Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-229/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsələrə qarşı reqres iddia) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)-615/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə cavabdehlər X14, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X1 müştərək qaydada cəmi 11 392, 69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kredit götürən, əsas borclu X14 xx.xx.2020-ci ildə ölmüşdür. İcra sənədi üzrə borcun tutulması İddiaçı pensiyasının 50 faizinə yönəldilmişdir. Cavabdeh2 mərhum borclunun arvadı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə borclunun oğullarıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)- 5647/2016 saylı icra sənədinə əsasən pensiyasından tutulmuş 2595,84 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 45,40 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə cavabdehlər X14, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X1 müştərək qaydada cəmi 11 392,69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kredit götürən, əsas borclu X14 2020-ci ildə vəfat etmişdir. İcra sənədi üzrə borcun tutulması onun pensiyasının 50 faizinə yönəldilmiş və pensiyasından 2487,68 manat vəsait "xxxx" BOKT MMC-nin, 108,16 manat vəsait isə İcra və Probasiya Şöbəsinin xeyrinə tutulmuşdur. Ümumilikdə pensiyasından 2595,84 manat vəsait tutulmuşdur. Bundan başqa cavabdehlər əsas borclu, kredit götürən X8 vərəsələridirlər.
4. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazlar təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X18 və Gülşad İsgəndərova bacıları ilə tanış olmuşdur. Bir müddət sonra həmin bacılar Qabil Fətəliyevi aldadaraq ondan xeyli miqdarda pul alaraq qaytarmamışlar. Qabil Fətəliyev rəhmətə gedənə qədər onlarla danışaraq pulun qaytarılmasını istəsə də onlar pulu qaytarmamışlar. Sözügedən banka ödənilən məbləğin 80 faiz ödənişi onun pensiyasından və oğlunun əmək haqqıısından tutulmuşdur. Bir neçə bankdan Qabil Fətəliyev pul götürərək həmin qadının bacısına verilməsi barədə evdən notarial təsdiq edilmiş sənəd tapmışdır ki, bu da əyani sübutdur ki, həmin götürülən pullar Dilşad və Gülşad bacılarına verilmişdir. Əslində onlardan pulların qaytarılması barədə iddianı onlar qaytarmalı idi. Mərhumun heç bir əmlakı və varisi yoxdur. İddiaçıdan tutulan son məbləğ 2020-ci ilin sentyabr ayı olmuşdur ki, bu da iddia müddətinin keçməsi deməkdir. İddianın həm iddia müddətinin keçməsi, həm də əsassız olması səbəbindən təmin edilməməsi xahiş edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə cavabdehlər X14, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X1 müştərək qaydada cəmi 11 392, 69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kredit götürən, əsas borclu X14 2020-ci ildə vəfat etmişdir. İcra sənədi üzrə borcun tutulması İddiaçı pensiyasının 50 faizinə yönəldilmiş və pensiyasından 2487,68 manat vəsait "xxxx" BOKT MMC-nin, 108,16 manat vəsait isə İcra və Probasiya Şöbəsinin xeyrinə tutulmuşdur. İddiaçı, iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına əlavə edilmiş və müvafiq tutulmaları təsdiq edən sənədləri təqdim etmişdir.
6. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişlər.
7. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslıdır. İddiaçı reqres qaydad ödənilən məbləği əsas borclunun vərəsələrindən tələb edir.
8. Məhkəmə tərəfindən əsas borclunun adına hər hansı vərəsəlik işinin açılıb açılmaması barədə Şəki Regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə müraciət edilmiş, lakin mərhum X8 adına hər hansı vərəsəlik işinin açılmadığı qeyd edilmişdir. Bundan sonra məhkəmə tərəfindən mərhum X5 hər hansı miras əmlakın qalıb qalmaması və kim tərəfindən istifadə edilməsi ilə bağlı sorğu göndərilmiş, X5 Şəki rayonu, Böyük Dəhnə kəndində 1991-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m., yaşayış sahəsi 80 kv.m olan ev qaldığı göstərilmişdir. Vərəsələrdən hər hansı biri tərəfindən miras əmlakdan imtina edilməsi müəyyən edilməmişdir.
9. Yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2595,84 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi reqres iddia tələbi olduğundan müqavilələr üzrə nəzərdə tutulmuş üç illik iddia müddəti deyil, 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir.
11. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)-615/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2595,84 (iki min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat pul vəsaiti və 45,40 (qırx beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377, 1134, 1145, 1151, 1159 və 1306-cı maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(075)-5647/2016 saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının tutulmanın aparılması barədə 17 avqust 2023-cü il tarixli məktubu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1042 nömrəli məktubu Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 42 nömrəli məktub Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli məktub xx.xx.2023-cü il tarixli ********** saylı qəbz
14. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ilk növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1042 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 adına “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aşkar edilməmişdir. Vəfat etdikdən sonra X5 hər-hansı bir əmlak (miras) qalmamış, dolayısı ilə də, onun vərəsələri tərəfindən hər-hansı bir miras əmlak qəbul edilməmişdir. məhkəmə iddiaçının niyə 2024-cü ilə kimi məhkəmdə iddia qaldırmadığını, həmçinin X5 hər-hansı bir miras əmlak qalıb-qalmadığını, əgər hər-hansı bir miras qalmışsa hazırki iş üzrə cavabdehlərin qalan mirası hansı qaydada qəbul edibetməmələrini araşdırmamışdır. Nəzərə alsaq ki, mərhum borclunun vərəsələri onun kreditorları qarşısında qəbul etdikləri miras kütləsi həcmində cavabdehlik daşımalıdır, bu halların araşdırılması məhkəmə üçün əhəmiyyətli olmalı idi. Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş iki cavab məktubunda bir-birinə zidd fikirlər aşkarlanmışdır. Məhkəmə həmin məktublarda olan “fərdi yaşayış evinin kimə məxsus olması” ilə bağlı ziddiyyəti aradan qaldırmamış, yekunda həmin fərdi yaşayış evinin (heç bir hüquqmüəyyənedici sənəd olmadan) mərhum X11 məxsus olması qənaətinə gəlmişdir.
16. Hazırki mübahisəyə münasibətdə, göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə başlamış, iddiaçıdan tutulan sonuncu məbləğ isə 2020-ci ilin sentyabr ayında olmuşdur. Yəni hətta ən geci iddiaçı artıq 2020-ci ilin sentyabr ayından hüquqlarının pozulduğunu bilmiş (bilməli olmuş) ancaq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, iddia müddətini ötürmdüşdür. Hazırki iş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almadan iddia tələbini təmin etmişdir.
17. Əgər məhkəmənin əsaslandığı Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş məktubları mötəbər hesab ediriksə həmin məktubda göstərilmişdir ki, mərhum X8 aşağıda adları qeyd edilən vərəsələri vardır. Arvadı: Cavabdeh2, oğlu: Cavabdeh1, oğlu: Cavabdeh3, qızı: X9, qızı: X4, qızı: X10. Məhkəmə isə yalnız mərhumun arvdı: Cavabdeh2,oğlu: FətəliyevYusif Qabil oğlu, oğlu: Cavabdeh3 vərəsə kimi qəbul etmiş və onlara münasibətdə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
18. Hətta birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində cavabdehlərdən tutulmalı olan məbləğin qəbul etdikləri miras kütləsi həcmində olmalı olduğunu da, diqqətdən qaçırmışdır.
19. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)- 615/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024cü il tarixli, 2(075)-615/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdehlər Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)- 615/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə vərəsələrin qəbul etdikləri miras kütləsi həcmində öhdəlik daşımalarını nəzərə almadan qətnamə qəbul etdiyindən razılaşmır. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə iddiaçı bu tələblə məhkəməyə iddia icraatı qaydasında müraciət etməkdə haqlı olmuşdur. Onun haqlı olmasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsi təşkil edir. Öhdəlik cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X5 vərəsəlik qaydasında keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinin tələbinə əsasən cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdiyi əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar.
29. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində bu qətnamənin 15-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, mirasqoyandan hər hansı miras əmlakın qalıb-qalmaması məsələsi icra prosesində həll olunacaq məsələdir. Hazırki halda iddiaçı tələbində haqlıdır. Bundan başqa, cavabdehlər apellyasiya şikayətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1042 nömrəli məktubuna istinad etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Ona görə də, X8 adına vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aşkar edilməməsi hazırki iş üzrə iddia tələbinin cavabdehlərin mirası qəbul etməməsi əsası ilə rədd edilməsi üçün əsas ola bilməz.
30. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 10-cu bəndində də göstərildiyi kimi, birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olaraq izah etmişdir ki, reqres iddialara müqavilədən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti deyil, 10 illik ümumi iddia müddəti tətbiq olunur. Kollegiya izah edir ki, borclunun "xxxx" BOKT MMC-yə olan borcu müqavilədən irəli gələn öhdəlik idi ki, həmin borcla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Borcu borclunun əvəzinə ödəyən şəxsin borcluya və ya onun vərəsələrinə qarşı reqres tələbi isə müqavilədə nəzərdə tutulmur. Həmin tələb qanundan irəli gələn tələbdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, reqres iddia hüququ qanundan irəli gələn hüquq olduğundan cavabdehlərin iddia etdiyi 3 illik iddia müddəti hazırki işə tətbiq oluna bilməz.
31. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, borclu X8 6 nəfər vərəsəsi vardır. Hazırki iş üzrə cavabdehlərdən başqa X9, X2 və X10 da onun vərəsələridir. Lakin, iddiaçı vərəsələrdən üçünə qarşı iddia qaldırdırdığından məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Digər vərəsələrə qarşı iddia qaldırılmasa da, hazırki cavabdehlər hər biri öz qəbul etdikləri miras kütləsi həcmində mirasqoyanın öhdəlikləri üçün cavabdehlik daşıyırlar.
32. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində bu qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Ona görə də, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində cavabdehlərdən tutulmalı olan məbləğin qəbul etdikləri miras kütləsi həcmində olmalı olduğunu göstərməməkdə səhvə yol vermişdir. Həmçinin, kollegiya hesab edir ki, bu hal qətnamənin ləğvi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
33. Cavabdehlər məhkəmə kollegiyasına 4 fevral 2025-ci il tarixli ərizə göndərərək mərhum borclu X8 həmin bankdan pulu götürərək onlarla məsləhət etmədən Dilşad və Gülşad bacılarına verdiyini qeyd etmişlər. İş materiallarında X3 tərəfindən imzalanmış 29 oktyabr 2014-cü il tarixli (30 oktyabr 2014) Qəbz mövcuddur ki, həmin qəbzdə birinci X8 “Akses bankdan götürdüyü” 20.000 ABŞ dolları ona verdiyini və hər ay mütəmadi olaraq 700 ABŞ dolları ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Kollegiya bu barədə qeyd edir ki, həmin qəbz hazırki iş üzrə İddiaçı tərəfindən deyil, başqası tərəfindən imzalanmış, o cümlədən qəbzdə X8 “Akses bank” dan götürdüyü borc qeyd olunmuşdur. Ona görə də, həmin qəbzin hazıki işə heç bir aidiyyatı yoxdur. Əgər cavabdehlərlə X3 arasında elə bir razılaşma mövcuddursa, cavabdehlərin müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən vərəsələrin qəbul etdikləri miras kütləsi həcmində öhdəlik daşımalarını nəzərə almadan qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin nöqteyi-nəzərdən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)-615/2024 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “müştərək qaydada” sözlərindən sonra “hər birinin miras payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(075)-615/2024 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsinin 2-ci abzasında “müştərək qaydada” sözlərindən sonra “hər birinin miras payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.