Məhkəmə qərarları › İş №2(107)-229/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-229/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-229/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutların qiymətləndirilməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-517/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 21987 (iyirimi bir min doqquz yüz səksən yeddi) manatın, avtomobilinin qəza nəticəsində əmtəə dəyərinin itkisi - 34000 (otuz dörd min) manatın, avtomobilsiz qaldığı müddət üçün taksi xərcləri - 2780 (iki min yeddi yüz səksən) manatın, hüquqi yardım üçün vəkilə ödədiyi xərc - 200 (iki yüz) manatın, ödədiyi dövlət rüsumu - 300 (üç yüz) manatın, ümumilikdə 59267 (əlli doqquz min iki yüz altmış yeddi) manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən, **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobilin mülkiyyətçisi Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus **- OV-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olarkən əks istiqamətdən gələn **-BD-*** dövlət qeydiyyat nişanlı “Vaz-2104” markalı və **-EM-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtobillərin səhvi ucbatından qəza baş vermişdir. Həmin zaman toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarında olan ehtiyat hissəyə çəkərək sürətini azaltsa da “Mitsubishi Pajero” markalı avtomobil sürətini azaltmadan onun maşınının üzərinə gələrək toqquşma baş vermiş, zərbənin təsirindən onun avtomobili yolun sağ kənarındakı ən azı 3 metr hündürlükdə olan dərəyə düşərək ərazidə olan su və ya qaz turbasına (ana xətt) çırpılaraq dayanmışdır. Yuxarıda qeyd olunan hər iki avtomobilin sürücüləri özlərini təqsirkar bilmişlər. Beləliklə, Cavabdeh1 sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozmaqla, Cavabdeh2 Oqtay oğlu isə əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməklə həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişlər. Həmin qəza nəticəsində avtomobilinə vurulmuş ziyan 26987 (iyirmi altı min doqquz yüz səksən yeddi) azn məbləğindədir. Cavabdehlərin avtobillərinin icbari sığortalandığı “Paşa Siğorta” və “Xalq Siğorta” tərəfindən lazımi tədbirlər görülmüş və artıq "xxxx" tərəfindən 4226.1 (dörd min iki yüz iyirmi altı manat 10 qəpik) azn ona ödənmişdir. “Xalq Sığorta” tərəfindən qalan təqribi 774 (yeddi yüz yetmiş dörd) azn də tezliklə ödənilməsi üçün şirkət tərəfindən lazimı prosedurlar yerinə yetirilir. Bundan başqa məlum qəza nəticəsində avtomobilinin əmtəə dəyəri əhəmiyyətli dərəcədə itkiyə məruz qalmışdır. Nəqliyyat vasitəsinin əmtəə dəyəri üçün ən əhəmiyyətli nüans olan ümumi rama qəza nəticəsində əyilmişdir. Belə ki, 2013-cü il buraxılış olan və öz nəslinin ən full komplektasiyası sayılan avtobilinin bazar qiyməti (dəri salon, lyuk, Lexus 570 salon, Lexus 570 disk-təkərlər, Lexus qabaq və arxa şarlotta buferlər və s.) qəza olmamışdan öncə 50 min ABŞ dolları idisə, hal-hazırda bütün təmir işləri aparıldıqdan sonra maksimum 30 min ABŞ dollarına satıla bilər. Göründüyü kimi məlum qəza nəticəsində avtomobilimin əmtəə dəyəri 20 min ABŞ dolları (34000 AZN) aşağı düşmüşdür (“Yolnəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları ”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarı). O, Novxanı qəsəbəsində yaşayır və hər gün “Bakmil” metrosunun yaxınlığında yerləşən iş yerinə taksi ilə getmək məcburiyyətində qalmışdır. Hələ gün ərzində başqa yerlərə getməyini nəzərə almasa, təxminən gündəlik 15 azn taksilərə pul xərcləyir. Mart ayının son gününədək hesablasaq 182 gün ərzində (01 okyabr 2021-31 mart 2022) taksi xidmətinə ən azı 2730 (iki min yeddi yüz otuz) azn pul xərcləmişdir. Cavabdehlər ona dəymiş ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınırlar. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 10 noyabr 2022-ci il tаrixli, 2(025)- 517/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin məbləği 21508 manat 20 qəpik, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu 300 manat olmaqla, cəmi 22008,20 (iyirmi iki min səkkiz manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X5» markalı, **- OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, 90-EM974 d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Hadisə zamanı "X5" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X5» markalı, **- OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, 90-EM974 d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Hadisə zamanı "X5" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 21987 (iyirmi bir min doqquz yüz səksən yeddi) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin İddiaçı iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə əsassız hesab edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 1108.1, 1097-ci maddələrinə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3 və 37-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 10-1.3, 218.3, 4.1, 4.2, 14.2, 76.1, 76.2 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, Qəbələ rayon məhkəməsinin qeyd olunan qətnaməsi əsassızdır və işə baxılarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi o sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməklə Azərbaycan Respublikası İXM-nin 342.2.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək 150 manat cərimə olunmuşdur. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində isə onun İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğu qeyd edilmişdir. Qeyd edir ki, onun maşını tərəfindən iddiaçının idarə etdiyi “Toyota Land kruiser” markalı **-OV-*** dövlət nömrə nişanlı avtomobil toqquşmamış və onun idarə etdiyi “Vaz-2104” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ona heç bir zədə yetirilməmişdir. Əgər arxadan gələn nəqliyyat vasitəsi qanunla müəyyən edilmiş qaydada ara məsafəsi saxlasa idi qeyd olunan yol-nəqliyyat hadisəsi baş verməyə bilərdi. Bir daha qeyd edir ki, o törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə olunmuşdur. Bundan başqa, məhkəmənin sözü gedən qətnaməsində cavabdehlərin avtomobillərinin icbari sığortalandığı "xxxx" və “Xalq Sığorta” tərəfindən lazımi tədbirlərin görüldüyü və artıq iddiaçıya "xxxx" tərəfindən 4226,1 (dörd min iki yüz iyirmi altı) manat 10 qəpik azn ödənildiyi və “Xalq Sığorta” tərəfindən qalan 774 (yeddi yüz yetmiş dörd) manatın da tezliklə ödəniləcəyi üçün tədbirlər görüldüyü qeyd edilmişdir. Yəni artıq sığorta şirkətləri tərəfindən iddiaçıya 5000 (beş min) manat ödənilmişdir. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində həmin 5000 manatın ödənilməsi qeyd edilməyərək, ümumilikdə iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin tam şəkildə ödənilməsi qeyd olunmuşdur. AR MM-nin 77.1-ci maddəsinə əsasə, hər bir tərəf tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tyərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işdə olan rəsmi sənədləri, mövcud faktiki halları və iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə almamışdır. AR MPM-nin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tərbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də Azərbaycan Respublikası Mülki və Mülki Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulduğundan qeyd olunan qətnamə ləğv edilərək mülki iş üzrə iddia tələbinin ona aid hissədə rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Bundan başqa, məhkəmənin sözü gedən qətnaməsində onların avtomobillərinin icbari sığortalandığı "xxxx" və “Xalq Sığorta” tərəfindən lazımi tədbirlərin görüldüyü və artıq iddiaçıya "xxxx" tərəfindən 4226,1 (dörd min iki yüz iyirmi altı) manat 10 qəpik Azn ödənildiyi və “Xalq Sığorta” tərəfindən qalan 774 (yeddi yüz yetmiş dörd) manatın da tezliklə ödəniləcəyi üçün tədbirlər görüldüyü qeyd edilmişdir. Yəni artıq sığorta şirkətləri tərəfindən iddiaçıya 5000 (beş min) manat ödənilmişdir. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində həmin 5000 manatın ödənilməsi qeyd edilməyərək, ümumilikdə iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin tam şəkildə ödənilməsi qeyd olunmuşdur. O, məhkəmə kollegiyasından AR MPM-nin 357,360,361 və 362-ci maddələrini rəhbər tutub Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsini ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxarkən işin faktiki hallarını tam araşdırmadan, izahatını tam almadan və sübutları düzgün qiymətləndirmədən səhv nəticəyə gəlib iddianın ona aid hissədə təmin etmişdir. Bu səbəbdən hesab edirik ki, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə aşağıda qeyd olunanları nəzərə alaraq ləğv edilməli və iddia ona aid hissədə rədd edilməlidir. İlk növbədə bildirir ki, iş materiallarında olan Abşeron PPİnin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X2 HK-1/275 material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli qərarı bu günə kimi ona təqdim edilməmişdir. O qərarın mövcudluluğu barədə məlumatı qətnamə ilə tanış olduqdan sonra almışdır. Məhkəmə iclasında iştirak edən nümayəndə oğlu Nümayəndə da həmin qərar təqdim edilməmişdir. Qətnamə ilə tanış olduğdan sonra o dərhal Abşeron RPİ-nə ərizə ilə müraciət edərək həmin qərarın ona təqdim edilməsini istəmişdir. Onu da qeyd edir ki, ona bu günə kimi təqdim edilməmiş, mövcudluluğu barədə qətnamədən məlumatım olan əsassız və qanunsuz qərarla razı deyil və bildirir ki, təhqiqatçı onu aldatdı. Belə ki, o düzgün və obyektiv araşdırma aparmayıb təqsiri olmayan yol-nəqliyyat hadisəsində barəmdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul etdiyi qərarın sürətini Abşeron RPİ-nin DYPŞ-nə göndərmişdir. Bir daha bildirir ki, özünü Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmir və hesab edir ki, təhqiqatçı ona aid hissədə qeydi-obyektiv və formal araşdırma aparıb əsassız və qanunsuz qərar qəbul etməklə yanaşı qanunvericiliyin tələbini pozaraq qərarın surətini bu günə kimi ona göndərməmişdir. Halbuki, o qəbul etdiyi qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərlik edən prokurorla yanaşı maraqlı tərəflərə də göndərilməli idi. Əgər qərar ona vaxtında göndərilsəydi qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayəti verib pozulmuş hüquqlarımı bərpa edərdi. Çünki yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir. Eyni zamanda onu da bildirir ki, məhkəmə də mülki işə formal əsaslarla baxmış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamış və nəticədə iddianın ona aid hissədə təmin etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Lakin buna baxmayaraq məhkəmə işə öz mülahizəsinə və formal əsaslarla baxaraq qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normaları ilə yanaşı Plenumun bu qərarında qeyd olunmuş xüsusatlara diqqət etməmiş, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə sığorta şirkətinin iddiaçıya ödədiyi məbləği nəzərə almadan ekspertin rəyinə əsaslanıb səhv nəticəyə gəlmişdir. Halbuki sığorta şirkətinin ödədiyi məbləğ yekun ziyan məbləğindən çıxılmalıydı. Məhkəmə yeni sübut təqdim etməyinə şərait yaratmayaq hüquqları pozmuşdur. Belə ki, o baş vermiş avto nəqliyyat hadisəsini araşdıran Abşeron RPİ-nin təhqiqatşısının qərarına etiraz etdiyini və hadisə zamanı onunda zərərçəkdiyini bildirsə də məhkəmə bu izahatına məhəl qoymadı. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)- 517/2022 saylı qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia ona qarşı hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsini ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia atasına qarşı hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh3 Oktay oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə İddiaçı və Cavabdeh3 Oktay oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikasının Kostitusiyasmm 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksəkgərginliklielektrikenerjisindən,atomenerjisindən,pa rtlayıcımaddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətlərinəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğuzərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçünməsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibihəmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həmmənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulabilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturadaödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia ona qarşı hissədə rədd olunmasını xahiş edir. Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-517/2022 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tаrixli, 2(025)-517/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində İddiaçı özünə məxsus «X5» markalı, **-OV-*** d.q.n avtomobillə Novxanı qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru saatda 60 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdən gələn Cavabdeh1 idarə etdiyi «Vaz-2104» markalı, **-BD-*** d.q.n avtomobilin sol ön təkəri yerindən çıxaraq onunla eyni istiqamətdə arxadan gələn, Cavabdeh2 Oqtay oğlunun idarə etdiyi «Mitsubishi Pajero» markalı, 90-EM974 d.q.n avtomobilin qarşısına çıxmış və sonuncu təkərlə toqquşmamaq üçün əks hərəkət zolağına çıxaraq «Toyota» markalı avtomobilin qarşısına çıxıb onu sol yan hissəsindən vurub dayanmış, «Toyota» markalı avtomobil isə idarəetməni itirərək öz hərəkət zolağının sağ hissəsindəki dərəyə düşmüşdür. Hadisə zamanı "X5" minik markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddiasını sübuta yetirdiyindən birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Cavabdeh1 şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Sığorta məbləğinin dəymiş ziyan hissəsinindən çıxılmaması barədə dəlilləri də kollegiya əsassız sayır. İşdə olan “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “X5” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4226.1 manat sığorta ödənişi faydalanan şəxs İddiaçı ödənilmişdir. İddia isə 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat həddində qismən təmin edilmişdir. Cavabdeh2 şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mülki işə formal əsaslarla baxmış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamış və nəticədə iddianın ona aid hissədə təmin etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Lakin buna baxmayaraq məhkəmə işə öz mülahizəsinə və formal əsaslarla baxaraq qanunsuz yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normaları ilə yanaşı Plenumun bu qərarında qeyd olunmuş xüsusatlara diqqət etməmiş, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə sığorta şirkətinin iddiaçıya ödədiyi məbləği nəzərə almadan ekspertin rəyinə əsaslanıb səhv nəticəyə gəlmişdir. Halbuki sığorta şirkətinin ödədiyi məbləğ yekun ziyan məbləğindən çıxılmalıydı. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. Belə ki, işdə olan “Motor Clınıc” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “X5” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı motosikletə avtomobilə zərərin ümumi məbləği 26987.2 (iyirmi altı min doqquz yüz səksən yeddi manat iyirmi qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4226.1 manat sığorta ödənişi faydalanan şəxs İddiaçı ödənilmişdir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. 1. "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4498 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "X5 " minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 21508 (iyirmi bir mın beş yüz səkkiz) manat müəyyən olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi "X5" minik markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etməkdə haqlı olmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, əmtəəşünaslıq ekspertizası üzrə tədqiqata təqdim olunmuş avtomobilə baxış əsasında keçirilərək, rəy verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Özünü Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, apelyator həmin inzibati aktı mübahisələndirməmiş qüvvədədir. Ona görə də kollegiya hesab edir ki, təqsirli olmamasına dair şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tаrixli, 2(025)-517/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tаrixli, 2(025)-517/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar