Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2237/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(075)-1800/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılaşma şərtlərinə uyğun olaraq 9000 (doqquz min) ABŞ dolları (15300 AZN) məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin pulun ödənilməsinin gecikdirilməsinə görə inflyasiya və Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsinə uyğun olaraq 1530 manat cərimə (borca görə faiz əlavəsi) olmaqla cəmi 16860 manat (on altı min altı min səkkiz yüz altmış manat) məbləğində pulun ona birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 01 oktyabr 2021-ci il tarixli, 2(075)- 1800/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(075)-1800/2021 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyul 2018-ci il tarixdə şifahi olaraq borc müqaviləsi bağlamışdır. Cavabdeh onun keçmiş qaynıdır. Borc müqaviləsinə əsasən o cavabdehə 9.000 (doqquz min) ABŞ dolları məbləğində pulu borc vermişdir. Həmin vaxt o Rusiya Federasiyasında olduğundan borc məbləğini bank vasitəsilə köçürmə yolu ilə Moskva şəhərindən göndərmişdir. Borcun nə üçün lazım olduğunu soruşduqda cavabdeh ona kombayn lazım olduğunu və pula ehtiyac olduğunu bildirib. Nəticədə, o cavabdehə göstərilən məbləği göndərmişdir. O kombayn aldı. Aralarında olan razılaşmaya uyğun olaraq cavabdeh həmin borcu ona 2 il müddətində 2020-ci il tarixdə qaytarmalı idi. Lakin həmin tarixdən artıq bir neçə müddət keçməyinə baxmayaraq cavabdeh hələ də həmin borcu ona qaytarmamışdır. Cavabdeh həmin məbləği ona qaytarmaqdan imtina edir və hər dəfə bir bəhanələr gətirir. Bundan başqa qeyd edir ki, cavabdehin bacısı ilə ailə münasibətinin korlanması nəticəsində 2019cu ildə rəsmi olaraq ayrılmışlar. Hazırda münasibətlər tam kəsilməsə də, normal ünsiyyət etmirlər və bu hal qaynına da təsirsiz ötüşməyib. Yoldaşından ayrılandan sonra cavabdeh onunla münasibətləri korlamış və ona qarşı qərəzli davranmağa başlamışdır. Artıq onda əsaslı şübhələr vardır ki, cavabdeh onun pulunu qaytarmaq istəmir. Odur ki, cavabdehdən borcunun məhkəmə qaydasında alınmasını istəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı guya sözdə müqavilə bağlayaraq irəli sürdüyü borc pul tələbini məhkəmə iclaslarında qəti olaraq rədd etdiyini, bu tələbin ona qarşı böhtan olduğunu və bu tələbin başqa məqsəd daşıdığını dəfələrlə öz ifadələrində bildirmişdir. Hesab edir ki, hakim Cahid imanov məhkəmə iclas protokollarını tərtib edərkən və qətnamə çıxararkən ona qarşı ədalətsiz davranıb. Belə ki, ona qarşı irəli sürülmüş pul iddiasının böhtan və qərəzli olduğunu ortaya çıxartmaq üçün verdiyi həm yazılı, həm də şifahi ifadələrinin əsas və məhkəmə üçün mühüm hissələri iclas protokollarında nədənsə qeyd olunmayıb. Ərizəylə müraciət edərək iclas protokollarına qeydlər əlavə etmək istəyi isə qərardadla rədd edilir. Qərardadda deyilir ki, “məhkəmə iclasının protokolunda iclasın gedişatında olan mahiyyəti üzrə verilmiş bütün izahatlar olduğu kimi öz əksini tapmışdır. MPM-nin 271.1-ci maddəsinin tələbləri baxımından protokolda işə baxmanın bütün mühüm anları əks etdirilmişdir.” Əslində isə həmin maddənin tələbi pozulub, belə ki, onun və şahidlərinin, həmçinin 3-cü tərəf kimi çıxış edən şəxsin yazılı və şifahi izahatları heç də iş üçün əhəmiyyətsiz deyil, əksinə məhkəmə işini yüngülləşdirən və araşdırma üçün, məsələlərə aydınlıq gətirən, işin mahiyyəti üzrə mühüm anlardı. Məsələn, 27.09.2021 tarixli iclasın video gorüntüsünün 45.50 dəqiqəsindən o məhkəmə prosesində iddiaçının yalan danışdığını verdiyi konkret suallarla ortaya çıxardığı an məgər əhəmiyyətsizdir? İddiaçı ərizəsində göstərir ki, Elşən onunla 29.07.2018 tarixində sözdə 2 illik müqavilə bağlamış, həmin vaxt Moskva şəhərində olmuş və ona görə ordan köçürmə vasitəsiylə 9000 ABŞ dolları pul göndərib. Proses zamanı iddiaçı onun suallarını cavablandıranda bu razılaşmanın (müqavilənin) pul göndərməzdən 1 həftə, ya 10 gün əvvəl telefon zəngi vasitəsiylə olduğunu söyləyir. Onun nömrəsinin və ya onun telefon nömrəsinin şirkətinə sorğu göndərilməsi xahişindən dərhal sonra, az öncə söylədiyini inkar edərək, “ola bilsin mən Azərbaycanda olanda istəyibsən”. Bu biri-birini inkar edən dolaşıq müxtəlif cavablardan sonra “möhtərəm hakim, siz özünüz də eşitdiz, yalançının şahidi yanında olar deyiblər” cümləsiylə hakimə müraciət də etmişdir. Əslində bu mənzərədən sonra iddiaçının nə qədər yalan danışdığını anlamaq üçün heç hakim olmaq lazım deyil. Məhkəmə işi materiallarını şəkil albomuna döndərməkdənsə, bu cür real faktlara yer verilsə, daha uyğun olardı, onun və himayəsində olan 3 övladının boğazından kəsərək ödəmək məcburiyyətində qoyulmuş qətnamə də çıxarılmazdı. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(075)-1800/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının onlara qarşı vermiş olduğu iddiası qərəzli və böhtan xarakterlidir və bunu təsdiq edir. Bunu təsdiq edən hallar mövcuddur. İddiaçı pulu ona yox, borc aldığı anasına, yeni keçmiş qayınanası Tamam Nağıyevaya göndərmişdir. Şəxsən ona pul göndərilməyib. Hazırda iddia etdiyi pul, Zolotoya Karona vasitəsilə göndərilmiş pul əslində onun üçün yox, Tamam Nağıyeva üçün göndərilmişdir. Hansı ki, iddiaçı həmin pulu bir il əvvəl borc istəmişdir. Anası borcun geri qaytarılması ilə bağlı iddiaçının keçmiş həyat yoldaşı Laləyə bildirərək demişdir ki, artıq həmin pulun verilməsindən bir ildən çox vaxt keçib, yəqin Elşənin yadından çıxıb. Lalə də deyib ki, Elşənə vermisiniz, onun özündən istəsəniz yaxşıdır. Anası pulu Elşəndən tələb etdikdə, Elşən Moskvaya gedib göndərərəm demişdir. Ona görə də iddiaçı Moskvaya getdikdən sonra Zolotoya Karona vasitəsilə pulu göndərmişdir. Təkrar edir ki, iddiaçı pul göndərib, amma onun üçün yox, borc aldığı qayınanasına göndərib. Bundan əlavə o, birinci instansiya məhkəməsinin iclas protokollarına qeyd vermişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsininn icraatı zamanı biri digərini təkzib edən fikirlər söyləmişdir. Hətta iddiaçıya sual verilən zaman “Moskvada olan zaman sən zəng edərək pul istədin deyə cavab vermişdir”. Halbuki o heç vaxt iddiaçıdan pul istəməmişdir. Düzdür, onun istifadə etdiyi 050 ******* telefon nömrəsi ilə “Whatsapp” yazışması olub. Bəs nəyə görə iddiaçı o yazışmaların əvvəlini təqdim etmir. Çünki yazışmaların əvvəlində qeyd olunmuşdur ki, “nənəsi məndən borcunu istəyir, sənə göndərəndə xəbər edəcəm”. İddiaçı özünə sərf edən hissəni məhkəməyə təqdim edib. Bütün bunlar iddiaçının açıq-aşkar yalan söyləməsinin bariz nümunəsidir. Lakin birinci instansiya məhkəməsinin icraatı zamanı bunlara əhəmiyyət verilmədi. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs izahat verərək bildirdi ki, cavabdeh mübahisə ilə bağlı izahat versə də, yenə də az danışaraq bir çox məsələləri qeyd etmədi. Belə ki, verilmiş iddia tamamilə qərəzlidir. 1-ci instansiya məhkəməsinin qətnaməsi də tamamilə pozuntu ilə qəbul edilmişdir. Əvvəla bildirir ki, iddiaçının psixi drumu yerində deyil və o Moskva şəhərində psixatriya mərkəzində qeydiyyatdadır. İşin mahiyyətinə gəldikdə isə qeyd edir ki, 2017-ci ilin yay aylarında qızı ona bildirdi ki, Elşənə 9000 ABŞ dollar məbləğində pul lazımdır. O da Elşəndən soruşduqda “bəli nənəsi” ver, yaxın vaxtlarda qaytaracam deyə cavab vermişdir. Həmin dövrdə iddiaçı şirkətlə müqavilə bağladığı üçün pula ehtiyacı var idi. Çünki iddiaçı Bakı şəhərində M.İbrahimov küçəsində yerləşən binanın 12-ci mərtəbəsində ev alıb, “apartiment” qaydada, yəni hotel kimi işlətmək üçün təmir etdirirdi. O da bir valideyn kimi razılaşdı və pulu oğlu Aydınla birlikdə iddiaçının yaşadığı mənzilə göndərdi. Çünki qızının 20 illik ailəsi idi. İddiaçı dedi ki, “göndər əlimə düşən kimi qaytaracam”. Bilsəydi ki, sonradan bu problemlər olacaq o pulu ya televiziya (çəkiliş) vasitəsilə verərdi, ya da ümumiyyətlə heç verməzdi bu pasientə-xəstəyə. Sonra iddiaçı ona zəng edərək “nənəsi çox sağ ol, sən mənə bu köməkliyi etdin,heç kim etməzdi”. Pulu verəndən xeyli vaxt keçəndən sonra gördüki pul qaytarmır, onda bir bahənə ilə pulu geri istədi. Bəhanəsi də belə oldu ki, bəs, texnika (kombayn) alasıdırlar, pul lazımdı, borcu qaytar. Əslində isə texnikaları var. O da dedi ki, “nənəsi Moskvaya gedib göndərəcəm”. O, ilk baxışdan başa düşmədi. Nəyə görə pul iddiaçıya nəqd şəkildə evində verildiyi halda, o Moskvadan sənədlə göndərirdi. Deməli, işini bu cür düzüb-qoşurdu. O, bunu sonradan anlamışdır. Nəsə, o getdi Moskvaya, ailəsini Misirə göndərdi, özü isə “mafyoz qruplaşmaya” qoşuldu. Sonra onun borcunu göndərib. Bundan sonra aralarında heç bir borc qalmadı. O, 50 ilin müəllimi olub, müəllim əməyi daim müqəddəsdir, bunu hamı bilir. Birinci instansiya məhkəməsinin hakimi səriştəsizlik edərək işi tam araşdırmayıb. Belə ki, Zolotoya Karonanın heç bir səlhiyyəti olmadığından bunu bank əməliyyatı kimi qiymətləndirmək olmaz. O, həmin sənədi saxta hesab edir. Hakim bu işi ümumiyyətlə icraata götürməməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə yalandır. İddiaçı daim onlara qarşı qərəzli olub. Belə ki, iddiaçının ailəsi Bakı şəhərində 37-ci polis bölməsində münaqişəli ailə kimi qeydə alınıb. Burda ki, onların günahı yoxdur. Sonda qızı ilə dolana bilmədiyindən, qızı ayrılmaq, boşanmaq qərarına gəldi. Bütün bu deyilənlərə baxmayaraq birinci instansiya məhkəməsinin hakimi iddiaçının psixoloji drumunu yoxlamamış, həqiqətə uyğun olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hakimi şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf onun ünvanına nalayiq sözlər deməsinə baxmayaraq, səbrlə davranır. O, cavabdeh tərəfdən heç bir borc almamış, əksinə cavabdehlərə 9000 ABŞ dollar məbləğində borc vermişdir. Borcu şəxsən Cavabdeha göndərmiş, sonuncu da həmin pulu qəbul etmişdir. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq qarşı tərəf borcu qaytarmaqdan imtina edir. Heç bir barışıq mümkün deyil, ona görə də apellyasiya şikayətinin təmin olunmamamsını xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(075)-1800/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; cavabdeh tərəfindən təsdiq edilərək qəbul edilmiş pul köçürmələri barədə məlumatdan görünür ki, İddiaçı 26.07.2018-ci il tarixdə ********* nömrəli köçürmə ilə 5000 ABŞ dolları, 29.07.2018-ci il tarixdə ********* nömrəli köçürmə ilə 4000 ABŞ dolları məbləğində pulu Cavabdeh adına göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli, 2(011)- 5689/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Şahid ilə cavabdeh İddiaçı arasında 12.10.1999-cu ildə bağlanmış 3007 nömrəli nikahın pozulması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(011)- 7109/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi 18/49 saylı evin, 22 saylı mənzilində Şahid payının 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 18/49 saylı evin, 24 saylı mənzilində Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 193a/17 ünvanında yerləşən mənzildə Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, “Lexus RX350 minik" markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 saylı evin, 86 saylı mənzilində İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 2/3 hissə müəyyən edilməsi, qalan 1/3 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində istifadədə olan 0.0759 ha torpaq sahəsində yerləşən 147 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 42.52 kv.m ümumi, 29.52 kv.m yaşayış sahəsindən ibarət 2 saylı 2 nömrəli mənzildə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yertəşən 2 mərtəbəli, ümumi sahasi 163,6 kv.m olan ticarət təyinatlı qeyriyaşayış binasında İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, İzzət Həmidov küçəsində yerləşən sahəsi 0.045 ha olan həyətyanı torpaq sahəsində İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi qət edilmişdir. İddiaçı ilə Şahid arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli barışıq sazişinin təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2019cu il tarixli, 2(011)-7109/2019 saylı qətnaməsi üzrə məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilmişdir Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçının sabiq həyat yoldaşıdır. Onlar birgə nikahda olduqları dövrdə Elşən Bakı şəhərində 2 ev almış və həmin evləri otel kimi istifadə etmək üçün mebellə təchiz etməyə pul lazım olmuş və bunun üçün onlarda lazımi pul vəsaiti olmamışdır. Elşən dəfələrlə ona bunun üçün anasından borc istəməsini demiş və özü istəyəcəyi təqdirdə anasının borc verməyəcəyini bildirmişdir. Elşən bu barədə dəfələrlə ona desə də o, anasından borc istəmək istəməmişdir. Nəhayət 2017-ci ilin yay aylarında anasından borc pul istəmiş, anası isə Aydın vasitəsi ilə Elşənə onların yaşadığı Bakı şəhəri, Nobel prospekti, mənzil 15-də onun iştirakı ilə Elşənə 9000 ABŞ dolları borc vermişdir. Həmin pul dollar əskinazları ilə verilib. Həmin vaxt ailə üzvləri də onun yanında olmuşdur. 1 il keçdikdən sonra isə anasının özünə pul lazım oluğu üçün anası həmin pulu Elşəndən geri istəmişdir. Anası yaşlı olduğundan, kənddə yaşadığından, Elşən həmin pulu 2 dəfəyə Moskva şəhərindən qardaşı Aydının adına göndərmişdir. 2019-cu ilin noyabr ayında isə onlar rəsmi olaraq ayrılmışlar. X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının qızıdır. Evlərində pulla bağlı söhbətləri eşitmişdir. Lakin atasının kimdənsə onun iştirakı ilə borc pul almasını görməmiş və şahidi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında şifahi müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçının tələbi də müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması üçün əsaslı deyildir. Kollegiya nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehə göndərilməsini və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. 1-ci. İşin faktiki hallarrı ilə müəyyən edilir ki, iddiaçı 9000 ABŞ dolları pul vəsaitini 29.07.2018-ci il tarixdə cavadehə göndərmiş və cavabdeh də həmin pul məbləğini almış, məhkəmə araşdırması zamanı da 9000 ABŞ dolların iddiaçı tərəfindən göndərildiyini etiraf etmişdir. Lakin cavabdeh həmin pulun iddiaçı tərəfindən ona borc kimi deyil, mövcud olmuş borcun qaytarılması ilə əsaslandırır. 2-ci. Cavabdeh tərəfin fikrinə görə iddiaçı həmin pul məbləğini 29.07.2021-ci il tarixinədək tələb etməli idi. Lakin iş materialları ilə iddiaçı tərəfindən göndərilmiş pulun qaytarılmasının son müddətini müəyyən etmək mümkün deyil. İddiaçı həmin pulu 2 il müddətinə cavabdehə verdiyini bildirir. Belə olan halda iddiaçının vermiş olduğu borc məbləğini 29.07.2020-ci il tarixindən etibarən tələb etmək hüququ yaranır ki, bunun da son tarixi 29.07.2023-cü il olmalıdır. Kollegiya bununla bağlı bildirir ki, ümumiyyətlə həm yazılı müqavilə, həm də şifahi formada kredit və ya borc verildikdə həmin borc müəyyən zaman kəsiyi müəyyən edilməklə verilir. 3-cü. Cavabdeh birinci halda ümumiyyətlə iddiaçının onlara borc pulu vermədiyini, əksinə mövcud borcunun qaytardığını bildirsə də, ikinci halda iddia müddətini mübahisələndirir. Bu hal özü-özlüyündə tərs mütanasiblik təşkil edir. 4-cü. Cavabdeh tərəf iddiaçının onlara borc vermədiyini bildirsə də, iş materiallarının 8-10-cu səhifəsində olan pul göndərilməsi barədə sənədin əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Çünki apellyasiya icraatı zamanı həm cavabdeh, həm də 3-cü şəxs iddiaçı tərəfindən X4 vasitəsilə onlara pul göndərildiyini inkar etmir, sadəcə həmin pulun mövcud borcun qaytarılması kimi əsaslandırırlar. Kollegiya tərəfindən cavabdeh tərəfə bir neçə dəfə təklif olunmasına baxmayaraq sonuncular bunu təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, şikayətin bu dəlilini öz izahatları ilə əsaslandırmağa çalışmışlar. Kollegiya mübahisənin bu hissəsi ilə bağlı nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə göndərilmiş pulun qaytarılması tələbidir 5-ci. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə cavabdeh tərəf ziddiyyətli ifadə verərək, iddiaçı tərəfindən onlara Zolotoya korona vasitəsilə 9000 ABŞ dollar pulun göndərildiyini inkar etmir, lakin sonradan həmin sənədin də həqiqiliyinə şübhə ilə yanaşırlar. 6-cı. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Şahid ifadələrinə gəldikdə isə kollegiya cavabdeh tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(075)-1800/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (vəkil və elektron kabinet vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2237/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2237/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver