Məhkəmə qərarları › İş №2(107)-2343/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2343/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2343/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ”kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadından iddiaçı- ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 4105.48 (dörd min bir yüz beş manat 48 qəpik) manat əsas borc, 3221.21 (üç min iki yüz iyirmi bir manat 21 qəpik) manat faiz borcu və 3221.21 (üç min iki yüz iyirmi bir manat 21 qəpik) manat cərimə borcu olmaqla, cəmi 10547.90 (on min beş yüz qırx yeddi manat 90 qəpik) manat borcun; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2015-ci il tarixli 111.LN.2102.170815.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 948.85 (doqquz yüz qırx səkkiz dollar 85 sent) ABŞ dolları əsas borc, 463.82 (dörd yüz altmış üç dollar 82 sent) ABŞ dolları faiz borcu və 463.82 (dörd yüz altmış üç dollar 82 sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1876.49 (bir min səkkiz yüz yetmiş altı dollar 49 sent) ABŞ dolları borcun; Mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-dən 15000 manat məbləğində kredit almışdır. Həmin kredit müqaviləsi üzrə bu günə kimi 22000 manat ödəniş etmişdir. Axırıncı ödənişi 2020-ci ilin fevralının 27-si ya 28-i İddiaçı ASC-nin Ağdaş filialında həyata keçirmişdir. Onun aldığı kredit problemli kreditlərə aid olmasına baxmayaraq Bank tərəfindən faiz və cərimə borcu silinməmişdir. 2017-ci ildə bununla bağlı Əmanətlərin sığortalanması fonduna müraciət etmişdir. Kredit müqaviləsi bağlanan zaman Cavabdeh4 ona zamin durmuş və bankla Cavabdeh4 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ № 978923 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə, 03 № ilə qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, həmin qərardadın ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsi və işin məhkəmə baxışına təyin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi prosessual normanın tələbinə görə yalnız hüquq varisliyinə yol verilmədiyi halda işin icraatına xitam verilə bilər. Bundan başqa, məhkəmənin sözügedən qərardadında digər ziddiyyətli məqam ondan ibarətdir ki, məhkəmə vəfat etmiş şəxsin vərəsəliyinin müəyyən olunmasını işin baxılmasına davam etdirilməsinin şərti kimi müəyyən etmişdir. Bu isə, işin icraatına xitam verilməsi üçün əsas kimi istinad olunan prosessual norma (MPM 261.0.7 maddəsi) ilə ziddiyyət təşkil edir. Bundan başqa, Ləğv prosesində olan İddiaçı ASC-yə Cavabdeh4 vəfat etməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Həmçinin onu da nəzərə çatdırmaq istəyirlər ki, Cavabdeh4 borcalan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 111.LN.2102.050614.00002 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq zamin qismində öhdəliklər götürmüşdür. Hesab edirlər ki, məhkəmə borc öhdəliyinin icrasına zaminliyi ilə təminat vermiş şəxsin vəfat etməsinə görə yalnız həmin şəxsin cavabdehliyi ilə bağlı hissədə icraata xitam verə bilərdi. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-1012/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 və Cavabdeh2 izahatlarında şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(025)- 1012/2020 nömrəli qərardadı ləğv edilməli və iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki işin materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsini onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə borclu Cavabdeh4 xx.xx.2018-ci il tarixdə ölməsinə baxmayaraq, hazırkı iş üzrə cavabdeh, müqavilə üzrə zamin Cavabdeh4 iş üzrə “borclu” qismində göstərmiş və kredit sazişi üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı bank Cavabdeh4 qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbi cavabdeh (borclu) Cavabdeh4 qarşı yönəldilərkən qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, bank hazırkı tələb üzrə borclu Cavabdeh4 vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası MPMnin 261.0.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi dörd nəfər cavabdehə qarşı irəli sürülmüş, cavabdehlərdən biri ölmüş, digər cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2 və Cavabdeh3 sağdırlar. Onlar kredit müqaviləsi üzrə müştərək (birgə) cavabdehlər olmuşdur. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar... Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır... Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə uyğun olaraq, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Birinci instansiya məhkəməsi iş üzrə icraata bütövlükdə xitam verməklə iddia tələbinə digər cavabdehlər (borclu) Cavabdeh1, (zaminlər) Cavabdeh2 və Cavabdeh3 ilə bağlı qiymət verməmişdir. Belə olan halda, digər cavabdehlərə münasibətdə icraatın davam etdirilməsi mümkündür. Birinci instansiya məhkəməsi mülki işi iki müstəqil icraata ayırıb ölmüş Cavabdeh4 münasibətdə iş üzrə icraatı dayandıraraq, digər cavabdehlərə aid hissədə mülki işə ayrıca icraat qaydasında baxılmasını davam etdirə bilərdi. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin yaratdığı həmin imkandan yararlanmaq yerinə bütövlükdə iş üzrə icraata xitam vermişdir ki, kollegiyaya görə bununla da iddiaçının hüquqları pozulmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bütün cavabdehlərə münasibətdə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin işin icraatına xitam verilməsi barədə qərardadından iddiaçı, ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadı ləğv edilməli və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına məhkəmə kollegiyasının hüquqi mövqeyinə uyğun baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə xx xxxxxxx 2020-ci il tаrixli 2(025)-1012/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar