Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-225/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, iddia və kəsici müddətlər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-1328/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 1427.12 manat borcun və 34.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan problemli borcunuz üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GEK-63 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 281 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi üçün 36 ay müddətinə illik 25 faizlə 1590 manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh2 tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-yə olan əsas borcu 1207.29 manat, faiz borcu 219.83 manat, cəmi borcu 1427.12 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İş üzrə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı QSC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 1427.12 manat kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir.
5. İş üzrə digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-1328/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1427.12 manat kredit borcunun və 34.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2015-ci il, qüvvədə olma müddətinin isə xx.xx.2018-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir.
9. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, iddia rədd edilməli, İddiaçı QSCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1427.12 manat kredit borcunun və 34.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2 və 376-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən аpellyаsiyа şikayəti verilmişdir.
12. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edirlər ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(046)-1328/2024 saylı qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə bağlıçıxardığından həmin qətnamə ləğv edilməli və verilmiş iddia təmin edilməlidir.
13. Hesab edirlər ki, məhkəmə qətnamə qəbul edərkən maddi-hüquq normalarını düzgün təbiq etməmişdir. Belə ki, məhkəmə Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2,ci və 377.2-ci maddələrinə istinad etmişdir. Hesab edirlər ki, məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən 2021, 2022 və 2023- cü ildə kredit borcundan ödəniş etmiş və bununla da borcu etiraf edən hərəkətlər etmişdir. Yəni cavabdeh borcu etiraf etdiyi üçün, bütün bu hallar, yəni məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərkən nəzərə alınmalı idi.
14. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1,399.3, 399.4-cü maddələrinin tələblərinə görə həmin şərt onu göstərir ki, müqavilənn qüvvəsi bitməmişdir, hal- hazıradək davam edir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəlyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda qeyd edilən əssaslardan göründüyü kimi cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etmşdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir.
16. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9,10.1.3, 88, 172, 185.2- ci və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur. Qətnamədən göründüyü kimi o, qanuni və əsaslı deyildir. Qətnamədən göründüyü kimi o yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır.
17. Odur ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2(046)-1328/2024 saylı qətnaməsini ləğv edib, İddiaçıQSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)-1328/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçıQSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Qərar:
22. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarı
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)- 1328/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
30. Kollegiyanın iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 281 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi üçün 36 ay müddətinə illik 25 faizlə 1590 manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GEK-63 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. İddiaçı cavabehlərdən müştərək qaydada əsas borc üzrə 1207.29 manat, faiz borcu 219.83 manat, cəmi 1427.12 manat borcun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh2 isə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 281 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 ilə yanaşı digər cavabdeh olan zamin Cavabdeh1 qarşı hissədə də borc tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da apellyasiya şikayətinin məhkəmənin Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etməsi, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2,ci və 377.2-ci maddələrinə düzgün istinad etməməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh1 qarşı hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
32. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
33. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
34. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
35. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
36. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
37. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
38. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
39. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
40. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
41. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
42. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
43. Baxılan işdə məhkəmə hər iki cavabdehə qarşı yönəlmiş iddia tələbini kredit alan borclu Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir.
44. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
45. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir.
46. Qanunvericilikdə zaminliklə bağlı müddətin keçməsi halı üçün kəsici müddətlər müəyyən edildiyi, həmin müddətin keçməsi ilə bağlı iddiaçının zaminə qarşı tələb hüququna xitam verildiyi halda, həmin münasibətə əlavə olaraq iddia müdətinə dair normaların tətbiqi qanunvericiliyin tələblərinə ziddir. Hansı ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətləri bir qayda olaraq tələb hüquqlarına aiddirlər. İddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır.
47. Kollegiya qeyd edir ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və zaminə münasibətdə kreditorun tələb hüququ aradan qalxır.
48. Hazırkı iş üzrə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 281 nömrəli kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2019-cu il tarixində bitmişdir.
49. Göründüyü kimi hazırki iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətlərindən çıxmışdır.
50. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 qarşı hissədə birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə yanlış mövqedən çıxış etməsinə dair dəlilləri ilə razılaşmır.
51. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən 2021, 2022 və 2023-cü ildə kredit borcundan ödəniş edilməsi, bununla da borcu etiraf edən hərəkətlər etməsi, bu halların məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərkən nəzərə alınmalı olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 25 faiz olmaqla 36 ay müddətinə 1590 manat kredit verilmişdir.
52. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 hesabına müqavilə müddəti ərzində sonuncu dəfə 07 iyun 2017-ci il tarixdə 50 manat, müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci ildən sonra isə 29 iyun 2021-ci ildə 25 manat, 31 mart 2022-ci ildə 20 manat, 27 may 2024-cü il tarixdə isə 50 manat borc ödənilmişdir.
53. Kollegiya qeyd edir ki, kredit müqaviləsinin müddətinin xx.xx.2018-ci il tarixdə başa çatması, xx.xx.2018-ci il tarixdən 3 illik, yəni xx.xx.2021-ci il tarixədək iddia müddətinin axımının kəsilməsinin müəyyən edilməməsi, beləliklə 3 illik iddia müddətinin keçməsi, cavabdeh tərəfindən aparılan ödənişin isə iddia müddətinin keçməsindən sonra, yəni 29 iyun 2021-ci il və bundan sonrakı tarixlərdə həyata keçirilməsi iddia müddətini axımını kəsən hərəkət kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkət iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
55. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.
56. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
57. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
58. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
59. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
60. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
61. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-1328/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd edilmiş hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilməli, qətnamə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-1328/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı rədd edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.