Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2281/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması və qaz təminatının dayandırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4738,10 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4768,50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh yaşadığı ünvan 1də yerləşən mənzilin təbii qaz təminatının dayandırılması ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınması nəzərə alınmış, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək cavabdehin yaşadığı ünvan 1-də yerləşən mənzilin təbii qaz təminatının dayandırılması və cavabdehdən 6318,60 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 6349 manat borcun İddiaçı Zaqatala X5 İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Zaqatala X5 İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Cavabdeh qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında G-4 markalı ******* nömrəli məişət qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, **********00003 saylı qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Belə ki, istehlakçının G-4 markalı ******* nömrəli məişət qaz sayğacının 6318,60 manat borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsini təmin etmədiyindən əvvəllər də ondan təbii qazdan istifadə ilə bağlı yaranmış borcun tutulması barədə məhkəmə qərarları çıxarılmışdır. Hətta Şəki Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən borcun tutulması ilə yanaşı onun ünvanında qaz təminatının dayandırılması qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini alsa da, icra edilməmiş, cavabdehin ünvanına təbii qazın verilişi davam etdirilmişdir. Əvvəlki borcları istisna olmaqla cavabdehin hazırda iddiaçı təşkilata 4866 manat borcu vardır. Həmçinin cavabdeh 2015-ci ilin mart ayından sonra İddiaçı hesabına heç bir ödəniş həyata keçirtməmişdir. Buna görə də 2015-ci ilin iyun ayının 29-da cavabdehin ünvanına quraşdırılmış mexaniki sayğac smart tipli elektron sayğacla əvəz edilmişdir. Cavabdeh 2018-ci ilin aprel ayının 28-dək smart tipli elektron sayğac vasitəsi ilə qazdan istifadə etsə də, həmin tarixdə yenidən cavabdehin ünvanına mexaniki qaz sayğacı quraşdırılmışdır. 2015-ci ilin mart ayından smart tipli sayğacın quraşdırıldığı 2015-ci ilin iyun ayının 29-dək cavabdeh tərəfindən ödənilməmiş məbləğ 2015-ci ilin aprel ayı üçün 58,70 manat, may ayı üçün 40,70 manat, iyun ayı üçün isə 28,50 manat təşkil edir. Bundan başqa cavabdehin yaşadığı ünvana 2015-ci ilin iyun ayının 29-da smart tipli elektron sayğac quraşdırılmasına baxmayaraq həmin sayğac da cavabdehin ünvanına verilən təbii qazın tam şəkildə qeydiyyatını aparmamışdır. Belə ki, cavabdehin ünvanına quraşdırılmış smart tipli elektron sayğacın kart hissəsinin klapanı işləmədiyindən ödəniş həyata keçirilmədən cavabdeh tərəfindən qazın istehlakı davam etdirilmişdir. Lakin smart tipli elektron sayğacın daxilindəki mexaniki qurğu istehlak edilən qazın həcminin müəyyən edilməsinə imkan verdiyindən cavabdeh tərəfindən smart tipli elektron sayğacı quraşdırıldıqdan sonra da təbii qazın dəyəri ödənilmədən 1976,60 manat dəyərində qazın istehlak edildiyi müəyyən edilmiş və bu hal smart tipli sayğacın çıxarıldığı 2018-ci ilin aprel ayının 28-də məlum olmuşdur. Qalan borc isə 2018-ci ilin aprel ayının sonunda quraşdırılmış mexaniki sayğac üzrə qeydə alınmış və cavabdeh tərəfindən ödənilməmiş məbləğdir. Cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizənin də heç bir əsası yoxdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh qarşı iddia tələbində iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddianı borcun tutulması hissəsində qismən, yəni 4866 manat həddində müdafiə edir. Cavabdehin ünvanına verilən qaz təminatının dayandırılması hissəsində məhkəmənin qanuni qüvvəsində olan qətnaməsinin olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı Zaqatala X5 İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olmaqla, yaşadığı ünvan 2 ünvanında qaz paylayıcısı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə müqavilə əsasında məişət qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Hazırda ondan tələb edilən borc İddiaçı əməkdaşlarının özlərinin təqsirindən yaranan borcdur. 2015-ci ilin iyun ayının 29-da onun yaşadığı ünvana quraşdırılmış mexaniki sayğac smart tipli elektron sayğacla əvəz edilmişdir. Smart tipli sayğac quraşdırıldıqdan sonra da o, təbii qazdan istifadə etmiş, lakin onun dəyərindən heç bir ödəniş etməmiş, sayğacla bağlı karta heç bir vəsait qoymamışdır. Lakin təbii qazdan istifadə etməkdə davam etmişdir. O, 2016-cı ilin iyun ayının 29-da həbs edilmiş, 2017-ci ilin iyul ayının 07-də həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra isə 2018-ci ilin may-iyun aylarına qədər o, həmin ünvanda yaşamamış, Bakı şəhərində yaşamışdır. Bakı şəhərindən qayıtdıqdan sonra ünvanına quraşdırılmış smart tipli elektron sayğac yenidən mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Təbii qazdan istifadə etməsinə baxmayaraq onun dəyərini ödəməməsi onun maddi imkansızlığı ilə bağlıdır. İddiaçı ona qarşı hazırkı iddiasında iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsinin qismən – ünvan 1 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4738,10 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4768,50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə göstərilən hallarla işin materialları arasında ziddiyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri qətnamədə nəinki aydın izah edilməmiş, ümumiyyətlə izah edilməmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının ona qarşı iddiasının qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəsini əsaslandırmaq üçün istinad etdiyi sübutlar heç bir halda mötəbər sübüt kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilən faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsinin qismən yəni ünvan 1 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4738,10 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4768,50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli, 2(075)-706/2013 saylı məhkəmə əmrinin surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 743 manat 30 qəpik borc, 20 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla ümumilkdə 763 manat 70 qəpiyin Şəki X7nin xeyrinə tutulması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(075)-1733/2014 saylı məhkəmə əmrinin surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 333,40 manat borc, 20 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı olmaqla ümumilkdə 353,80 manat məbləğində borcun İddiaçı Zaqatala X5 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(075)-1540/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin təbii qaz təminatının dayandırılması, təbii qazdan istifadəyə görə yaranmış 448,4 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx xxxxxx 2012-ci il tarixli“qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı Şəki X7 ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DUST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək isə istehlakçının vəzifəsidir. İddiaçı Zaqatala X5 İdarəsitərəfindən verilmiş istehlakçı barədə məlumatlara dair arayışdan görünür ki, ünvan 5 yaşayan Cavabdeh ünvanında quraşdırılmış G-4 markalı sayğacın son göstəricisi 16892 kub metr, sayğac üzrə borc isə 6318,60 manat təşkil edir. Smart sayğaclı abonentə dair məlumatdan görünür ki, Cavabdeh Şəki şəhəri Abid Əfəndiyev küçəsində ünvanına quraşdırılmış sayğacın 2018-ci ilə borcu 1976,60 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. xx xxxxxx 2012-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət dаşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin həqiqi hallarından görünür ki, Cavabdeh İddiaçı Zaqatala X5 İdarəsinin abonenti olmaqla ünvan 1-də yaşayır. O, hazırda xx xxxxxx 2012-ci il tarixli“qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda G-4 markalı ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, G-4 markalı ******* nömrəli sayğacın ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh yaşadığı ünvan 1-də yerləşən mənzilin təbii qaz təminatının dayandırılmasını və Cavabdeh 6318,60 manat əsas borcun tutulmasını xahiş etsə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında iddia tələbi qismən müdafiə edilərək cavabdehdən iddiaçı təşkilatın xeyrinə 4866 manat pulun tutulmasını, cavabdehin ünvanına verilən qaz təminatının dayandırılması hissəsində məhkəmənin qanuni qüvvəsində olan qətnaməsinin olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh da iddia müddətinin ötürüldüyünü əsas göstərərək İddiaçı ona qarşı hazırkı iddiasına iddia müddətinin tətbiq edilməsini xahiş edərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddia qismən təmin edilərək ünvan 1 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4738,10 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 4768,50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında ödənilməsi tələb edilən 4866 manat məbləğdən 127,90 manatına dair hissədə iddia müddəti ötürüldüyündən, 6318,60 manat pul tələbinin 1452,60 manatının tutulması hissəsində isə iddia tələbi iddiaçının nümayəndəsi tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya Cavabdeh apellyasiya şikayətinin “xx xxxx 2016-cı ildə həbs edilib, xx xxxx 2017-ci ildə həbsdən azad edilməsi, bu müddətdə sözügedən ünvanda heç kimin yaşamaması və iddia edilən həcmdə qazın istehlak edilməməsi” barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh qeyd edilənlərlə bağlı nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına sübut təqdim etməmişdir. Kollegiya cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə görə, iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, İddiaçı cavabdehdən tələb etdiyi borc məbləği 3 ayrı-ayrı dövrü əhatə edir ki, bunlardan bir hissəsi 58,70 manat, 40,70 manat və 28,50 manatı 2015-ci ilin aprel-iyun aylarını əhatə edən borc məbləği, 1976,60 manatı 2018-ci ildə müəyyən edilmiş məbləğə görə borc, 2761,50 manatı isə xx xxxxx 2018-ci il tarixdən sonrakı dövrü əhatə edən borc məbləğidir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında olan münasibətlər xx xxxxxx 2012-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə ilə tənzimləndiyindən, qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etməsi nəzərə alınaraq iddiaçı təşkilatın tələb etdiyi, cavabdehin isə ödəmədiyi 2015-ci ilin aprel-iyun aylarını əhatə edən 58,70 manat, 40,70 manat və 28,50 manat borc məbləğlərinə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Lakin iddiaçının cavabdehdən tələb etdiyi 1976,60 manat borc 2018-ci ildə müəyyən edildiyindən, 2761,50 manat borc məbləği isə 2018-ci ilin aprel ayından sonrakı dövrü əhatə etməklə 3 illik iddia müddəti ilə əhatə edilmədiyindən həmin hissələrdə iddiaçının tələbi haqlı olmaqla iddia müddətinin tətbiqi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşdən görünür ki, iddia tələbinin cavabdehin yaşadığı mənzilin qaz təminatının dayandırılmasına dair hissəsində məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1073/2020 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh yaşadığı ünvan 1-də yerləşən mənzilin təbii qaz təminatının dayandırılması hissəsində iş üzrə icraata xitam verilmişdir. Kollegiya hesab edir ki, cavabdehdən iddiaçı təşkilatın xeyrinə pulun tutulması barədə əvvəllər qəbul edilmiş məhkəmə qərarlarının icraya yönəldilməsini, həmin qərarlar üzrə hansı məbləğdə pulun tutulması barədə məhkəməyə heç bir sənədin təqdim edilməməsini, iddia ərizəsində göstərilən məbləğdən iddiaçının nümayəndəsinin məhkəmə iclasında tutulmasını tələb etdiyi məbləği çıxdıqda əvvəlki məhkəmə qərarlarında müəyyən edilmiş məbləğlərdən fərqli bir məbləğin yaranmasını nəzərə alaraq birinci instansiya məhkəməsi iddia tələbinin pulun tutulması hissəsində hər hansı bir hissəsinin xitam verilməsini mümkün hesab etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1073/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2281/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2281/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver