Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2259/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "atası tərəfindən onun üçün tikilmiş evə yaşayış və istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması tələbinə dair" mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı uşaqları xx xxxxxx 2009-cu ildə doğulmuş X8 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X14 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası tərəfindən Balakən rayonu Tülü kəndində onun üçün tikilmiş yarımçıq 2 otaqlı evdən cavabdehin çıxarılması və onun 2 azyaşlı övladı ilə birlikdə həmin evə yaşamaq və istifadə hüququ tanınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələblərini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 325864 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan onların xx xxxxxx 2009-cu ildə X8 və xx xxxxxxxx 2010-cu ildə X14 adlı uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsində saxlanmışdır. Onun qızı X8 “Nevropatiya” diaqnozu ilə ağır yataq xəstəsidir. Cavabdeh ailəsinə baxmadığı üçün aralarında dəfələrlə mübahisələr olmuşdur. Hər dəfə cavabdeh nahaqdan evdə dava-dalaş salmışdır. O, dəfələrlə cavabdeh ilə birgə yaşamaqdan imtina edib, valideynlərinin evinə getmişdir. X16 kömək etmək məqsədilə Balakən rayonu Tülü kəndində 05 sot sənədsiz torpaq sahəsində onun üçün iki otaqlı ev tikdirmişdir. Həmin torpağın heç bir sənədi yox idi. Onun qızı “Nevropatiya” diaqnozu ilə ağır yataq xəstəsi olduğu üçün Tülü Bələdiyyəsi və Tülü kənd İcra Nümayəndəliyindən atasına şifahi icazə vermişlər. Gələcəkdə həmin tikilini hüquqi qeydiyyatdan keçirib qanuni sənədlərini almalarını bildirmişlər. Həmin evi atası tikəndən sonra o, iki uşağı ilə həmin evə köçmüşdür. Daha sonra valideynləri onun ailəsini bərpa etrmək məqsədilə danışıqlar apararaq cavabdehlə onu barışdırmışlar. Bir müddətdən sonra cavabdeh onu 2 uşağı ilə atasının tikdiyi evdən qovmuş, özü həmin evə yiyələnmişdir. Ev daxma kimi tikilmiş 2 otaqlıdır. Həmin evin 2 otağından birini nisbətən istifadə etmək mümkündür. Digər otağı isə yararsızdır. Həmin evə köçməmişdən əvvəl cavabdehlə ailəli olduğu vaxtlarda onun valideynlərinin evində və daha sonra kirayələrdə yaşamışlar. O, hazırda 2 azyaşlı uşağı ilə Balakən şəhərində məcburi kirayədə qalır. Kirayə haqqı kommunal xərclər daxil olmaqla ümumilikdə 250-300 manat təşkil edir. Qızı xəstə olduğu üçün kirayə haqqı ödəməyə onun maddi imkanı yoxdur. O, dəfələrlə cavabdehlə atasının onun üçün tikdiyi evi boşaltması barədə danışmışdır. Lakin cavabdehlə heç bir razılıq əldə edə bilməmişdir. Onun cavabdehlə həmin özbaşına tikilidə yaşaması mümkün deyildir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 325864 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan onların xx xxxxxx 2009-cu ildə X8 və xx xxxxxxxx 2010-cu ildə X14 adlı uşaqları doğulmuşdur. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evi atası X6 məxsus torpaq sahəsində, atasının maddi yardımı ilə tikilmişdir. Həmin evin qeydiyyat çıxarışı yoxdur. Turanənin, Rəşidin və Xədicənin həmin evə köçürülməsinə razı deyildir. Sözügedən ev yaşayış üçün yararlıdır, ora işıq çəkilmişdir və orada digər kommunal şərait vardır. Özü həmin evdə yaşayır. Turanə də 5 il ərzində həmin evdə yaşamış, İddiaçı ilə birlikdə həmin evdə ümumi təsərrüfat aparmışlar. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X13 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti belə əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır, həmçinin məhkəmənin qəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehin ailə üzvü olduğundan və cavabdehlə birlikdə iddia predmetini təşkil edən evdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları həmin evdə yaşadığından və onların daimi yaşayış yeri həmin ev sayıldığından, bununla da İddiaçı və yetkinlik yaşına çatmayan uşaqlarının daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evi olduğundan İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları X8 və X14 mübahisəli evə köçürülməlidir. Ona görə də iddia iddiaçının uşaqları ilə birlikdə sözügedən evə köçürülməsi tələbinə aid hissədə təmin olunmalıdır... Lakin məhkəmə iddianı həmin hissədə təmin edərkən iddiaçının mübahisəli evə yox, cavabdehin atası evinə gəlin köçməsini və orada yaşamasını nəzərə almamışdır. Bundan başqa, məhkəmə mübahisəli evin pay torpaq sahəsində tikildiyini, qanunsuz tikili olduğunu, gələcəkdə həmin torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən evin sökülməsinin tələb edilə biləcəyi ehtimalını nəzərə almamışdır. Bundan əlavə, məhkəmə evin ancaq bir otağının təmir olunduğunu, iddiaçının cavabdehlə gələcəkdə həmin bir otaqda yaşaya bilib-bilməyəcəyini nəzərə almamış, cavabdehin ailə qurub həmin bir otaqda yaşadığı halda digər şəxslərin də orada yaşamaq imkanlarının olub-olmayacağı araşdırılmamışdır. Habelə, məhkəmə qətnamə qəbul edərkən cavabdehin aliment borcuna görə iddiaçı tərəfindən verilmiş şikayət əsasında məhkəmənin hökmü ilə cəza aldığını və həbs olunduğunu nəzərə almamışdır... Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında İddiaçı, eləcə də Cavabdeh və onun vəkili X13 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasına gələ bilməyəcəyini və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh və onun vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 57 № ilə qeyd aparılmışdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ 533782 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə X9 göstərilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ 533780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxxx 2010-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə X9 göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-203/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixdə Balakən rayon İH-nin Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları - xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 anası X1 yanında saxlanması, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanası tərəfindən tərtib olunmuş xəstəlik tarixindən çıxarışdan görünür ki, X3 “irsi sensor-motor nevropatiya, bütün ətrafların hərəki hissi pozğunluqları” diaqnozu qoyulmuşdur. İşdə olan JN-11xx xxx 40114018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X5 1997-ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə Balakən rayonu Tülü kəndi ərazisindən X11, X4, X12, Cavabdeh və X10 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon X5 1997ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə Balakən rayonu Tülü kəndi ərazisindən X6 700 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-203/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış və xx xxxxxx 2009-cu il tarixdə Balakən rayon İH-nin Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları - xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 anaları X1 yanında saxlanması, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh ərə gedərkən onun valideynlərinin Balakən rayonu Tülü kəndində yerləşən evinə gəlin köçmüş, orada yaşamış, uşaqları həmin evdə doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri zəminində mübahisələr olduğuna görə İddiaçı dəfələrlə cavabdehlə birgə yaşamaqdan imtina edib valideynlərinin evinə getmişdir. Sonradan iddiaçının qaynatası X6 məxsus torpaq sahəsində iki otaqlı ev tikilmiş, həmin evə kiminsənin mülkiyyət hüquqları qeydə alınmamış, İddiaçı 2 azyaşlı uşağı ilə 5 il ərzində həmin yeni tikilmiş mübahisəli evdə yaşamış, sonra cavabdeh onu 2 uşağı ilə həmin evdən qovmuş, özü həmin evə yiyələnmişdir. Cavabdeh iddiaçını evə buraxmadığından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2009 və 2010-cu il təvəllüdlü uşaqları Xədicə və Rəşidin yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçməsinə və oradan istifadə etməsinə maneələr yaradılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehin ailə üzvü olduğundan və cavabdehlə birlikdə iddia predmetini təşkil edən evdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - X8 və X14 həmin evdə yaşadığından və onların daimi yaşayış yeri həmin ev sayıldığından, bununla da İddiaçı və yetkinlik yaşına çatmayan Xədicə Dabaxova və Rəşid Dabaxovun daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evi olduğundan İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları - X8 və X14 iddia predmetini təşkil edən həmin evə köçürülməlidir. Ona görə də iddia iddiaçının uşaqları ilə birlikdə evə köçürülməsi tələbinə aid hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla əsaslıdır. Belə ki, mübahisəli ev JN-11xx xxx 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Tülü kəndi ərazisindən cavabdehin atası (iddiaçının qaynatası) X11 və ailə üzvlərinin mülkiyyətinə verilən, Cavabdeh da mülkiyyət payı olan 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz və özbaşına inşa edilmiş olsa da, lakin son 5-6 il ərzində iddiaçı və onun azyaşlı uşaqlarının, habelə cavabdehin faktiki yaşayış yeri olmuşdur. Bu ev onların orada birlikdə yaşaması üçün inşa edilmişdir. Həmin evin hüquqi müstəvidə daşınmaz əmlak obyektini və mənzil-hüquq münasibətlərinin predmetini təşkil etməməsinə baxmayaraq o, yaşayış sahəsi kimi faktiki olaraq mövcuddur və hal-hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Sözügedən evdən yaşayış sahəsi kimi istifadəyə məhkəmə qaydasında, yaxud başqa səlahiyyətli dövlət orqanları tərəfindən qadağa və ya məhdudiyyət qoyulmadığından həmin evdə həm iddiaçı, həm cavabdeh və həm də onların uşaqları əvvəllər olduğu tərzdə yaşamağı davam etdirməyə haqlıdırlar. Cavabdehin iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsindən məhrum etməsi və onları həmin yaşayış sahəsindən çıxarması (qovması) qanunsuz hərəkətdir. Sözügedən evin qeyri-qanuni və özbaşına tikinti olması cavabdehə əsas vermir ki, o, iddiaçı və azyaşlı uşaqlarını həmin evdən çıxarsın, özü isə orada yaşamağı davam etdirsin. Eləcə də iddiaçı tərəfindən cavabdehin mübahisəli evdən çıxarılmasının tələb olunması qanuni deyildir. Nə qədər ki, mübahisəli ev yaşayış sahəsi kimi mövcuddur, orada yaşamaq həm cavabdehin, həm də azyaşlı uşaqları ilə birlikdə iddiaçının haqqıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşaması (yaşayış sahəsi kimi istifadə etməsi) üçün mübahisəli evə köçürülməsini qət etməkdə düzgün qərar qəbul etmişdir. Lakin sözügedən evdə yaşamaq və oradakı yaşayış sahəsindən istifadə etmək, bunun müddətindən asılı olmayaraq nə iddiaçı, nə də cavabdeh üçün həmin ev üzərində hüquqlar əldə etməyə əsas verməyəcək. Ona görə ki, həm daşınmaz əmlakın özü, həm də bu əmlak üzərində hüquqlar müvafiq dövlət reyestrində qeydiyyata alındıqdan sonra qanuni və etibarlı olur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı və onun uşaqları cavabdehlə bərabər surətdə mübahisəli evdən istifadə hüququna malik olduğundan, onların həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən maneə və məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddələrinin tələbləri baxımından bu şəxslərin mənzil hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddianı qalan, yəni mübahisəli evə iddiaçının yaşamaq və istifadə hüququnun tanınması, cavabdehin isə həmin evdən çıxarılması tələblərinə dair hissədə təmin etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələblərinin təmin olunmayan hissəsində mübahisələndirmədiyindən və bununla bağlı apelyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası həmin hissədə qətnamənin qanuniliyini və əsaslılığını yoxlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin edərək İddiaçı uşaqları - xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X14 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsini, iddianın qalan hissədə təmin olunmamasını qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh və onun vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və onun vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh və onun vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-475/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-2259/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2259/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver