraatına da şamil edilir. (Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarı) Kollegiya belə qənaətə gəlir ki, hazırki qərardaddan verilmiş şikayət mahiyyət etibarı ilə məhkəmə aiddiyyəti ilə bağlı olsa da, ümumi və inzibati məhkəmə aiddiyyəti ilə bağlı olduğundan hazırki qərardada da apellyasiya qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının; 5.2-ci bəndində göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti baxımından iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir Belə ki, tərəflər arasındakı mübahisə mülki-hüquq münasibətindən irəli gələn mübahisə olduğundan iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur və mülki işin aidiyyəti üzrə İnzibati Məhkəməyə göndərilməsi üçün əsaslar mövcud deyildir. Çünki, iddiaçının hazırki iddia tələbi inzibati orqanın qərarının, hərəkət və ya hərəkətsizliyinin mübahisələndirilməsi ilə əlaqədar olmadığından həmin iddiaya inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, iddiaçının bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək hüququnun mahiyyətinə zidd olmaqla, iddiaçının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, şikayəti əsaslı olduğundan təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı tam, bu qərardadla bağlı 18 oktyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı tam, bu qərardadla bağlı 18 oktyabr 2021-ci il tarixli, 2(014)-1854/2021 nömrəli qərardadı isə qismən –“şikayətin təmin olunmaması” hissəsində ləğv olunsun, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün (işə mahiyyəti üzrə baxılması üçün) Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2231/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2231/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver