Məhkəmə qərarları › İş №2(107)-229/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-229/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-229/2021 27.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qimən təmin edilmiş, Cavabdeh 700 manat borc pulun və 10 manat dövlət rüsumu əvəzinin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, borc verdiyi 700 manat pulun Cavabdeh əmək haqqından tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və cavadehə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, qocalığa görə pensiya alır. Xəstədir və tək yaşayır. Həyat yoldaşı uzun sürən yataq xəstəliyindən sonra 2018-ci ildə vəfat etmişdir. Həyat yoldaşının yas mərasimini yola saldıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ona yaxınlaşaraq 700 manat borc pul istəmiş və tez bir zamanda qaytaracağını bildirmişdir. Cavabdeh çoxdan tanıyır. Hərbi qulluqçu olub, hərbi xidmət dövründə xəstəliyi ilə bağlı pensiya alır, orta məktəbdə hərbi çağırışa hazırlıq müəllimi işləyir və ailəsinin aylıq gəliri 1000 manatdır. Cavabdeh yüksək gəliri olduğu üçün 700 manat borc pulu qaytaracağına inandığına görə vermişdir. Cavabdeh borc verdiyi 700 manat pulunun qaytarılmasını tələb edəndə o, “bugün”, “sabah”, “gələn ay” kimi müxtəlif bəhanələrlə borcunu verməkdən boyun qaçırır. Ona görə də, 700 manat pulun Cavabdeh əmək haqqından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsindən Cavabdeh аpellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini xаhiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə iddianın əsaslılığına dair hər hansı sübut əlavə olunmamış, məhkəmə heç bir araşdırma aparmadan hesab etmişdir ki, hüquq haqqında hər hansı mübahisə yoxdur və iddiaya sadələşdirilmiş qaydada baxılması mümkündür. İşin halları isə bundan ibarətdir ki, o, İddiaçı 200 manat borc almışdır. Müəyyən səbəblərdən borcunu vaxtında qaytara bilməmişdir. 200 manat borcunu aparanda isə o, məndən 400 manat tələb etmişdir. Hazırda isə məndən 700 manat vəsait tələb edir. İddiaçının bu tələbi hər hansı sübuta əsaslanmır və o, iddiaçıdan nə 700 manat borc almamış, nə də həmin məbləği borclu deyildir. İddiaçıdan aldığı 200 manatı qaytarmağa cəhd etsə də, lakin o, borcun tam qaytarılması barədə qəbz vermədiyindən borcunu qaytara bilməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahat və xahişini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn tələbə dair müddəaları əsasında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın əsaslı olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. İlk növbədə məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi hazırkı mülki işə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” (MPM-in XXİİİ-İ Fəsli) qaydasında baxmaqda səhvə yol vermiş, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyini şərtləndirən halın mövcudluğunu nəzərə almamaqla prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, MPM-in 284-4.1 və 284-4.1.3-ci maddələrinə müvafiq olaraq, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı iddia ərizəsində Cavabdeh 700 (yeddi yüz) manat borc pul verməsini iddia etsə də, lakin məhkəməyə bunu təsdiq edən sübutlar (cavabdeh tərəfindən verilmiş qəbz, tərəflər arasında tərtib olunmuş akt, şahid ifadələri və s.) təqdim etməmişdir. Belə vəziyyətdə məhkəmə ərizəni qəbul etməkdən imtina etməli, ya da artıq qəbul edilmiş ərizəyə iddia icraatı qaydasında baxılmasına keçməli idi. MPM-in 284-5.4-cü maddəsinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 387.1-ci maddəsinə görə isə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. İstinad edilən prosessual normalara müvafiq olaraq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinə yenidən mahiyyəti üzrə baxılmalıdır. Apellyasiya baxışında İddiaçı verdiyi izahatdan məlum olmuşdur ki, onun öz iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim edə biləcəyi hər hansı sübutu yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş Cavabdeh isə apellyasiya baxışı iclasında iştirak etməkdən yayınmış, verdiyi apellyasiya şikayətində isə İddiaçı 200 (iki yüz) manat borc pul aldığını etiraf edərək həmin məbləği ödəməkdən boyun qaçırmadığını bildirmişdir. MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Qanunvericiliyin tələbindən göründüyü kimi, ilk növbədə iddiaçı öz tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməli, yəni məhkəməyə irəli sürdüyü tələbin əsaslılığına dair sübutlar təqdim etməlidir; əgər cavabdeh iddiaçının təqdim etdiyi sübutlara və ya bu sübutların mötəbərliyinə etiraz edərsə, onda öz etirazının əsası kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh apellyasiya şikayətində iddianı qismən (200 manat məbləğində) etiraf etdiyindən, MPM-in 191.3-cü maddəsinə əsasən, hazırkı iş üzrə iddia tələbi cavabdehin etirafı həcmində təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən, yəni 200 manat məbləğində təmin olunmalıdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1576/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 217, 372, 384, 385, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 1576/2020 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh 200 (iki yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar