Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2312/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə 20.22 ABŞ dolları əsas, 265.78 ABŞ dolları faiz borcu, habelə 7.68 ABŞ dolları cərimə, cəmi 293 (iki yüz doxsan üç) ABŞ dolları 68 (altmış səkkiz) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İşin halları İddiaçı Açıq Səhmdаr Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20.22 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 265.78 ABŞ dolları faiz, 947.68 ABŞ dolları cərimə, ümumilikdə 1.233.68 ABŞ dolları məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən X3 İddiaçı ASC-dən illik 30%-lə 18 ay müddətinə 1.400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1053.44 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan “İddiaçı ASC-yə 20.22 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 265.78 ABŞ dolları faiz 947.68 ABŞ dolları cərimə, ümumilikdə 1233.68 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-in nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin krediti restrukturizasiyaya düşmüşdür. Lakin, cavabdeh əsas kredit borcunun restrukturizasiya olunub-olunmayacağının dəqiqləşdirilməsi banka ərizə ilə müraciət etməyib və onunla Bank arasında yeni güzəştli müqavilə balanmamışdır. Restrukturizasiya barədə müqavilənin bağlanması ilə bağlı müraciət müddətini ötürdüyünü nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, qeyd edilən məbləğdə kredit götürmüş və kredit üzrə ödəməli ilk dövrlərdə vaxtında icra etmişdir. Onunla bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi barədə ona sms gəlmişdir. Lakin, bu sms əsasında Banka müraciət etməli olduğunu bilməmişdir. Problemli kreditlərin kompensasiyasına dair portaldan çıxarışa əsasən onun cəmi 39.38 manat borcu olduğu müəyyən edilir. Həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, zaminliyə xitam verilməsi, cərimə borcunun azaldılması hissələrində qanunsuz və əsassız olduğuna görə qətnamə aşağıdakı əsaslarla ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, zaminlik müqaviləsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışları fərqləndirilir. MM-nin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki. müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam üçün əsas sayılmır. Mülki Məcəlləsinin 472.1-ci maddəsinə və eyni zamanda tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Digər tərəfdən qeyd etmək istəyirik ki, məhkəmə qətnaməsində cərimə hissəsində azaldarkən Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsalanmışdır. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 7.68 ABŞ dolları müəyyən edilməsi 947.68 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq etdiyini, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri, həmin müqavilələrə əlavə sazişlərlə təsdiq olunur ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən illik 30 faizlə, 18 ay müddətinə 1,400 ABŞ dolları kredit verilmiş, Cavabdeh2 isə zamin olaraq həmin müqavilə üzrə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra isə kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, xx xxxxxx 2020-ci il tarixə 20.22 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün 265.78 ABŞ dolları faiz borcu və 947.68 ABŞ dolları cərimə yaranmışdır. Problemli kreditlərin kompensasiyasından çıxarışın, habelə cbar.az saytında olan məlumata görə, qeyd edilən kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissədə qalıq borcun məbləği 39.38 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və zаminlik müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 аrаsındа bаğlаnmış xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Mahir Səfər İddiaçı ASC-dən illik 30%-lə 18 ay müddətinə 1,400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə Əlavə sazişə əsasən kreditin qalıq məbləği 1053.44 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir. Müqаvilə üzrə öhdəliklərini icrа etməyən Cavabdeh1 kredit müqaviləsi üzrə 20.22 ABŞ dolları əsas borcu və müqavilə müddəti üçün hesablanmış 265.78 ABŞ dolları faiz borcu yaranmışdır, xəbərdаrlıq edilməsinə bаxmаyаrаq bоrc ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “birinci instansiya məhkəməsi zaminliyə xitam verilməkdə düzgün nəticəyə gəlməmişdir” dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin 5.1.4 bəndinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi qeyd edilsə də, əsas öhdəliyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etməklə həmin müddəti ötürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 477.0-cı maddədə nəzərdə tutulur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan əlavə kollegiya iddiaçının apellyasiya şikayətində “birinci instansiya məhkəməsi cərimə borcunu azaltmaqda düzgün nəticəyə gəlməmişdir” dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 947.68 ABŞ dolları məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 7.68 ABŞ dolları məbləğində saxlanılması daha məqsədə uyğun olmuşdur, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilmir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X2 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-722/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-2312/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2312/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver