Məhkəmə qərarları › İş №2(107)-2241/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2241/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2241/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan Gündüz oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçının vəkili X2, Cavabdeh və onun vəkili X3 iştirakları ilə, iddiaçı “Azərmaq“ MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ilə (hakim İbrahim Fəttahov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsi və iş üzrə ekspertiza xərci olan 124 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. işin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər iki müqavilə üzrə 55 644,48 manat əsas borcun və 114500 manat cərimə borcunun ümumilikdə 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMCnin direktoru Səfərov Adil Həsənəli oğlu ilə cavabdeh arasında 08.01.2018-ci il tarixdə və 07.03.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilələr bağlanarkən aralarında qarşılıqlı razılıq əldə edilmiş, heç bir təsir olmadan müqavilədə nəzərdə tutulan şərtlərlə məhsulların nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh 08.01.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 15492,60 manat və 07.03.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 50082,50 manat olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmalı, məhsulların satış pulunu 20 gün müddətində pul şəklində İddiaçı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 08.01.2018-ci il tarixli və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən məhsulları qəbul etdikdən sonra onların dəyərini qeyd olunan müddətdə İddiaçı MMC-yə ödəməmişdir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də o, həmin məhsulların pulunu ödəyəcəyinə söz vermiş, lakin borcunu bu günə qədər MMCyə ödəməmişdir. Cavabdeh İddiaçı MMC-nin direktoru Adil Səfərova ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və birinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavilə üzrə isə 05.04.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin ərizələri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq həmin borcu MMC-yə ödəməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır. Məhkəmə icraatı zamanı Cavabdeh borclu olduğu puldan İddiaçı MMC-nin hesabına 9930.62 manat pul ödədiyindən cavabdehdən iddianın azaldılmış həddində təmin edilməsi, yəni 55644.48 manat əsas borcu və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunda nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyaisya Məhkəməsinin 2(107)-91/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiаçı İddiaçı MMC-nin direktoru Adil Səfərovun Cavabdeh qarşı 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin direktoru Adil Səfərova ödənilməsi tələbinə dair iddiаsı rədd edilmişdir. Şəki Apellyaisya Məhkəməsinin 2(107)-91/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı MMC-nin direktoru Səfərov Adil Həsənəli oğlu kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)- 5312/2021 nömrəli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli 05.05.2021ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmənin sözügedən qətnaməsini əsaslı və qanuni hesab etmir, qətnamənin qismən ləğv edilməsini və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı MMC-nin irəli sürdüyü iddianın-07.03.2018-ci il tarixli müqavilə ilə cavabdehin İddiaçı MMC-yə 50.082.50 manat borcunun olması hissəsi qəbul edilən deyil. Çünki sözügedən müqavilənin bağlanılmasında İddiaçı MMC tərəfindən onların öz maraqları naminə cavabdeh aldadılmışdır. Cavabdehin niyyəti təhvil-təslim aktını imzalamaq olmuşdur. Lakin hazırda cavabdehin mübahisələndirdiyi məhsulların nisyə alqı-satqı müqaviləsi haqqında ondan yanlış təsəvvür formalaşmışdır. Belə ki, sözügedən müqavilənin formal bir müqavilə olduğunu, cavabdeh üçün heç bir öhdəlik yaratmadığını, ən başlıcası mübahisələndirilən müqavilənin təhvil-təslim aktı kimi sənəd olduğunu dərk edib, imzalamış, başqa sözlə razılıq verdiyi əqdi deyil, başqa əqdi imzalamışdır. İşin faktiki halları kifayət qədər deməyə əsas verir ki, İddiaçı MMC ilə cavabdeh arasında yalnız 08.01.2018-ci il tarixli müqavilə üzrə öhdəlik yaranmış, yəni sözügedən müqavilədə göstərilən məbləğdə mallar cavabdeh tərəfindən təhvil-təslim aktı əsasında nisyə götürülərək pərakəndə şəkildə mağazalara paylanmış, 15492.60 manat puldan 9930.62 manatı ödənilmiş, hal-hazırda cavabdehin iddiaçıya 5561.98 manatı borcu qalmışdır. Göründüyü kimi əgər 08.01.2018-ci il tarixli müqavilədə göstərilən malları kimi, 07.03.2018-ci il tarixli müqavilədə göstərilən malları göstərsəydi etiraf edib, borcunu qarşılıqlı anlaşma şəraitində ödəyərdi. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(046)- 564/2020 nömrəii qətnaməsinin qismən ləğv ediiməsi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı MMC-nin vəkili X6 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İddiaçı “Azərmaq“ MMC-nin direktoru Səfərov Adil Həsənəli oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)-5312/2021 nömrəli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-91/2021 nömrəli 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilən zaman qərarında bır sıra göstərişlər şərh etmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, apelyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı ona görə rədd etmişdir ki, iddiaçı Cavabdeh Adil Səfərov qarşısında heç bir öhdəliyi yoxdur və onun tələbi ilə iddia təmin oluna bilməz. Məhkəmənin bu qənaəti onunla formalaşmışdır ki, iddia ərizəsinin girişində iddiaçı kimi İddiaçı MMC-nin direktoru Səfərov Adil Həsənəli oğlu göstərilmiş, ərizənin sonunda isə ödənilməli olan pulun ona (iddia ərizəsində “mənə ödənilməsi” kimi ifadə olunmuşdur) ödənilməsi xahiş edilmişdir. Nə qədər ki, alqı-satqı MMC ilə cavabdeh arasında baş vermişdir, borcu MMC-nin direktoru özü üçün tələb edə bilməz. Ona görə Apelyasiya Məhkəməsi hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi tələbdən kənara çıxmaqla iddianı təmin etməkdə prosessual qanunvericiliyin tələblərini (MPM-nin 218-ci maddəsinin) pozmuşdur. Əvvəla, qeyd olunmalıdır ki, tələbin kim tərəfindən irəli sürülməsi və borcun kimə qaytarılmalı olması ilə bağlı cavabdeh etiraz etməmişdir. Borcun MMC-nin xeyrinə tutulması barədə qətnamədən apelyasiya şikayəti verərkən cavabdeh bu barədə heç bir dəlil və etiraz irəli sürməmişdir. Bu qərarın 20-ci bəndində qeyd olunan normaya görə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bundan başqa, 1-ci instansiya məhkəməsi iddia tələbinin birmənalı olaraq MMC tərəfindən irəli sürülməsini qəbul etmiş və ödənilməli olan vəsaiti də onun xeyrinə tutmuşdur. Həmin məhkəmə tərtib edilmiş ərizəni ikimənalı yazılmış ərizə kimi qəbul etməmiş, bununla bağlı hər-hansı şərh verməmiş, cavabdeh də bununla bağlı etiraz etməmişdir. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (bu qərarın 16-18-ci bəndlərindəki normalar). İddia ərizəsini İddiaçı MMC-nin adından direktoru Səfərov Adil Həsənəli oğlu irəli sürüb. Bu barədə ərizənin giriş hissəsində qeydlər açıq-aşkardır. İddia ərizəsi direktor tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddia ərizəsinin xahiş edirəm hissəsində şəxs əvəzliyinin (şəxs əvəzliyinin 3-cü şəxsdə deyil, 1-ci şəxsdə işlədilməsi (”mənə”)) texniki səhv olaraq göstərilməsi tələbin mahiyyətini və həcmini dəyişmir. Çünki iddia tələbindən aydındır ki, cavabdeh İddiaçı MMC ilə müqavilələr bağlayıb və müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün MMC-i pul tələb edir. Məhkəmənin diqqət yetirdiyi həmin nöqsanı cavabdeh tərəf mübahisələndirmiş olsaydı belə, ən yaxşı halda məhkəmə ərizədə şəxs əvəzliyinin texniki səhv kimi buraxılması barədə şərh verə bilərdi. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 07.03.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 50082.50 manat dəyərində müxtəlif çeşidli məhsulları nisyə satmışdır. Cavabdeh isə həmin pulu 20 gün müddətinə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən alıcı dəbbə pulunu ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC-i ilə Cavabdeh arasında balanmış 08.01.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 15492.60 manat dəyərində müxtəlif çeşidli məhsulları nisyə satmışdır. Cavabdeh malların dəyərini 1 ay müddətinə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Müqavilədə dəbbə pulunun ödəniləcəyi nəzərdə tutulmamışdır. İşdə olan 08.01.2018-ci il tarixli və 07.03.2018-ci il tarixli təhviltəslim aktlarından görünür ki, İddiaçı MMC-yə məxsus hər iki nisyə alğı-satqı müqaviləsi üzrə dəyəri 50082.50 manat olan və dəyəri 15492.60 manat olan uşaq pampersləri Cavabdeh təhvil verilmişdir. İşdə olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 07.03.2018-ci il tarixli müqaviləyə əsasən 50082.50 manat borcunu 05.04.2018-ci il tarixədək və 08.01.2018-ci il tarixli müqaviləyə əsasən 15492.60 manat borcunu 15.02.2018-ci il tarixədək İddiaçı MMC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 08.10.2019-cu il tarixli 24031 saylı rəyindən görünür ki, 07.03.2018-ci il tarixli il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrin “10. Tərəflərin rekvizitləri” hissəsində “10.2 Alıcı” qrafasında olan imza, 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli təhvil-təslim aktının “Təhvil aldı” hissəsində “İmza” qrafasında olan imzalar, 07.03.2018-ci il tarixli “Ərizə”də olan yazılar və həmin yazıların aşağı hissəsində “Cavabdeh. O.” Yazıları önündəki imza və 08.01.2018-ci il tarixli “Ərizə”də olan yazılar və həmin yazıların aşağı hissəsində “Cavabdeh” yazılarının önündəki imza – Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış ekspertizanın dəyəri 124 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-dən 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrə əsasən ümumi dəyəri 65575.10 manat olan uşaq pamperslərini nisyə almış, Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı ərizədə iddiaçıya borclu qaldığını etiraf etmiş, 07.03.2018-ci il tarixli müqaviləyə əsasən 50082.50 manat borcunu 05.04.2018-ci il tarixədək və 08.01.2018-ci il tarixli müqaviləyə əsasən 15492.60 manat borcunu 15.02.2018-ci il tarixədək İddiaçı MMC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçının nümayəndəsi iddianın həcminin azaldılması barədə təqdim etdiyi ərizənin nəzərə alınaraq cavabdehdən hər iki müqavilə üzrə cəmi 55 644,48 manat əsas borcun və 144500 manat dəbbə pulu olmaqla cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı İddiaçı MMC-nin cavabdehdən 07.03.2018-ci il tarixli müqavilə üzrə 114500 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab etmişdir və həmin 07.03.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 500 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən verilmiş vəsatəti əsasında keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının ekspert rəyində qeyd olunan müqavilələrdə, təhvil-təslim aktlarında və ərizələrdə imzalar cavabdeh tərəfindən icra edildiyi göstərildiyindən 124 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, ümumilikdə 56144,48 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı MMC-yə verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdehyuxarıda qeyd edilən hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə görə haqlı olaraq həmin müqavilə üzrə nəzərdə tutulmuş pulun ondan alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “Azərmaq“ MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar